Vitse-spiker: "Rusiyanın addımı Ermənistan- Azərbaycan münasibətlərini daha da gərginləşdirir"
26 Fevral 2016 12:53 Siyasət"Təəssüf ki, Rusiyanın Ermənistana silah-sursat verməsi birinci hal deyil". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərlə söhbətində Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah-sursat verməsi faktına münasibət bildirərkən deyib. Z. Əsgərov bildirib ki, Rusiyanın bu addımı Ermənistanla Azərbaycan arasında gərgin olan vəziyyəti daha da gərginləşdirir: "Biz Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Rusiyanın bu barədə Azərbaycana obyektiv məlumat verməsini gözləyirik"-deyən Z. Əsgərovun sözlərinə görə, hər halda Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də Ermənistana Rusiya tərəfindən silah verilməsi Azərbaycanı narahat edir: "Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir".