“Dil artıq iqtisadi sistemin aktiv elementi və strateji resursuna çevrilib- ÖZƏL

Naxçıvan Dövlət Universiteti tərəfindən təşkil olunan "Çağdaş Azərbaycan dilinin aktual problemləri" mövzusunda IV Respublika Elmi Konfransının açılış mərasimi yüksək elmi və təşkilati səviyyədə baş tutmuşdur. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və AMEA-nın Naxçıvan Bölməsinin tərəfdaşlığı ilə təşkil olunaraq, ölkənin elmi-intellektual potensialını bir araya gətirən mühüm akademik platformaya çevrilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, əməkdar müəllim Zahid Fərrux Məmmədov konfransda baş məruzəçi statusunda iştirak edib və "Dil iqtisadiyyatı: monetizasiya, strategiya və elmdə dil imperializmi" mövzusunda məruzə ilə çıxış etmişdir. "Olaylar" xəbər verir ki, İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov "Dil iqtisadiyyatı: monetizasiya, strategiya və elmdə dil imperializmi" mövzusunda məruzəsində dilin yalnız kommunikasiya vasitəsi deyil, həm də iqtisadi resurs, strateji kapital və qlobal rəqabət aləti kimi çıxış etdiyini əsaslandırıb.  
Prof. Zahid Məmmədov məruzəsində vurğulayır ki, müasir dövrdə dil artıq sadəcə ünsiyyət vasitəsi deyil, iqtisadi sistemin aktiv elementi və strateji resursuna çevrilmişdir. O, qeyd edib ki, qloballaşma və rəqəmsallaşma şəraitində dil iqtisadi münasibətlərin genişlənməsində, bazarların inteqrasiyasında və beynəlxalq əməkdaşlığın dərinləşməsində əsas rol oynayır. Məruzədə xüsusi olaraq vurğulanır ki, dil bacarıqları insan kapitalının ayrılmaz hissəsidir və bu bacarıqlar fərdlərin əmək bazarında rəqabət qabiliyyətini birbaşa müəyyən edir. 
Professor bildirib ki, fərdlər dil seçimini təsadüfi deyil, iqtisadi baxımdan rasional qərar kimi - yəni xərc və fayda müqayisəsi əsasında həyata keçirirlər. Bilik iqtisadiyyatı şəraitində dil mədəni dəyərdən iqtisadi kapitala çevrilərək monetizasiya olunan resurs kimi çıxış edir. Rəqəmsal platformaların inkişafı dilin kontent, təhsil və informasiya vasitəsilə gəlir gətirən aktivə çevrilməsini daha da sürətləndirmişdir. Dil bacarığı əmək bazarında ixtisaslaşmanı genişləndirir, məhsuldarlığı artırır və nəticədə əmək haqqı fərqlərinin formalaşmasına təsir göstərir. 
Məruzədə ali təhsil sisteminin dilin monetizasiyasının əsas institusional platforması olduğu xüsusi olaraq qeyd edilir. Universitetlər üçün tədris dili artıq yalnız akademik seçim deyil, həm də iqtisadi strategiyadır. Professorun fikrincə, ingilisdilli proqramlar universitetlərin beynəlxalq tələbə cəlb etməsinə və təhsil ixracından gəlir əldə etməsinə imkan yaradır. Çoxdillilik strategiyası universitetlərin qlobal bazarlara çıxışını genişləndirir və onların rəqabət qabiliyyətini artırır. 
Məruzədə elmdə ingilis dilinin dominantlığı "dil imperializmi" kimi qiymətləndirilir və bunun akademik bərabərsizliyi gücləndirdiyi qeyd olunur. Bu proses qeyri-ingilisdilli tədqiqatçıların imkanlarını məhdudlaşdırır və milli elmi məktəblərin görünməz qalmasına səbəb olur. Elmdə əsas problem artıq yalnız ideya deyil, həmin ideyanın hansı dildə təqdim olunmasıdır. 
Məruzədə çıxış yolu kimi qlobal inteqrasiya ilə milli dilin qorunması arasında balansın yaradılması təklif olunur. Azərbaycan üçün əsas strateji istiqamət milli dilin qorunması ilə yanaşı onun beynəlxalq və rəqəmsal iqtisadi sistemə inteqrasiyasının təmin edilməsidir. Dil artıq yalnız mədəni fenomen deyil, iqtisadi inkişafın, elmi rəqabətin və institusional siyasətin əsas determinantlarından birinə çevrilmişdir: "Konfrans çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən nümayiş etdirilən yüksək səviyyəli təşkilatçılıq, strateji yanaşma və akademik baxış xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə Naxçıvan Dövlət Universiteti bu mühüm elmi tədbiri yalnız formal bir konfrans kimi deyil, real elmi müzakirə və fikir mübadiləsi platformasına çevirməyi bacarmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31