Azərbaycanda polad magistralın inkişafında Heydər Əliyev modeli

Azərbaycanda hər bir sahə kimi nəqliyyat sektoru, xüsusilə onun əsas qollarından olan polad magistralının inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər istər Sovet Azərbaycanına rəhbərlik etdiyi, istərsə də müstəqil Azərbaycan Respublikasının dövlət başçısı olduğu illərdə dəmir yolu nəqliyyatının inkişafı, tərəqqisi istiqamətində uğurlu addımlar atmış, bu sahəyə öz töhvəsini vermişdi. Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi xarakterizə edirlər.

Dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklər və köklü inkişaf illəri

1969-cu ildə ilk dəfə sovet Azərbaycanında rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Ümummillli lider istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdi.

Heydər Əliyev təkcə dəmir yolunun inkişafı, yeni xətlərin çəkilməsi, yeni qatarların alınmasına diqqət ayırmırdı. O, eyni zamanda bu sahədə milli kadrların yetişdirilməsini də prioritet sayır və bu istiqamətə xüsusi diqqət yetirirdi. Elə bunun göstəricisidir ki,  bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar.

Heydər Əliyevin birinci dəfə respublikaya rəhbərlik etdiyi dövrün ilk illərindən ölkənin qatar qarajının yenilənməsi, köhnə qatarların yeniləri ilə əvəzlənməsinə start verildi. Beləliklə, 1970-ci ildən başlayaraq şəhərətrafı qatarlar müasir tələblərə cavab verən, yeni seriyalı  ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başladı. Həmin illərdə Sumqayıt-şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında yeni vağzal binaları tikilib istifadəyə verildi.

1975-ci ildə konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunun yaradılması xüsusi əhəmiyyətli hadisə sayıla bilərdi. Çünki, həmin depo Zaqafqaziyada  bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisə idi. Bu gün də sözügedən depo dəmir yolunun istismar fəaliyyətində aparıcı rol  oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir. Artıq bu kimi müəssisələrin paytaxt Bakıdan əyalətlərə doğru hərəkət etməsi prosesi gedirdi. Beləliklə, Heydər Əliyevin köməyi sayəsində 1978-ci ildə Gəncə  şəhərində müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1979-cu ildə isə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikildi.

Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu  Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdi. Belə ki, 1980-ci ildə başlanan tikinti və ən çətin sahədən keçən, uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xətti 1985-ci ildə istifadəyə verilir.

Dəmir yolu nəqliyyatının inkişafında yeni dövr

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafının növbəti mərhələsi müstəqillik illərinə, daha dəqiq desək ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Etiraf etmək lazımdır ki, Heydər Əliyev Bakıya siyasi hakimiyyətə gələnə qədər hər bir sahədə olduğu kimi dəmir yolu nəqliyyatında da bir durğunluq, geriləmə hiss edilirdi. Yaranmış vəziyyəti düzgün dəyərləndirən Ulu Öndər 1996-cı ildə Nazirlər Kabinetinin toplantısını keçirərək dəmir yolundakı neqativ halların qısa müddətdə aradan qaldırılması üçün ciddi tapşırıqlar verdi və qısa müddətdə bu istiqamətdə tədbirlər görüldü.

Müstəqillik illərində dəmir yolu nəqliyyatında baş verən ən ciddi hadisələrdən biri də 4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılışı oldu. Heydər Əliyevin iştirakı ilə baş tutan mərasimdə çıxışı zamanı Ulu Öndər demişdi: "Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm".

Ümummili liderin dəmir yoluna diqqət və qayğısı, bu sahənin inkişafını prioritet kimi qarşıya məqsəd qoyması bəlkə də ailədən gələn bir sevgi idi. Çünki Ulu Öndərin atası da məhz dəmir yolçu olmuşdu. Bu faktı ümummilli lider özü də etiraf edirdi. 6 dekabr 1998-ci ildə çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxış keçirmək üçün Keşlə stansiyasına gələn Heydər Əliyev "Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox itizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi" deyirdi.

Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsində

Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilirdi. Ölkənin nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsində idi.

1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilirdi. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər  məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol  keçdi.

Həmin ildə Şirvan, 1997-ci ildə Culfa və İmişli vaqon depolarının yaradılması, 1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda  vaqonların əsaslı  təmiri işinə başlanılması, 1998-ci ildə Azərbaycan Dəmir Yolunda ilk dəfə  olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmirinin təşkil edilməsi, məhz Ulu Öndərin dəmir yolu nəqliyyatının inkişafına verdiyi töhfələrdən idi.

Heydər Əliyevin gərgin əməyi və qonşu  dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Həmin ərəfədə Heydər Əliyev demişdi: "Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin böyük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir".

4 dekabr 1997-ci ildə isə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxılır. Yüksək standartlara cavab verən bu qatar dəmir yolunun daxili imkanları hesabına qısa müddət ərzində təmir olunaraq istismara verilir. Kupe, plaskart vaqonlardan və vaqon-restorandan  ibarət olan qatarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Bundan sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt-Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxılır.

28 dekabr 1996-cı ildə bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dəmir Yolunun ilk firma qatarı olan Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verilir. 4 mart 1998-ci ildə isə Bakı-Xankəndi  firma sərnişin qatarı istismara  buraxılır.

1996-cı ildən başlayan yeniləşmə prosesi sonrakı illərdə də davam etdirildi. 1999-cu ildə Bakı-Gəncə "Ekspres" tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verildi. 7 aprel 2003-cü ildən etibarən Bakı-Dərbənd (indi Bakı-Mahaçqala) "Ekspres" qatarı sərnişinlərin istifadəsinə verilir.

Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə nəqliyyatın bütün sahələrinin, o cümlədən polad magistralın inkişafına daim qayğı göstərib. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir.

İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafı şərtləndirən amil isə ölkə başçısı İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" olub. Məhz həmin Dövlət Proqramının uğurlu icrası Azərbaycan polad magitstralının sürətli inkişafını təmin etdi.

Süleyman İsmayılbəyli

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31