Ermənistan Dağlıq Qarabağda demoqrafik üstünlüyə nail olmaq niyyəti güdür

Sahil İsgəndərov: “Sonradan bu ərazilərin tarixi erməni torpaqları kimi qələmə verilməsi siyasəti gücləndirilir”

Sahil İsgəndərov: "Sonradan bu ərazilərin tarixi erməni torpaqları kimi qələmə verilməsi siyasəti gücləndirilir"

Müasir beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərin nəticəsi olaraq təcavüskar dövlət olan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətini daha da intevləşdirib. Belə ki, Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının "tarixi torpaqlarına" geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası bu ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Əslində isə Azərbaycan ərazilərində məskunlaşdırma siyasətinin aparılması işğalçı Ermənistan dövləti üçün yeni fəaliyyət növü deyil. Təcavüzkar dövlət tarixən xarici ölkələrdə yaşayan ermənilərin Cənubi Qafqaza, xüsusən də Dağlıq Qarabağa köçürürlməsində maraqlı olub. Bununla ermənilər həm yeni ərazilər qəsb etmək,  həm də  bölgədə demoqrafik üstünlüyə nail olmaq niyyəti güdüblər.

Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "DQ" hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Qondarma qurumun "parlamenti"nin "DQR"-ə köçürülən rus ailələrinin övladlarının 2005-ci ildən Qarabağ məktəblərində erməni və rus dillərində təhsil almasını nəzərdə tutan qərarı da mövcuddur.Beynəlxalq "Qırmızı Xaç Komitəsi"nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayının 25-də keçirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200 təşkil edib.

Rəsmi Yerevan köçürülmə layihələrində özünün birbaşa iştirakını gizlətməyə çalışsa da, 2000-ci ildən etibarən "Artsaxa qayıdış" adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermənistan Respublikası hökuməti yanında (Andranik Marqaryanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, "DQR"-in "Statistika İdarəsinin rəhbəri" Serj Amirxanyan, "Kənd Təsərrüfatı naziri" Vaqram Baqdasaryan, "Milli Yığıncağın Maliyyə, Büdcə Məsələləri üzrə Komissiyasının sədri" Mayor Danelyan, Ermənistanın Miqrasiya və qaçqınlar idarəsinin müdiri Qaqik Eqanyan və digər vəzifəli şəxslər, həmçinin "Yerkir" ictimai təşkilatı aktiv şəkildə məşğul olublar. Həmin vaxtdan etibarən qaçqınlar və emiqrasiya idarəsi yuxarıda adı çəkilən proqramın realizə olunmasına bilavasitə qoşulub.

2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılıb. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülüb. Bu ərazilərdə qeyri-qanuni "köçürülmə əməliyyatı" və tikinti işlərinin əsas sponsorları "Qərbi Amerikanın Erməni Təhsil Fondu", "Hayastan Fondu" təşkilatları və Tehranın Erməni Yeparxiya Şurasıdır. 2004-cü ildə xarici fondlar tərəfindən "Artsaxa qayıdış" proqramının realizəsi üçün 400 min ABŞ dollarının ayrıldığı və Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində 90-a yaxın evin tikintisinin başa çatdırılması məlumdur. Köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfindən mənimsənilməsi və köçürülən şəxslərin 30%-nin bədbin yaşayışdan Yerevana və digər MDB ölkələrinə qayıtmaları barədə 1999-cu ildə erməni KİV-də məlumatlar yayılıb. Belə məqamlardan biri, erməni diasporası tərəfindən Dağlıq Qarabağda yaşayan və köçürülən ailələrə pulların çatdırılmaması barədə "10-cu naxanq" qəzetinin müxbiri Vaqram Oqacanyan 1999-cu ildə "Dağlıq Qarabağa köçürülən şəxslər üçün büdcədə pul yoxdur" adlı məqaləsinin nəşri olub. Bu məqalə V.Oqacanyanın 2000-ci ildə bir il müddətinə azadlıqdan məhrum edilməsinə və "DQR" "prokurorluğu" tərəfindən barəsində cinayət işinin qaldırılmasına zəmin yaradıb.

Politoloq Sahil İsgəndərov bildirib ki, əslində Ermənistanın işğal altındakı Azərbaycan ərazilərinə digər ölkələrdəki gərgin durumdan sakit yerlərə köçmək istəyən erməniləri yerləşdirmək cəhdləri siyasəti yeni  hadisə deyil: "Bu ilk növbədə, rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddialarına müəyyən mənada etinasız qalan müxtəlif ölkələrdəki sadə erməniləri də belə yolla təcavüzkar siyasətə şərik etmək məqsədi güdür. Eyni zamanda, bu beynəlxalq müstəvidə guya tarixən ermənilərin olmuş bu ərazilərə qayıdışı kimi qələmə verilə bilər. Bununla yanaşı, Yaxın Şərqdə yaşanan qanlı-qadalı hadisələrdən baş götürüb qaçan erməniləri bizim ərazilərdə məskunlaşdırmağa çalışan Ermənistan, bu torpaqlarda  yaratdığı ölü sükutu canlandırmaq, sonradan yavaş-yavaş demoqrafik vəziyyəti erməniləşdirmək niyyəti güdür. Son nəticədə isə, yəni indi də olmasa, illər sonra sözügedən ərazilərin tarixi erməni torpaqları kimi qələmə verilməsi siyasəti daha da gücləndirilir. Sözsüz ki, buraya köçürülən ermənilərə operativ şəkildə Ermənistan pasportları verilir və onlar sonradan yerli sakinlər kimi təqdim olunurlar. Bu kontekstdə tarixi Azərbaycan ərazisi olan İrəvan xanlığında dünyanın böyük güclərinin təzyiqilə 100 il bundan əvvəl yaradılmış Ermənistanda və elə Dağlıq Qarabağın özündə də demoqrafik vəziyyətin hansı ustalıqla ermənilərin xeyrinə dəyişdirildiyinə nəzər salmaq kifayətdir". Onun sözlərinə görə, məsələnin digər maraqlı tərəfi də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlamaq istəyi ilə bağlı ola bilər: "Əgər hərbi əməliyyatlar yenidən qızışarsa, rəsmi İrəvanın bizim ərazilərimizdə məskunlaşdırılan ermənilərin dinc sakinlər kimi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hücumlarına məruz qaldıqları barədə kampaniyaya başlayacağı şübhə doğurmur. Böyük mənada isə bu o deməkdir ki, uzun illərdir Ermənistan əhalisini Azərbaycana qarşı öz təcavüzkar siyasətinin girovuna çevirmiş rəsmi İrəvan, indi də digər ölkələrdən qaçan erməniləri bizim işğal altındakı ərazilərimizə köçürməklə, onlardan gələcəkdə baş verə biləcək hərbi toqquşmalarda qurbanlıq qoyun kimi istifadə etməyə hazırlaşır. İstənilən halda, Ermənistanın köçürmə siyasətilə bağlı Azərbaycan həmsədr dövlətlər, beynəlxalq və regional təşkilatlar qarşısında mütəmadi şəkildə məsələ qaldırmalı, onların indiyədək bu məsələdə astagəllik nümayiş etdirməsi barədə sərt tələblər qoymalıdır".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31