Politoloq: “ABŞ-ın mövqeyində Azərbaycana yaxınlaşma var”
4 May 2016 14:18 Siyasət"ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var". Məlumata görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. Mərkəz sədrinin sözlərinə görə, ABŞ dinamik mövqe nümayiş etdirir: "ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var: "Birincisi, ABŞ heç bir şərt daxilində münaqişənin ən gərgin dövründə Ermənistanı qane edən çağırış etmədi, bəyanat vermədi. ABŞ adından ermənilərin lehinə səslənmiş bəyanatların müəllifi ənənəvi konqresmenlər və ABŞ-dakı erməni təşkilatlarıdır. Kim Kardaşyanın Dağlıq Qarabağla bağlı etdiyi müraciətin mətni də onun mənşəyi ilə əlaqəlidir.
İkincisi, ABŞ-ın vitse-prezidenti C.Bayden Azərbaycan və Ermənistan prezidentinə çağırış etdi: Dağlıq Qarabağda tam miqyaslıtənzimləmə, sabitlik, təhlükəsizlik və hər iki ölkənin çiçəklənməsi üçün hədsiz vacibdir. ABŞ-ın Ermənistandakı səfirliyi bir daha yada saldı ki, ABŞ-ın rəsmi şəxslərinə Dağlıq Qarabağa getmək qadağandır. ABŞ Dövlət Departamenti bir neçə dəfə sülhə çağırışlar etdi.
Üçüncüsü, ABŞ-da yaşayan, Vençur investisiyalarla məşğul olan Flagship Ventureserməni milyoner Nubar Afeyan Yerevanda olarkən Azərbaycanla münasibətlərin normallaşdırılmasının zəruriliyini bildirdi. Müqayisə üçün deyək ki, onun rusiyalı dostu, milyarder R.Vardanyan isə Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində fəaliyyət göstərir. E.Cerecyanı da ABŞ-ın aktivləşdirdiyini ehtimal etmək olar.
Dördüncüsü, dörd günlük müharibə başlayarkən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da idi. Bunu nəzərə alaraq ermənilər müharibənin başlanmasını İlham Əliyevin ABŞ-dan narazı qalması ilə əlaqələndirirlər.
Beşincisi, Dağlıq Qarabağ müharibəsi ABŞ-ın əlində Rusiyanın resurslarını tükədən alətdir".