Aprelin əvvəlindən bəri Ermənistanın Dağlıq Qarabağ münaqişə zonasında vəziyyəti gərginləşdirməyə çalışmasından bizimlə yanaşı, bütün dünya agahdır. İstər aprelin əvvəlində Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinin hücumunu dəf edərək əks-həmlə ilə uğurlu hərbi əməliyyat keçirib işğal altındakı bəzi əraziləri və strateji yüksəklikləri geri qaytarması, istərsə də bunun əvəzini çıxmağa çalışan ermənilərin aprelin sonlarında Azərbaycanın cəbhəyanı kəndlərini, yaşayış evlərini və mülki şəxsləri atəşə tutması, ölkəmizin haqlı mövqeyi və prezident İlham Əliyevin siyasətinin dəstəkləndiyi barədə xəbərlər yazılı, foto və video materiallar şəklində geniş işıqlandırılıb.

Məsələn, dünyanın "Əl-Cəzirə", "Reuters", "Associated Press", "France Press", "Anadolu Agentliyi", "TRT World", "BBC", "Interfax" və s. nüfuzlu media orqanlarının nümayəndələri, yerli jurnalistləri ilə birgə cəbhəyanı bölgədə olaraq həqiqətləri dünyaya çatdırıblar. Onların materiallarına istinad edərək tirajlanan xəbərlər isə sayagəlməzdir.

Bu sırada qardaş Türkiyə mediasını xüsusi fərqləndirmək lazımdır. Belə ki, Türkiyənin dövlət və özəl televiziya kanalları və informasiya agentliklərinin əməkdaşları cəbhə bölgəsindən onlarla material hazırlayıblar. Həmin materiallarda Azərbaycan Ordusunun zəfərindən, eyni zamanda Ermənistanın təxribatçı mövqeyindən, sülh danışıqlarından necə yayınmasından danışılır. Həmin mənbələrə istinadən digər resurslarda yayılan xəbərlərin sayı isə yüzlərlədir.

Rusiya mediasında "Interfax" Agentliyinin məlumatları da təqdirəlayiqdir. Bu agentlik aprelin əvvəlindən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşdiyi gündən cəhbədə baş verənlərlə, eləcə də Azərbaycanın haqlı mövqeyi, erməni dezinfrormasiyalarının ifşa edilməsi ilə bağlı yüzlərlə xəbər hazırlayıb. Həmin xəbərlər "Nyu-York Times", "Washington Post" kimi onlarla nüfuzlu nəşrlərlə yanaşı, Rusiyanın "ТВЦ", "Лента", "Росбалт", "Газета", "РБК", "Ведомости", "Говорит Москва", "Вести", "Ньюсру", "Ъ" kimi KİV-lərində də yer alıb.

Nüfuzlu "Associated Press" beynəlxalq informasiya agentliyinin isə cəbhədəki vəziyyətlə bağlı yaydığı xəbərlərdə "Dağlıq Qarabağ separatçı regionu", "Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib", "Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir" kimi ifadələr işlətməsi, təxribatların məhz ermənilər tərəfindən törədilməsinə işarə edilməsi də diqqəti cəlb edir. Bu xəbərlər "Associated Press"ə istinadla "ABC News", "Washington Times", "Washington Post", "NBC", "Fox 13", "New York Times", "Deutsche Welle" kimi məşhur media resurslarında və bir çox ölkələrin xəbər saytlarında işıqlandırılıb.

Eyni zamanda, "BBC" və "Əl-Cəzirə" kimi dünya media nəhənglərinin bu məsələyə xüsusi diqqət ayırması və bölgədə baş verən son eskalasiyanın, eləcə də tarixə qısa ekskurs edərək münaqişənin yaranma səbəblərini açıqlaması, bölgədəki əhalinin yaşayışını və ermənilər tərəfindən necə atəşə tutulmasını göstərməsi, BMT-nin münaqişənin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsi, Azərbaycanın problemin sülh yolu həlli üçün danışıqlar prosesinə sadiq olduğunu və beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycanın tərəfində olduğunu vurğulamaları böyük maraq doğurdu. Bir sıra kütləvi informasiya vasitəsinin "Reuters" agentliyinə istinad edərək yaydığı və cəbhə bölgəsində Ermənistan silahlı birləşmələrinin vandalizmi, əhalini atəşə tutmasına dair videogörüntülər də təsirsiz ötüşmədi. Bu günlərdə ABŞ-da çıxan "The Daily Caller", "The Hill" qəzetlərinin Ermənistanın uğursuz "müstəqilliyi"ndən və onun Azərbaycana qarşı təcavüzündən, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının, qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasının vaxtı çatdığından bəhs edilən məqalələrin yer alması da diqqətəlayiq məqamlardandır.

Bundan əlavə, Azərbaycana dost ölkələrin media resurslarında da qoşunların təmas xəttində baş verənlər, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı cinayətləri barədə yazılar yer alıb. Göründüyü kimi, Azərbaycana qarşı yürüdülən ikili standartlara və informasiya blokadasına baxmayaraq, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin, eləcə də müxtəlif dövlətlərin media qurumlarının sayəsində çoxları bölgədə vəziyyətin nə yerdə olmasından xəbər tuta bilib. Lakin münaqişənin həlli ilə məşğul olmalı olan, BMT və ATƏT-in Minsk qrupu kimi beynəlxalq təşkilatların rəhbərləri özlərini eşitməzliyə, görməzliyə və bilməzliyə vurub, nəticədə "kar-korluğu" ucbatından həm də "lal" olub...






