Bəşəriyyət ikinci Çernobıl faciəsi ilə üzləşə bilər

Metsamor AES-in fəaliyyətinin davam etdirilməsi bu faciəni hər ötən gün bir qədər də yaxınlaşdırır

Zaman-zaman istər Azərbaycan, istərsə də Türkiyənin Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası barədə beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələyə qeyri-ciddi yanaşma, dünya birliyinin təkcə Cənubi Qafqaz deyil, ümumilikdə bəşəriyyəti təhdid edən bu təhlükəni önləmək məqsədilə adekvat tədbirlər görməməsi mümkün faciəni hər ötən gün bir qədər də yaxınlaşdırır. Son bir ay ərzində təmas xəttində baş verən hərbi əməliyyatlar isə Metsamoru partlamaqda olan barıt çəlləyinə bənzədir. Çünki hərbi əməliyyatların geniş miqyasda davam etməsi, Ermənistan tərəfinin ağır artileriya qurğularından istifadəsi istər-istəməz yerın alt qatında tektonik proseslərin sürətlənməsinə gətirib çıxara bilər. Ermənistanın, xüsusilə Metsamor Atom Elektrik Stansiyasının yerləşdiyi ərazinin aktiv seysmik zonada yerləşdiyini nəzərə alsaq təhlükənin nə qədər yaxında olduğunu aydın görə bilərik. Ancaq təssüflər olsun ki, nə işğalçı ölkə, nə də dünyada nüvə təhlükəsizliyinə məsul olan güclər bu təhlükənin ciddiliyini nəzərə almaq istəmirlər. Əks təqdirdə istismar müddəti başa çatan stansiyanın fəaliyyətinin dayandırılması barədə rəsmi Bakı və Ankaranın çağırışları nəzərə alınardı. Tarixə qısa nəzər salsaq görərik ki, Metsamor Atom Elektrik Stansiyasının tikintisi barədə qərar sovetlər ittifaqının zamanında qəbul edilib. Yerevandan 40 kilometr aralıda yerləşən stansiyanın tikintisinə 1973-cü ildə başlanılıb. 1988-ci ildə Metsamordan 75 kilometr aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub. Lakin həmin illərdə Ermənistanın baş qaldıran təcavüzkarlıq siyasəti, Azərbaycan ərazilərinə müdaxiləsi haqlı olaraq İrəvanın rəsmi Bakı tərəfindən blokadası ilə nəticələndi. Tədricən Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə stansiyanın yenidən fəaliyyətə başlaması qərar qəbul etdi və 1995-ci ildən etibarən stansiyanın ikinci enerji bloku işə düşdü. Hazırda stansiyanın ikinci enerji blokunun fəaliyyətdə olması yuxarıda qeyd etdiyimiz kimi region üçün ciddi təhlükələr vəd edir. Stansiyanın köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilməsi hər an orada qəzanın baş verməsini mümkün edir. Məlumat üçün qeyd edək ki, stansiya 1995-ci ildə yenidən işə salındıqdan sonra Metsamorun təhlükəsizlik səviyyəsini qaldırmaq üçün müxtəlif ölkə təşkilatları tərəfindən 130 milyon dollar maliyyə yardımı göstərilsə də, həmin vəsaitin heç də hamısı qeyd edilən istiqamətə sərf olunmayıb. İrəvan yalnız xırda detalları dəyişməklə 130 milyon dolları digər məqsədlərə xərcləyib. Maraqlıdır ki, həmin vəsaitin stnasiyada hansı avadanlıqların yenilənməsinə sərf edilməsinin qiymətləndirilməsi, monitorinqi aparılmayıb. Metsamorda yerləşən köhnə sovet tipli atom stansiyanın 2016-cı ilə qədər yenilənməsi, Qərb təhlükəsizlik standartlarına cavab verən 1200 meqavat gücündə stansiya ilə əvəz ediləcəyi planlaşdırılsa da,  lakin İrəvanın ciddi məliyyə problemləri ilə üzləşməsi prosesin reallaşmasını  qeyri-mümkün edib. Bu azmış kimi Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaq ardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağından xəbər verir.

Metsamorun digər bir təhlükəsi qeyd etdiyimiz kimi ərazinin aktiv seysmik zonada yerləşməsi ilə bağlıdır. Qeyd edək ki, həmin ərazidə 5 tektonik zəlzələ sınıqları vardır. Biri reaktordan 34 kilometr, o biri 16 kilometr aralı keçir. Üçüncüsü də cəmi 500 metr yaxınlığındadır. Bu səbəbdən zamanında həmin ərazidə AES-in tikintisinə icazə belə verilməyib. Orada yalnız günəş enerjisi almaq üçün stansiyanın tikilməsi məqsəduyğun hesab edilib. Lakin sonradan ərazidə AES-in tikintisinə başlanıb. Ərazinin 11 ballıq zəlzələ riski olan zonada yerləşdiyini nəzərə alsaq xərda yeraltı təkan bəşəriyyəti ikinci Çernobol faciəsi ilə üzləşdirə bilər.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31