Sürücülərin radar problemi
Radara düşən sürücülərə niyə vaxtında xəbər verilmir?
2 Dekabr 2015 13:23 ProblemAzərbaycanda radarların tətbiqinə start verildiyi gündən bu vaxta qədər bu məsələ ətrafında söz-söhbət bitmir ki, bitmir. Vaxtilə bəh-bəhlə cəmiyyətə təqdim edilən radarların tətbiqi ilə bir sıra problemlərin kökündən həllinə nail olunacağı deyilsə də bunun əksinə olaraq sözügedən ideya özü ilə əlavə problemlər gətirmiş oldu. Radarlar gah yolun avtomobil hərəkətinə aid olmayan hissələrində, gah ağacların arxasında, gah da digər gizli məkanlarda quraşdırıldı. Onların quraşdırılması ilə bağlı müvafiq qanun qəbul edilsə də görünür hələ də qanunun icrasında həllini gözləyən problemlər var. Elə bu səbəbdən də illərlədir ki, yollarda quraşdırılan radarlara düşən bəzi avtomobillərin sürücüləri ilə yol polisi əməkdaşları arasında narazılıq yaranır. Son vaxtlar narazılıq yaradan əsas məqamlar biri sürücünün radara düşməsi haqqında bildirişin konkret ünvanına çatdırılması, protokolun tərtibi, cərimənin ödənilməsi ilə bağlı olur. Məsələ ətrafında dəfələrlə izahat verilməsinə, proseslə bağlı konkret qaydalar müəyyən edilməsinə baxmayaraq hələ də mübahisəli məsələlər yaşanmaqdadır. Narahatedici məqam ondan ibarətdir ki, əksər hallarda qaydaların elə yol polisi əməkdaşları tərəfindən pozulduğu iddia edilir. Belə ki, daxil olan məlumata görə, polis əməkdaşları ən müxtəlif variantlardan istifadə edirlər ki, sürücü radara düşməsi barədə xəbərsiz olsun. Bu məqsədlə sürücülərə məlumatlar ya cərimə ödənilməsi vaxtı bitdikdən sonra göndərilir, ya da ümumiyyətlə məlumat bazasından çıxarılır. Radara düşməsindən xəbərsiz olan sürücülər isə yollarda uzun müddətə saxlanılır və vaxt itgisi ilə üzləşmək məcburiyyətində qalırlar. Üstəlik müəyyən haqq miqdarında radarın silinməsi təklifini alırlar. Məlumata görə, polis əməkdaşları tərəfindən radara düşən sürücülərə zəng vurularaq onları idarəyə dəvət etməsi və məsələnin həlli üçün kömək göstərəcəyinə dair vəd verilir. Belə ki, yayılan xəbərlərə əsasən yol polisləri arasında elələri var ki, onlar qarşılıqlı razılıq əsasında məlumatları informasiya bazasından silməyə belə qadirdirlər. Bəs, əslində radara düşən sürücülərə malumatlar hansı qaydada və hansı müddətdə çatdırılmalıdır? Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuata bildirib ki, sürücüləri istənilən vasitə ilə məlumatlandırmaq mümkündür: "Telefonla da, SMS-lə də, ünvana göndərilməklə də sürücüyə məlumat verilə bilər. Bildirişin çatdırılmasında belə müxtəlif üsullardan istifadənin səbəblərinə gəldikdə, burada əsasən yaşayış yeri ilə qeydiyyat ünvanı arasındakı fərq rol oynayır. Yəni qeydiyyat bir ünvana olur, sürücü isə faktiki olaraq başqa ünvanda yaşayır. Buna görə də telefondan, SMS xidmətindən istifadə edilə bilər. Bəzi hallarda isə radiocihaz vasitəsilə qayda pozuntusu vasitəsilə məlumat alan yol polisi əməkdaşı nəqliyyat vasitəsini qarşıda saxlayıb sənədləşdirmə apara bilər. Bütün hallarda tərtib edilən protokolun bir nüsxəsi sürücüyə verilir. Radarlardan əldə edilən fotomateriallar əməkdaşlara yönəldilir və həmin əməkdaşlar sürücünü xəbərdar edir". V.