Qənirə Paşayeva iordaniyalı deputatlarla görüşüb
10 May 2016 12:43 SiyasətMilli Məclisin deputatı Qənirə Paşayeva İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə görüşdə Qarabağ problemindən danışıb və Xocalı Soyqırımı ilə bağlı birmənalı mövqeləri üçün təşəkkürünü bildirib. "Olaylar" xəbər verir ki, görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən deputat İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi,bəyanatı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və təşəkkürünü bildirib və Azərbaycan xalqı dost və qardaş İordaniya dövlətinin, senatının bu addımını Azərbaycana ən böyük dəstəyi kimi dəyərləndirir deyib. O, Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvlərinə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də onlara geniş məlumat verib. Q.Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş İordaniyanın dəstəyinə ehtiyac var. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvləri bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını deyiblər.