Azərbaycan ordusunun canlı qüvvəsi yetərincədir

Aydin Mirzəzadə: “Döyüş hazırlığı, canlı qüvvədən istifadə də həmişə gündəmdədir”

Ölkədə hərbi səfərbərlik elan olunacaqmı, yaxud, hazırki şəraitdə buna ehtiyac varmı? Son günlərin həm ənənəvi media, həm sosial şəbəkələr, həm cəmiyyət müstəvisində aparılan müzakirələrinin başlıca mövzusunu bu təşkil edir. Cəmiyyətdə, eləcə də, yeni və ənənəvi mediada müharibənin, hərbi əməliyyatların yenidən başlayacağı və bununla bağlı ölkədə indidən hərbi səfərbərlik hazırlıqlarına start verildiyinın qızğın müzakirələri gedir. Hətta,bu müzakirələr o yerə qədər irəliləyib ki, artıq növbəti hərbi əməliyyatların "Tour d Azerbaidjan-2016" velosiped və "Formula 1" yarışlarından həmən sonra başlayacağı barədə az qala "təsdiqlənmiş" məlumatlar, fikirlər səsləndirilir. Eyni zamanda, hər ilin aprel ayında ənənəvi şəkildə həyata keçirilən hərbi xidmətə çağırışla hərbi səfərbərliyi də səhv salanlar, bunları anlamadan, bilmədən bir-birinə qarışdıranlar və nəticədə də əsası olmayan şaiyələrin yayılmasına rəvac verənlər var. Bu məsələ hətta, bir neçə gün öncə rəsmi strukturlar səviyyəsində- istər Müdafiə Nazirliyi, istərsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təkzib olunsa belə, hərbi səfərbərlik məsələsi ilə bağlı dezinformasiyalar yenə də cəmiyyəti başına götürüb, bu yöndə müzakirələr səngimək bilmir. Odur ki, növbəti hərbi səfərbərlik və hərbi əməliyyatlar məsələsi ilə bağlı cəmiyyətdə, mediada bir-birini əvəzləyən və daha çox da dezinformasiya xarakterli xəbərlərə aydınlıq gətirmək üçün Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadəyə müraciət etdik. Komitə sədrinin müavini bildirib ki, Ermənistan işğal etdiyi torpaqlarımızdan öz silahlı birləşmələrini çıxarmayana qədər hərbi əməliyyatların yenidən başlaması, davam etdirilməsi ehtimalı hər zaman aktualdır. Onun sözlərinə görə, Azərbaycan problemin həlli üçün bütün variantlardan, o cümlədən, hərb yolundan istifadəni dəfələrlə elan edib: "Ancaq əsas məsələ hərbi əməlyyatların başlaması deyil, problemin həll olunmasıdır. Azərbaycan dövləti də bu istiqamətdə diplomatik addımlarını davam etdirir". Bununla yanaşı, axırıncı uğurlu hərbi əməliyyatlarda, yəni, 2-5 aprel döyüşlərində Azərbaycan bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də üstünlyünü nümayiş etdirdiyini deyən A.Mirzəzadənin bildirdiyinə görə, işğalçı Ermənistan artıq açıq şəkildə Azərbaycanın hərbi hazırlıqda onu üstələdiyini, hərbi əməlyyatlar başlanacağı təqdirdə, yeni itkilər verəcəyini etiraf edir, bu, onların prezidentinin də, müdafiə nazirinin də dilindən rəsmi şəkildə eşidilir. Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan problemin hərbi yola həllinə hazırdır və bu istiqamətdə də bütün hazırlığını görür, bunun üçün Azərbaycanın həm müasir döyüş silahları, həm ciddi döyüş hazırlığı və kifayət qədər canlı qüvvəsi var. Bu baxımdan, A.Mirzəzadə belə hesab edir ki, indiki zamanda Azərbaycanda hərbi səfərbərlik elan edilməsinə ehtiyac yoxdur. O baxımdan ki, Azərbaycan ordusunun canlı qüvvəsi yetərincədir. Adi xırda bir hesablama da bunun real olduğunu göstərir. Yəni, bu gün Azərbaycan əhalisi 9,7 milyon, Ermənistan əhalisi isə 2,8 miyon civarındadır və nəzərə alınsa ki, Ermənistan əhalisinin böyük bir qismi də dolanışıq, güzəran ucbatından ölkə hüdudlarından kənardadır, o zaman Azərbaycanın canlı qüvvə çəhətcə Ermənistanı dəfələrlə üstələdiyini bir daha yəqin etmək olar. Komitə sədrinin müavini onu da diqqətə çatdırmağı lazım bilib ki, bu gün əslində müsair döyüş artıq böyük, iri hərbi əməliyyatları ikinci plana keçirib: "Hazırda təmassız döyüşə üstünlük verilir, raketlərdən, uzaqvuran toplardan, eyni zamanda, havadan hücum nəticəsində düşmənin artıq həm mövqelərini dağıtmaq, həm də onu geri çəkindirmək mümkündür. 2-5 aprel hərbi əməliyyatlarında da Azərbaycan əsasən buna üstünlük verdi və hesad edirəm ki, Azərbaycan özünün müsair silahlara malik olmasından yararlanaraq, gələcəkdə də bu metoddan istifadə edə bilər. Bununla belə, əlbəttə, döyüş hazırlığı, canlı qüvvədən istifadə də həmişə gündəmdədir. Bir sözlə, problem həll edilməyənə qədər, Azərbaycan həmişə müharibəyə hazırlıq vəziyyətindədir və dövlətin istənilən anda səfərbərlik etmək hüququ var. Ancaq o başqa məsələ ki, hansı situasiyada və hansı formada bundan istifadə edə bilər". A.Mirzəzadənin fikrincə, sosial şəbəkələrdə hərbi səfərbəliyin elan ediləcəyi ilə bağlı dolaşan xəbərlərin heç bir əsası yoxdur: "Çünki səfərbərliyin nə zaman elan ediləcəyi və bundan hansı formada yararlanılacağı, bu, artıq dövlətin istifadə edə biləcəyi metodlardan biridir". Millət vəkili eyni zamanda, birinci Qarabağ döyüşlərində olduğu kimi, hazırlıqsız əhalinin yenidən döyüşlərə göndəriləcəyini də istisna olan bir məsələ hesab edir: "Çünki ötən əsrin 90-ci illərinin əvvəllərində birinci Qarabağ müharibəsində itkilərimizin çoxsaylı olması döyüş hazırlığının olmaması, silah və hərbi sursat cəhətcə çətinlik cəkilməsi, həmçinin, situasiyaya uyğun taktikanın seçilməsində səhvlərin olması ilə bağlıydı. Ancaq normal qaydada istənilən iri hərbi əməlyyatlara hazırlıq hərbi kontingentin çox ciddi və uzun müddətli hazırlığından asılıdır. Əlbəttə, uzun sürən müharibələrdə bu variantdan istifadə edilir, ancaq dediyim kimi, hər şey situasiyadan və həmçinin, qarşıya qoyulan məsələlərdən asılıdır. Digər tərəfdən, bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda döyüş əhval-ruhiyyəsi və vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir azərbaycanlı gənci torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlərə hazır olduğunu ortaya qoyur. Qeyd edim ki, aprel hərbi əməlyyatları zamanı həm Ermənistan, həm Azərbaycan tərəfdən cəbhə xəttində polis kardonları qurulmuşdu Ermənistan tərəfinin polis kardonları erməni əsgərlərinin qaçışının, Azərbaycan tərəfin isə polis kardonları mülki əhalinin qeyri-qanuni şəkildə döyüş bölgələrinə daxil olmasının qarşısının alınmasından ötrü idi.Ümumən götürəndə isə Azərbaycan bu gün problemin həllinə, o cümlədən, hərb yolu ilə həllinə daha çox hazır olduğunu nümayiş etdirdi".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31