Əsədovun sözlərinə görə, sürücü verilən məlumata dərhal reaksiya verməlidir: "Hazırda "ağıllı radarlar" vasitəsilə protokollar əsasında 1 gün ərzində məktub hazırlanır və ən geci 2 gün ərzində ünvana çatdırılır. Əgər sürücü 10 gün ərzində ona edilən müraciətə reaksiya vermirsə, onun özünün iştirakı olmadan cərimə təyin olunur. Buna görə də sürücülər onlara edilən müraciətə dərhal reaksiya verməlidir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə, həmin nəqliyyat vasitəsi barədə məlumatlar bazaya daxil edilir və həmin avtomobil müvəqqəti dayanacağa qoyulur". Bildirişlər ünvana o zaman göndərilir ki, sürücünü yerində saxlamaq mümkün olmur: "Avtomatik işləyən radar tərəfindən çəkilən göstəricilər günün sonunda çıxarılır. Sürücünü yerində saxlamaq mümkün olmayanda inzibati xəta haqqında material sənədləşdirilir. Sonra sürücü izahat verməsi üçün polisə dəvət olunur və araşdırılır. Qayda pozuntusu polisin özü tərəfindən aşkar olunubsa və ya hansı cihaz vasitəsilə müəyyən edilibsə, fotoşəkli çəkilibsə fotosurətini, qayda pozuntusu nəzarət kameralarında olduğu zaman isə görüntünü sürücü istənilən vaxt tələb edə bilər". V.Əsədov bazadan məlumatların əldə edilməsi və beləliklə də başqa məqsədlərlə istifadəsi ilə bağlı məqama da münasibət bildirib: "Bütün məlumatar bazadadır. Ola bilsin ki, kimsə məsələn, öz yaxın adamı ilə bağlı məlumatı orada görsün və ona kömək etmək istəsin. Amma bütün bunlara nəzarət yüksək səviyyədə təşkil olunur. Ümumiyyətlə bizim əməkdaşlar nəinki iş zamanı, hətta işdən sonra da daim nəzarətdədir. Əgər mən şəhərdən 30 km kənara çıxıramsa bununla bağlı məndən izahat alırlar. Rəhbərlik hər bir polis əməkdaşının hərəkətləri ilə bağlı məlumat əldə edir". Məsələ orasındadır ki, sənədləşmə zamanı sürücülərin telefon nömrəsinin qeyd edilməsinə baxmayaraq əksər hallarda radara düşən sürücülərə SMS göndərilmir. SMS göndərildiyi halda belə sürücülər müəyyən edilmiş cəriməni sərbəst şəkildə bank və yaxud poçt vasitəsilə ödəməkdə çətinlik çəkirlər. Daha doğrusu bu zaman əlavə problemlə üzləşməli olurlar. Belə ki, cəriməni ödəmək üçün bu ünvanlara üz tutan sürücülərə bildirilir ki, adlarına cərimə yoxdur. Bu zaman sürücülərə Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilməsi tövsiyyə olunur. DYP-da isə onlara MMX-ya düşdüklərinə dair fotoları və buna uyğun şəkildə tərtib olunmuş protokol göstərilir. Və bir neçə aydan sonra məlum olur ki, DYP cəriməni sistemə vurmaya-vurmaya vətəndaşa faiz də hesablayıb. Bundan sonra sürücülərlə danışıqlara gedilərək radara düşmüş sürüclərdən pul alıb, cərimə və ballarını silirlər. Təbii ki, belə hallar sürücü və polis əməkdaşları arasında narazılığın yaranmasına səbəb olur. Elə bu kimi səbəblərdən də Azərbaycanda ən çox şikayət olunan xidmət növlərindən biri də Dövlət Yol Polisidir.
Alim