Tanaka: “Ümid edirəm ki, Yaponiya baş naziri yaxın vaxtlarda Azərbaycana səfər edəcək”

"Azərbaycan Yaponiya üçün çox vacib bir ölkədir. Biz Azərbaycanı özümüzə çox yaxın ölkə hesab edirik". APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Yaponiyanın hakim Liberal Demokrat Partiyasının Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kazunori Tanaka deyib. O qeyd edib ki, Azərbaycanla Yaponiya arasında əməkdaşlıq üçün geniş imkanlar var: "Yaponiya indiyə qədər Azərbaycanla daha çox neft və energetika sahəsində əməkdaşlıq edib. Bundan sonra isə ümid edirəm ki, informasiya texnologiyaları, elm, sənaye və digər sahələrdə münasibətlərimiz daha da dərinləşəcək". K.Tanaka bildirib ki, Azərbaycan özəl şirkətlər üçün cəlbedici bir ölkədir. O, iki ölkə arasında bu sahədə də münasibətlərin inkişaf edəcəyinə ümidvar olduğunu deyib. K.Tanaka həmçinin iki ölkənin parlamentləri arasında əməkdaşlığın bundan sonra dərinləşəcəyinə ümid etdiyini bildirib: "Biz istərdik ki, həm azərbaycanlı deputatlar Yaponiyaya tez-tez səfər etsin, həm də yaponiyalı deputatların Azərbaycana səfərlərinin sayı artsın. Azərbaycanın inkişafı bizi çox sevindirir. Ümid edirəm ki, yaxın vaxtlarda Yaponiyanın baş naziri Şinzo Abe də Azərbaycana səfər edəcək". K. Tanaka Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini də diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31