"Azərbaycan torpaqlarının ən qısa zamanda geri qaytarılmasını istəyirik"

80 ölkənin diplomatı səfər çərçivəsində əhalinin dağılmış evlərinə baxış keçirib.

"Bu yam-yaşıl, bərəkətli torpaqlarda yaşayan insanların da dünyanın digər bölgələrində yaşayan insanlar kimi öz torpaqlarında hüzur içində yaşamaq haqqı var". ANS PRESS-in məlumatına görə, bu sözləri TürkiyəninAzərbaycandakı səfiri Alper Coşkun bu gün 80 ölkənin Azərbaycandakı nümayəndə heyətinin, səfirinin cəbhə bölgəsinə etdiyi səfəri zamanı bildirib.

Türkiyəli səfir ermənilərin son zamanlar atəşkəsi pozaraq Azərbaycanın cəbhəyanı kəndlərində yaşayan mülki əhalini atəşə tutması nəticəsində dağılan evlərlə tanış olub və sakinlərlə söhbət edib.

Gördüyü mənzərə qarşısında təəssüf hissi keçirən Alper Coşkun yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyini qeyd edib. Alper Coşkun diplomatların hər şeyi öz gözləri ilə görmələrinin mühüm olduğunu bildirib.

"Bu insanların yaşam haqlarına nə kimi bir təcavüz edildiyini öz gözlərimizlə gördük. Bu işğal vəziyyətinin tezliklə sona çatdırılmasını, Azərbaycan torpaqlarının bu ölkənin ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda geri qaytarılmasını istəyirik", - deyə Alper Coşkun cəbhə bölgəsinə səfəri zamanı bildirib. 

 

Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri cəbhənin Tərtər istiqamətinə səfər edib. Nümayəndə heyətində Türkiyə, Rumıniya, Rusiya, Pakistan, İtaliya, Norveç, Əfqanıstan, Fələstin, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfirinin müavini olub.

Alper Coşkunun cəbhə bölgəsində evi dağılan ailə ilə görüşü
Alper Coşkunun cəbhə bölgəsində evi dağılan ailə ilə görüşü

Diplomatlara cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib.

80 ölkənin diplomatı səfər çərçivəsində əhalinin dağılmış evlərinə baxış keçirib. Səfərin məqsədi aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iriçaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır. 

Cəbhə bölgəsində ermənilərin atdığı mərmi nəticəsində dağılan ev
Cəbhə bölgəsində ermənilərin atdığı mərmi nəticəsində dağılan ev

80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

Cəbhə bölgəsində ermənilər tərəfindən intensiv atəşə məruz qalan ev
Cəbhə bölgəsində ermənilər tərəfindən intensiv atəşə məruz qalan ev
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31