Qarabağda son hərbi qarşıdurmanın hərbi, siyasi, diplomatik nəticələri
6 Aprel 2016 14:51 SiyasətTanınmış telejurnalist İbrahim Məmmədov Qarabağda son qarşıdurmanın hərbi, siyasi, diplomatik nəticələrinə dair şərh yazıb. Milli.Az şərhi təqdim edir.
Hərbi nəticələr: Hərbi müstəvi Ermənistanın indiyə qədər güclü olduğu təsəvvürünü yaratdığı yeganə müstəvidir ki, indi bu təsəvvürlər tam dəyişdi.
- Azərbaycan rəsmi olaraq 2 strateji yaşayış məntəqəsini və strateji yüksəkliklərə nəzarəti bərpa etdi. Bu hərb meydanında yeni situasiya yaradır. Azərbaycan Tərtər və s. istiqamətlərdə müdafiəni gücləndirməklə yanaşı, gələcəkdə mümkün hücumlar üçün əlverişli hərbi mövqelərdə möhkəmləndi.
- Ermənistanla Azərbaycan arasında hərbi sahədə vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi nəzəri müzakirə müstəvisindən praktik müstəviyə keçdi. Artıq Ermənistanda həm hakimiyyət, həm də əhali hərbi üstünlüyün Azərbaycanın tərəfində olduğunu dərk etdilər. Bu da düşmən ordusunun mənəvi-psixoloji durumunu pisləşdirməyə paralel olaraq Azərbaycanda əksinə, ruh yüksəkliyinə səbəb oldu.
Beləliklə, Azərbaycan hərb meydanında dönüş yaratmağa nail oldu.
Azərbaycan son 15 ildə Ermənistandan iqtisadi üstünlüyünü tam şəkildə təmin etdikdən sonra iqtisadi gücünü siyasi və hərbi gücə transformasiya edə bildi.
Siyasi nəticələr: 4 günlük döyüşlər Azərbaycanla Ermənistanın beynəlxalq arenada siyasi güclərinin real həyatda müqayisəsi üçün imkan yaratdı.
- Azərbaycana açıq, rəsmi və birbaşa dəstək verənlər: Türkiyə, Pakistan, AŞPA sədri
- Mənəvi-siyasi dəstək verənlər: Belarus, Gürcüstan, Ukrayna, İran
- Neytral mövqe göstərənlər: ABŞ, Fransa, Rusiya, ATƏT
Göründüyü kimi, Ermənistan beynəlxalq müstəvidə təklənmiş oldu, eyni zamanda Azərbaycanın açıq şəkildə dəstəkləndi. AŞPA-nın baş katibi Pedro Aqramuntun birmənalı olaraq Ermənistandan işğal etdiyi torpaqlardan çıxmağı tələb etməsi açıq havada ildırım kimi guruldadı. Ancaq Ermənistanın çıxılmaz duruma salan ən mühüm məqam Rusiyanın neytral mövqedə qalmağa üstünlük verməsi oldu. Prinsipcə Azərbaycana da elə Rusiyanın hərbi proseslərə müdaxilə etməməsi, neytral qalması kifayətdir.
KTMT daxilində tənhalıq: Ermənistanı çıxılmaz duruma salan ikinci mühüm məqam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) neytral mövqedə qalması oldu. Belarusun prezidenti A.Lukaşenkonun prezident İlham Əliyevə zəng edib dəstək verməsi KTMT-nin Ermənistanı müdafiə etməməsinə ilk işarə oldu. Qazaxıstan, Tacikistan və Qırğızıstan da Ermənistanın müdafiəsi üçün səs verməyəcəkləri əvvəlcədən aydın idi. Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük İttifaqının formalaşdırılması zamanı Dağlıq Qarabağı İttifaqa üzv etməyə çalışan Sarqsyana açıq etiraz etmişdi. Azərbaycanın Belarus, Tacikistan və Qırğızıstanla da yaxşı əlaqələr qurması Ermənistanın hətta üzvü olduğu hərbi ittifaq daxilində də təklənməsinə səbəb oldu. Görünən odur ki, Ermənistan Azərbaycan tərəfindən hərbi və siyasi tənhalıq dalanına salındı. Belə ki, Ermənistanın üzvü olduğu hərbi ittifaq - KTMT, hadisələrə mətbuat katibi Zeynətdinov səviyyəsində "prosesi izləyirik" kimi reaksiya verirdi.
Beləliklə, Azərbaycan Ermənistanı 4 səviyyədə: 1) Avropa səviyyəsində; 2) MDB səviyyəsində; 3) KTMT daxilində; 4) Cənub Qafqaz səviyyəsində təcrid edə bildi.
Azərbaycan Ermənistanın təxribat hücumunu onun özünə qarşı çevirə bildi. Ermənistan prezident İlham Əliyevin Vaşinqton səfəri ərəfəsində, 3-4 gün ərzində Qazax istiqamətində 3 Azərbaycan hərbçisinin həlak olması ilə nəticələnmiş ciddi təxribatlar törətmişdi. Və bununla da bütün dünyaya nümayiş etdirmişdi ki, Vaşinqton sammitində Azərbaycanla ABŞ-ın münasibətlərinin dərinləşəcəyinin qarşısını almağa yönəlmiş planlar içərisindədir. Bu təbii ki, bir tərəfdən Azərbaycanın sərbəst xarici siyasət yürütməsinə mane olmaq istəyi ilə bağlıdırsa, o biri tərəfdən Yerevanın ABŞ-ın Cənubi Qafqaz, bütövlükdə Xəzər hövzəsi siyasətini pozmaq planlarından xəbər verir. Bununla da Ermənistan Avropa və ABŞ-a göstərdi ki, bu ölkənin əsas məqsədi təkcə Azərbaycan deyil, eyni zamanda ABŞ və Avropanın regiondakı maraqları da Yerevanın hədəfləri sırasında ilkin yerdədir.
Azərbaycan Ermənistanın Vaşinqton sammiti ərəfəsində və ondan sonrakı günlərdə yol verdiyi təxribatlara əks cavab verməklə vəziyyətdə öz xeyrinə dönüş edə bildi. Minimum proqram yerinə yetirildi. Bu, böyük hərbi, siyasi, psixoloji qələbədir. İndi qalır hərbi qələbənin diplomatik davamı.
Artıq son günlərin hərbi əks-hücumları ilə Azərbaycan danışıqlarda üstün mövqeni özü üçün təmin edib. Yəqin, yerdə qalan ərazilərin danışıqlarla azad olunmasına cəhd ediləcək. İndi danışıqlarda Azərbaycan həm siyasi-diplomatik, həm də hərbi baxımdan güclü mövqedən çıxış edəcək. Axı sülhü həm də mümkün qədər az qanla əldə etmək də vacib şərtlərdəndir.
Minsk Qrupu təcili olaraq toplandı və münaqişənin həlli üçün "təcili danışıqlar" aparmağın və "hərtərəfli həllin" "zəruriliyi" haqda bəyanat verdi. Yaxın günlərdə Ermənistanın və Minsk Qrupunun 4 günlük döyüşlərdən hansı nəticələri çıxardıqları bəlli olacaq.