Mübariz Əhmədoğlu: “Tarix boyu İranla Azərbaycan arasında indiki səviyyədə münasibət olmayıb”
25 Fevral 2016 16:49 Siyasətİran üzərindən sanksiyaların götürülməsindən sonra Azərbaycan prezidenti ilk dəfə olaraq həmkarı Həsən Ruhaninin dəvəti ilə İrana səfər etdi. Bu səfər çox məhsuldar oldu və 11 sənəd imzalandı. Bunu Gün.Az-a Prezident İlham Əliyevin İrana səfərini şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Həsən Ruhani Prezident seçildikdən sonra İran -Azərbaycan münasibətlərində çox böyük bir canlanma yaranıb: "Azərbaycan hər zaman İranla münasibətləri ən yüksək həddə qədər inkişaf etdirməyə hazır olub və bunu dəfələrlə bəyan edib. Amma İranda müxtəlif yanaşmalar olub, Ruhanidən əvvəlki prezident Mahmud Əhmədinejatın bir düsturu var idi ki, İranla Ermənistan eyni mədəniyyətin tərkib hissəsdir. İndi Ruhani hakimiyyəti Azərbaycanla İranı eyni mədəniyyətin, eyni tarixin tərkib hissəsi hesab edir. Ruhani nə addım atdısa, Azərbaycan tərəfi o addımı qarşıladı və daha böyük addımla cavab verdi. Ona görə də indi əlaqələr bu dərəcədə yüksək səviyyədədir. Təbii ki, Azərbaycan heç vaxt Qərbin İrana qarşı qoyduğu sanksiyalara qəbul etməyib və qoşulmayıb. Azərbaycan İranla əlaqələrini davam etdirib. ABŞ-ın da Azərbaycanın İrana qarşı sanksiyalara qoşulmamasına dair bəyanatı var və Birləşmiş Ştatlar ölkəmizin bu mövqeyini anlaşma ilə qarşılamışdı". Politoloq deyib ki, səfərin ikinci böyük əhəmiyyəti bundan ibarətdir ki, bu, Nardaran hadisələrindən sonra Azərbaycan Prezidentinin İrana ilk səfəri idi: "İranın Ali Rəhbəri Seyid Əli Xamenei İlham Əliyevi çox mehribanlıqla qarşıladı. Bəzi qüvvələr Nardaran hadisələrini qızışdırmaqla İran Azərbaycan münasibətlərində gərginlik yaratmağa çalışsalar da, bu görüş sübut etdi ki, həmin adamların "zəhməti" puça çıxdı. Onlar iki ölkənin münasibətlərini gərginləşdirə bilmədilər". M.Əhmədoğlu səfər zamanı diqqətdə olan regional məsələlərə də toxunub:
"Prezidentlərin görüşündə, imzalanan sənədlərdə tamamailə yeni bir keyfiyyət var. Əslində, İran- Azərbaycan əməkdaşlığı regional prosesləri elə bir mərhələyə gətirib çıxarır ki, Ermənistanın işğalçı siyasətdən əl çəkməkdən başqa çarəsi qalmır.
İran azad iqtisadi zonanı inkişaf etdirmək istəyir, bu, o deməkdir ki, Ermənistan qoşulmasa, bundan ciddi ziyan çəkəcək. İran şimal-cənub dəmiryol marşurutun Azərbaycan ərazisindən keçirdi, Ermənistan düz on il idi ümid edirdi ki, İran-Ermənistan dəmiryolu çəkiləcək və şimal- cənub dəmiryolu marşurutunun tərkib hissəsi olacaq.
Prezident Ruhani deməklə ki, 2016-cı ildə Astara-Astara dəmiryolu birləşəcək, şimal -cənub dəmiryol marşurutu Azərbaycan ərazisindən keçəcək, bu, o deməkdir ki, İran-Ermənistan dəmiryolu artıq puç oldu".
Politoloq əlava edib ki, imzalanan sənədlər barədə məlumat açıqlananda bəlli olur ki, Xudafərin su qovşağının tikilməsi ilə bağlı saziş imzalanıb və bu, birgə əməkdaşlığın məhsuludur:
"Xudafərin işğal altında olan ərazilərdədir, deməli, Azərbaycanın işğal olunmuş ərazilərində İran və Azərbaycan birgə layihə reallaşdıracaqlar. Azərbaycan mütəxəsislərinin həmin ərazilərə getməsini İran təmin edir. Bu həm də o deməkdir ki, İran Azərbaycan mütəxəssislərinin işğal olunmuş ərazilərimizdə işləməsinə şərait yaratmağa başlayıb.
Yəni sənədlərdə Qarabağ məsələsinin adı çəkilməsə də, praktika elə vəziyyətdədir ki, ilk növbədə Qarabağ məsələsinin həllini aktuallaşdırır".
M.Əhmədoğlu hesab edir ki, bütün tarix boyu İranla Azərbaycan arasında indiki səviyyədə münasibət olmayıb:
Prezidentin səfəri sübut etdi ki, bütün 21 əsr boyu iki ölkənin münasibətıləri yalnız və yalnız irəliyə doğru inkişaf edəcək".