Azərbaycan Prezidentinin İran səfəri ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək

Azər Verdiyev: “Azərbaycanla İran arasında münasibətlər hər zaman dostluq səviyyəsində olub.”

"Bu münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi sahədə yeni razılıqların əldə edilməsi hər iki tərəfə fayda verər"

İndi bütün diqqətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfərindən sonra Tehran-Bakı münasibətlərinin hası səviyyədə inkişaf edəcəyinə yönəlib. Hər halda səfər zamanı əldə edilən razılaşmalar, imzalanan sazişlər pnu deməyə əsas verir ki, dövlət başçısının İslam Respublikasına səfəri ilə Azərbaycan-İran münasibətlərində yeni bir mərhələ açılacaq. Xüsusilə, neft-qaz, iqtisadiyyat və ticari sahədə Tehran-Bakı əlaqələrinin inkişaf etdirilməsi hər iki ölkənin xeyrinə olacaq. Elə əksəriyyət ekspertlər də bu qənaətdədir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Analıtik Mərkəzinin sədri, icmalçı Azər Verdiyev də hesab edir ki, Azərbaycan Prezidentinin İran səfəri iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri daha da inkişaf etdirəcək və ölkələrarası münasibətlər bir qədər də möhkəmlənəcək. Azər Verdiyev "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycan-İran əlaqələrinin gələcək perspektivləri barədə də danışıb. Bildirib ki, İrana qarşı Qərbin sanksiyaların aradan qaldırılmasından sonra ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfərə dəvət edilməsi xüsusi əhəmiyyət kəsb edir.
-Azər müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə hansı töhfələri verəcək?
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı 11 sazişin imzalanması və bu istiqamətdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müsbət haldır. Xüsusilə investisiya qoyuluşu və enerji məsələlərində əməkdaşlığın inkişaf etdilməsi ilə bağlı imzalanmış sənədlər mühüm əhəmiyyətə malikdir. İranla qarşılıqlı anlaşma çərçivəsində Azərbaycan Xəzərin İran sektorunda, eləcə də quruda neft və qaz axtarışları ilə bağlı geoloji kəşfiyyat işləri apara bilər. Hətta lazım gələrsə, dənizdə neft quyularının qazılmasında da iştirak edə bilər. Çünki, İranda belə bir texnologiya yoxdur
-Bu səfər neft-qaz sektoru, energetika sahəsində əməkdaşlıq üçün hansı yeni imkanlar yaradacaq?
-İran Avropanın qaz bazarına çıxmaq üçün Ermənistan ərazisini istifadə etməyə çalışır. Amma, Azərbaycan ərazisində keçmişdə İrandan SSRİ-yə qaz ötürən xətt işlək vəziyyətdədir. Hesab edirəm ki, İran qazının Avropa bazarlarına və Gürcüstana ötürülməsi üçün bu xəttdən istifadə etmək mümkündür. Amma, bu məsələ ətrafında açıq fikir bildirilmədi. Ümumən səfər ikili ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Azərbaycan kimi İran da neft ölkəsidir. Xüsusilə də iqtisadi sanksiyalar bu ölkə üzərindən götürüldükdən sonra İran öz neft-qazı ilə meydana yenidən daxil olub. Bu gün İran faktoru qonşu dövlətlərə də öz təsirini göstərməkdədir. Bu mənada Azərbaycanın neft-qaz siyasəti İransız ötüşmür. Ona görə də Azərbaycan dövlət başçısının İrana səfərini, Prezidentin neft-qaz siyasətini, orada imzalanan müqavilələri əhəmiyyətli hadisə kimi qiymətləndirirəm. Azərbaycanla İran arasında münasibətlər hər zaman dostluq səviyyəsində olub. Bu münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi sahədə yeni razılıqların əldə edilməsi hər iki tərəfə fayda verər. İran Prezidentinin də ağıllı, düzgün siyasi kurs yeritməsi ölkələrimiz arasında dostluğun güclənməsinə gətirib çıxaracaq
-Səfər zamanı imzalanmış sazişlər əsasında İranla maliyyə, bank, sığorta, turizm, əczaçılıq və digər sektorlarda əməkdaşlıq üçün yeni imkanlar yarana bilərmi?
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı zamanı əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər ölkələr arasında əlaqələri daha da gücləndirəcək. Bu səfər ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığın inkişafına xidmət göstərəcək. Hesab edirəm ki, Azərbaycanla İran arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və mövcud potensialın tam realizə olunması üçün lazımi tədbirlər görüləcək. Ən əsası isə İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək. Hər iki ölkədə ciddi iqtisadi islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaradır. İranla Azərbaycan arasında maliyyə, bank, sığorta, turizm, əczaçılıq və digər sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı şərait var
-Bu əlaqlər iki ölkə arasında iqtisadi göstəricilər, ticarət dövriyyəsinin artmasına təkan verəcəkm?
-Dövlət başçısının İran səfəri hər iki ölkənin əlaqələrində yeni bir mərhələnin başlanğıcı rolunu oynayacaq. Azərbaycan tərəfinin buna hazır olduğu göz qabağındadır. İranın hazırkı praqmatik rəhbərliyi də Azərbaycanın regiondakı rolunu, yerini bilir və Azərbaycanın İrana necə yanaşdığını dəqiq qiymətləndirə biləcək. Biz istəyirik ki, İran heç vaxt sanksiyalarla üzləşməsin, böyük güclərin hədəfi rolunda çıxış etməsin. Prezident İlham Əliyev də çıxışında vurğuladı ki, Azərbaycan İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub. Həqiqətən, Azərbaycan bu mövqeyinə görə təzyiqlərlə üzləşib. Hesab edirəm ki, əgər İranda da Azərbaycana yanaşma bizim qonşu ölkəyə münasibətimiz kimi olsa, hər iki ölkənin əlaqələrində yeni bir mərhələnin başlandığını görəcəyik. Bu, hər iki ölkənin maraqlarına eyni dərəcədə cavab verir.

Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00