Prezidentin İrana səfəri sülhə, əməkdaşlığa təkan olacaq
İlham Əliyevin İrana səfəri yüksək dəyərləndirilir
26 Fevral 2016 11:46 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri həm siyasi, həm də iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın inkişafında yeni bir mərhələ açdı. Məlum olduğu kimi səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın vacib sahələrini əhatə edir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır. Ekspertlərin qənaətinə görə, Azərbaycan İranın dünya bazarına və Avropaya çıxışını təmin etmək üçün tranzit ölkə rolunu oynaya bilər ki, bu da hər iki ölkə üçün çox faydalı bir əməkdaşlıqdır. Həmçinin İranla Azərbaycan arasında əlaqələrin inkişafı təhlükəsizlik baxımından təkcə iki ölkə üçün deyil, ümumilikdə region üçün çox əhəmiyyətlidir. Millət vəkili Musa Quliyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin geniştərkibli nümayəndə heyəti ilə birlikdə İrana səfər etməsi, həmin ölkənin ali rəhbər orqanları, həmçinin, İran prezidenti Həsən Ruhanı ilə görüçməsi, müxtəlif məsələlər barədə müzakirələr aparılması, müqavilələr imzalanması və nəhayət, verilən qarşlıqlı bəyanatlar İran-Azərbaycan münasibətlərini yeni, daha inkişaf etmiş müstəviyə qaldıran bir hadisədir. Bu səfər təkcə İran-Azərbaycan münasibətlərinin yüksəlməsinə deyil, həm də bütün regionda sülhə, əməkdaşlığa bir təkan olacaq: "Eyni zamanda, bu səfər balanslaşdırılmış Qafqaz siyasətinə Azərbaycanın çox mühüm töhfə verəcəyini şərtləndirən bir səfərdir. İranla Azərbaycan bölgənin nüfuzlu dövlətləridir və bu iki dövlətin arasında əməkdaşlığın sıx, dostluğun, qardaşlığın möhkəm olması bütövlükdə bölgənin xeyrinədir. Cənab Prezidentin özünün də dünənki çıxışında söylədiyii kimi, Azərbaycan İrana tətbiq olunan sanksiyaları heç vaxt qəbul etmədi, bu sanksiyalara qarşı oldu və bu sanksiyaların olmasına baxmayaraq həmişə İranla öz münasibətlərini, o cümlədən, iqtisadi, siyasi, mədəni münasibətlərini davam etdirdi. Bu özü bir daha onu göstərdi və göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanla istənilən müsbət münasibətlər hər iki tərəfə xeyir gətirə bilər. Bu mənada dünən imzalanan bir sıra müqavilələr- dəmiryol daşımları, ticarət, sahibkarlığın qarşılılqlı inkişafı, əmək, sosial təminat, enerji, rabitə və sair məsələlər ilə bağlı müqavilələr də bir daha İran-Azərbaycan münasibətlərini yeni müstəviyə çıxaracaq". Millət vəkili eyni zamanda xatırladıb ki, bir müddət öncə İrana tətbiq olunan sanksiyalar aradan qalxıb və İran artıq neft bazarında bir növ oyunçu kimi öz sözünü deməyə başlayıb: "Heç şübhəsiz ki, İranın böyük ərazisi, təbii ehtiyatları, maddi sərvətləri bir çox ölkələr üçün İranı cəlbedici edib və belə olan şəraitdə də Azərbaycanın İran bazarında özünə yer tutması çox vacib şərtdir. Mən belə hesab edirəm ki, bu səfərdən sonra Azərbaycan iş adamları da İranla müəyyən biznes əlaqələrini genişləndirmək üçün geniş imkanlar əldə edəcək və Azərbaycan-İran münasibətləri həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində daha da inkişaf edəcək.Eyni zamanda, nəzərə alsaq ki, İranda 30 milyona yaxın etnik Azəraycan türkü yaşayır və bizim gediş-gəlişimizin, münasibətlərimizin intensivləşməsi bu insanların həm maddi-sosial, həm də ən əsası mənəvi-mədəni inkişafına böyük təkan olacaq". Millət vəkili Əflatun Amaşov da qeyd edib ki, prezident İlham Əliyevin İrana rəsmi səfəri İranla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsində önəmli rol oynayacaq: "Səfər zamanı iki dövlət və ölkə rəhbərləri arasında imzalanmış müqavilələrə nəzər yetirsək görərik ki, kifayət qədər çoxşaxəli və çox sahələri əhatə edən müqavilələrdir. Həm iqtisadi, həm siyasi, həm də mədəni-mənəvi baxımdan İranla Azərbaycan arasında münasibətlər kifayət qədər istidir. Biz elə bir regionda yaşayırıq ki, istər Rusiya, istər İran, istərsə digər ölkələr olsun, bunlarla bizim münasibətlərimiz kifayət qədər yüksək olmalıdır. Mən elə bilirəm ki, Azərbaycanın regionda apardığı müstəqil siyasət bizim qonşularımızla - həm Rusiya, həm İran, həm də Gürcüstanla - bura qardaş Türkiyəni də əlavə edirəm - münasibətlərimizi yüksək səviyyədə qurmağa imkan verir və münasibətlərimiz də yüksək səviyyədə qurulur. İkincisi, İranla bizi mənəvi tellər də bağlayır, orada kifayət qədər, on milyonlarla Cənubi azərbaycanlı yaşayır. Biz eyni mədəniyyətin daşıyıcılarıyıq.Bu baxımdan, mən elə bilirəm ki, cənab Prezidentin səfəri, keçirdiyi görüşlər, imzalanmış müqavilələr bu əlaqələrin, bu tellərin daha da möhkəmlənməsinə gətirib çıxaracaq".
Alim