Qlobal güclərin diqqəti Cənubi Qafqazda: TRIPP və dəhliz siyasəti- ÖZƏL

"EUObserver" nəşrinin məlumatına görə, Avropa İttifaqı (Aİ) Rusiyadan yan keçən və Ermənistanın regional logistikaya inteqrasiyasını nəzərdə tutan "TRIPP" nəqliyyat dəhlizi layihəsinə maraq göstərir. Brüssel hesab edir ki, Orta dəhlizin səmərəli işləməsi Çindən Avropaya yükdaşıma müddətini 42 gündən 12-13 günə qədər azalda bilər. Lakin ekspertlər Aİ-ni strateji lənglikdə tənqid edərək bildirirlər ki, bu təşəbbüs daha çox ABŞ-ın Cənubi Qafqazda artan fəallığına verilən gecikmiş reaksiyadır. Zəngəzur dəhlizi və TRIPP ətrafındakı proseslər artıq iqtisadi layihə çərçivəsindən çıxaraq böyük güclərin geosiyasi rəqabət meydanına çevrilib. 

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:

"Orta Dəhliz Avropa Birliyi üçün əsasən iqtisadi cəhətdən ən vacib amil sayılır. Ona görə ki, bu gün əsas yükdaşımalar, demək olar ki, Çindən Avropa Birliyinə yönəlir. Eyni zamanda Avropa Birliyinin Mərkəzi Asiya ölkələri -Qazaxıstan və Özbəkistanla həyata keçirdiyi bir çox layihələr var. Bu layihələr- istər ticarət, istər investisiya xarakterli olsun hamısı üçün ciddi, davamlı və stabil nəqliyyat infrastrukturu tələb olunur. Bu baxımdan Orta Dəhliz Avropa Birliyi üçün vacib amildir. Amma Avropa Birliyinin özünün Cənubi Qafqazda vaxtilə apardığı siyasi fəaliyyət də var ki, biz bunu dəfələrlə tənqid etmişik. Bir tərəfli olaraq Ermənistanı dəstəkləmək, Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirmək, Avropa Birliyinə aid bəzi qurumların, xüsusilə Avropa Parlamentinin mövqeyi- bütün bunlar bu layihə və ümumilikdə fəaliyyət üçün ciddi zərbələr vurur.
Digər tərəfdən, ABŞ-ın bu layihəyə maraq göstərməsi, Donald Trampın burada aktiv iştirak etməsi, hətta layihənin bizə və Ermənistana aid hissəsinin ayrıca adlandırılması Avropa Birliyini müəyyən qədər qıcıqlandırıb və onlar da çalışırlar ki, öz iştiraklarını təmin etsinlər.
Bəli, burada rəqabət var -ABŞ ilə Avropa Birliyi arasında rəqabət mövcuddur. ABŞ bu layihənin siyasi baxımdan da onun üçün vacib olduğunu nəzərə alaraq aktiv iştirak edir. Avropa Birliyi isə vaxtilə Cənubi Qafqazda xarici siyasətini düzgün müəyyən etmədiyinə, strateji hədəflərini düzgün seçmədiyinə görə bir qədər geri qalıb. Hazırda isə çalışır ki, müxtəlif yollarla bu prosesdə iştirakını bərpa etsin. Düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan həm ABŞ-ın, həm də Avropa Birliyinin burada iştirak etməsi üçün şərait yaradacaq. Və hesab edirəm ki, hər iki tərəfin iştirakı bir-birinə zidd olmayacaq.
Bu nəqliyyat infrastrukturu ilə bağlı müxtəlif layihələr mövcuddur və hər iki tərəf həmin layihələrdə iştirak edə bilər- Avropa Birliyi də, ABŞ də. Və bu rəqabət həm Ermənistanın, həm də Azərbaycanın xeyrinə işləyəcək".

Zeynəb Musatafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31