Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri

Məhz buna görə ümummilli lider hər zaman xalqın qəlbində əbədi yaşayacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü tamam oldu. Məlumat üçün qeyd edək ki, 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olan Heydər Əliyev, 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alır. Lakin həmin il başlanan ikinci dünya müharibəsi ona təhsilini başa vurmağa imkanı vermir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləyir, 1944-cü ildə isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilir. Həmin dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyir, general-mayor rütbəsinə qədər yüksəlir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verir.


***

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər 1969-82-ci illər, istərsə də ölkə real təhlükələrlə üzləşdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yalnız və yalnız dövləti inkişaf etdirmək, onu dünyada söz, nüfuz sahibinə çevirmək istiqamətində fəaliyyət göstərib. Azərbaycanın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş baş verdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Bütün bu illər ərzində Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya çatdırdı. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacardı. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı. Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli
mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və nəticədə 1994-cü ilin may ayında işğalçı Ermənistanla atəşkəs haqqında sənəd imzalandı. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, ümummilli lider 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanmasına nail oldu. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bütün bunlar isə ümumilikdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Məhz bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqına ağır itki üz verdi. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etdi. Dekabrın 14-də mərhumun cənazəsi vətənə gətirilərək və Fəxri Xiyabanda torpağa tapşırıldı.


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31