Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri sakinlərdə böyük ruh yüksəkliyi yaradıb

Ramiz Alıyev: “Prezident-xalq birliyi tam əminlik yaradır ki, Azərbaycan tezliklə işğal altında olan ərazilərini erməni təcavüzkarlarından təmizləyəcək”

Aprelin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına cavab olaraq həyata keçirdiyi dörd günlük uğurlu hərbi əməliyyatlar cəmiyyətdə, xüsusilə onun gənc nəsli arasında mövcud olan ruh yüksəkliyini, döyüşl əzmini bir qədər artırdı. Uzun illərin məğlubiyyət sindromundan çıxan Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında müasir tarixə öz uğurunu yazdı. Bu günlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin xanımı ilə birlikdə cəbhə xəttinə səfər etməsi, aprel əməliyyatlarında qəhrəmanlıq göstərmiş əsgər və zabitlərlə görüşməsi, onları təltif etməsi bu sevinci, ruh yüksəkliyini daha da artırdı. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan və xanımı Mehriban Əliyeva mayın 1-də Bərdə, Ağdam və Tərtər rayonlarına səfəri çərçivəsində düşmənlə təmas xəttində yerləşən kəndlərin sakinləri ilə də görüşüb, erməni vandalizmi nəticəsində onlara dəymiş ziyanla tanış olublar. Dövlət başçısı və xanımının düşmənlə 200 metr məsafyə qədər getməsi yerli sakinlərdə böyük ruh yüksəkliyinə səbəb olub, onlarda qələbə əzmini artırıb. Politoloq Ramiz Alıyev də deyir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu günlərdə cəbhə bölgəsinə səfəri, erməni vandalizmi nəticəsində zərər görmüş yerli sakinlərlə, eləcə də düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizlə görüşü həm vətəndaşlarda, həm də Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi yaratdı. Politoloqun sözlərinə görə, bu da xalqımızda döyüş əzminin yüksəlməsi, qələbə inamının artmasına təkan verən amillərdəndir: "Məlumat üçün qeyd edim ki, aprelin ilk günlərində təmas xəttində baş verən erməni təxribatı və dördgünlük hərbi əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğur düşmən tərəfdə ciddi təşviş, xof yaradıb. Elə bu səbəbdəndir ki, işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilmiş ermənilər tədricən həmin əraziləri tərk edirlər. Bu tendensiyanın qarşısını almaq, ermənilər arasında ruh yüksəkliyi yaratmaq məqsədilə işğalçı ölkənin prezidenti bir müddət əvvəl Qarabağa gəlsə də, lakin Serj Sərkisyanın bu gəlişi belə ermənilər arasında hökm sürən qorxu hissinin aradan qaldırılmasına yol açmadı. Çünki Serj Sərkisyan yalnız Xankəndində, təhlükəsiz bir mühitdə görüş keçirib müəyyən pozlar verməklə işini bitmiş hesab etdi. Bu isə təbii ki, ermənilır arasında heç bir ruh yüksəkliyi, döyüş əhval-ruhiyyəsi yarada bilməz. Ona görə də ermənilər işğal altında olan Azərbaycan ərazilərini tədricən rərk edir. Eyni zamanda Ermənistan ordusunda fərarilik halları da artıb. Çünki erməni əsgəri öz Ali Baş Komandanını səngərdə yanında deyil, yalnız isti kabinetlərdə görür". Ramiz Alıyev deyir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə düşmən ölkənin dövlət başçısından fərqli olaraq bütün təhlükələri gözə alaraq, cəsarət, mərdlik nümayiş etdirib düşmənlə 200 metr mıəsafəyə qədər gedir, səngərdə Vətəni qoruyan əsgər və zabitlərlə görüşür: "Təbii ki, bu da Azərbaycan Ordusunda, Silahlı Qüvvələrin əsgər və zabit heyətində böyük ruh yüksəkliyi yaradır. Həmçinin düşmənlə təmas xəttində yaşayan yerli sakinlərdə böyük ruh yüksəkliyi yaradır ki, onlar dövlətin, dövlət başçısının, onun xanımının diqqətindədirlər, onlara hər zaman dövlət tərəfindən qayğı göstərilir". Ramiz Alıyev deyib ki, səbhə bölgəsində yaşayan sakinlərin böyük ruh yüksəkliyinə səbəb olan digər bir amil isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səbhə xəttinə səfər edib, oradakı vəziyyətlə yaxından tanış olduqdan sonra imzalamış olduğu sərəncam da öz növbəsində cəbhə xəttində yaşayan sakinlərdə böyük ruh yüksəkliyinə səbəb olan amillərdəndir: " Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev səbhəyanı rayonlara gedib oradakı vəziyətlə yaxından tanış olduqdan sonra erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrıldi. Mən qeyd edərdim ki, bu da öz-özlüyündə Prezidentin cəbhə bölgəsində yaşayan sakinlərə qayğısının əyani sübutudur. Azərbaycan vətəndaşı, düşmənlə təmas xəttində yaşayan sakinlər dövlətin, dövlət başçısının onlara diqqət və qayğı ilə yanaşdığını görür və bu səbəbdən onlarda böyük ruh yüksəkliyi yaranır". Ramiz Alıyev əmin olduğunu bildirib ki, Prezident-xalq birliyi, Ali Baş Komandan-Silahlı Qüvvələr vəhdəti tam əminlik yaradır ki, Azərbaycan tezliklə işğal altında olan ərazilərini erməni təcavüzkarlarından təmizləyəcək.


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31