Nizami Cəfərov: "Hikmət Hacızadə cəzalanmalıdır"

Azərbaycanın tarixi şəxsiyyətləri cəmiyyətin tanınmış üzvləri tərəfindən təhqir edilir, onlar haqda xoşagəlməz ifadələr işlədilir.

Son iki həftə müddətində, əsasən, Şah İsmayıl Xətai, sonra isə Səməd Vurğun barəsində həqiqətə yaxın olmayan fikirlərin şahidi olmuşuq. Politoloq Hikmət Hacızadə isə ümumiyyətlə S. Vurğunun bizim xalqa lazım olmadığını, onun məddah şeirlər yazdığını bəyan edib. Bu mövzuda açılan müzakirələrə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov da qoşulub.

- Nizami müəllim, cəmiyyətdə tanınan şəxslərdən olan Hikmət Hacızadə  Səməd Vurğunun təhqir olunmasını özündə ehtiva edən fikirlər səsləndirir. Buna münasibətiniz necədir?

- Xatırlayırsınızsa, bu məsələ bir dəfə Milli Məclisdə də müzakirə edildi. Hətta məsələ qaldırıldı ki, böyük tarixi şəxsiyyətlərin qorunması haqqında qanun qəbul edilsin. Əslində, böyük tarixi şəxsiyyətləri onların övladları, ailə üzvləri deyil, cəmiyyətimizin mədəni səviyyəsi müzakirə etməli və qorumalıdır. Səməd Vurğunu, Füzulini, Vaqifi, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni və başqalarını tənqid etmək, yaradıcılıqlarında hansısa məqamı gündəmə gətirmək olar. Amma təhqir etmək olmaz. Böyük tarixi şəxsiyyəti təhqir edən cəzalandırılmalıdır.

- Siz mənəvi və ya maliyyə cəzalandırılmasını nəzərdə tutursunuz?

- Xeyr. Elə ciddi şəkildə, hüquqi məsuliyyətə cəlb olunmalıdır. Burada məsələ aydındır. Məsələn, bir orqan Yazıçılar Birliyidir. Əgər bir yazıçı, şair təhqir olunursa, Yazıçılar Birliyi onu rəsmi qaydada məhkəməyə verə bilər. Bir rəssam təhqir olunursa, Rəssamlar İttifaqı rəsmi şəkildə məhkəməyə müraciət edə bilər. Böyük tarixi şəxsiyyətləri təhqir eləmək olmaz. İndi heç böyük deyil, adi insanlar təhqir ediləndə məhkəməyə verib onu təhqir edən şəxsi cəzalandıra bilirlər. Amma böyük tarixi şəxsiyyət üçün bütün xalq məsuliyyət daşıyır. Hansısa mənasız bir adam çıxıb xalqın böyük şəxsiyyətini təhqir edə bilməz. İkincisi də, Səməd Vurğun kabab yeyə, araq və ya çaxır içə bilər. Necə ki həm yeyib, həm də içib. Bu, bütün dünyada qəbul olunan bir haldır. Bəyəm, Şekspir içməyib, yeməyib? Üçüncüsü, Səməd Vurğun məddah şeirlər yazır deyir. Bu, niyə məddah şeir olsun. Vurğun şeirini partiya haqqında yazıb. Səməd Vurğun hansısa xüsusi və həm də məzmunsuz bir şəxsi vəzifəsinə görə mədh  etməyib axı. Partiya üzvü olub və bu, həm də onun ideyası olub. Baxın Aşıq Ələsgərə. Ələsgər ağaları və bəyləri tərif edib. Ancaq bu janrın xüsusiyyətidir. Nizami Gəncəvi şahları tərif edib. Bu da janrın xüsusiyyətidir. Burada pis heç nə yoxdur. Onu böyük, əzəmətli və dəyərli görərək onu mədh edib. İndi sən Nizami Gəncəviyə məddah deyəcəksən? Bu, heç mümkün olası şey deyil. Və ya bu gün hər hansı bir şair Azərbaycanın böyük dövlət adamına şeir yazırsa, bu da məddahlıq deyil. Əksinə, bu, vətəni, onun böyük oğlunu tərifləmək deməkdir. Bu dünyanın hər yerində var və insani, humanist bir şeydir. Ona görə də, Səməd Vurğunun yaradıcılığını, şəxsiyyətini müzakirə etmək, müəyyən məsələlərlə razılaşmamaq olar. Amma təhqir qətiyyən olmaz. Məsələn, iddia edirlər ki, guya Atatürk deyib ki, Nazim Hikməti vətən xaini kimi divara söykəyib güllələyəsən, sonra da oturub böyük şairin ölümünə ağlayasan. Bu cür ziddiyyətli münasibətlər var və olacaq da. Amma bu ifadədə Nazim Hikmətə təhqir yoxdur. Belə kəskin fikir söyləmək olar, amma içində təhqir olmasın.

- Hikmət Hacızadə savadlı insandır, elmlər namizədidir, ədəbiyyatdan məlumatlı insandır. Belə təhqirlər nədən irəli gəlir?

- Şah İsmayıl Xətaini də təhqir etmişdilər. Əslində, burada vəziyyət dəyişmir. Sən çox bilikli və savadlı insan ola bilərsən. Əgər sən təhqir edirsənsə, demək, bu, olmaz. Bununla həm də özün haqqında təsəvvür yaradırsan. Səməd Vurğun elə hadisədir ki, onun barəsində nə qədər təhqiramiz fikirlər söylənilsə də, ona təsir etmir. Çünki Vurğun özünü o qədər təsdiq edib və xalqın gözündə özü haqda elə mükəmməl obraz yaradıb ki, onu təhqirlə zədələmək mümkün deyil. Amma onu təhqir edən haqqında deyəcəklər ki, kim kimin haqqında nə deyir.

- Hikmət Hacızadə həm də Müsavat Partiyasının əsas fiqurlarından biridir. Necə düşünürsünüz, bu fikirləri Hikmət bəyin müxalifətçi olması ilə izah etmək mümkündürmü?

- Mən bildiyim qədər, bu fikirlər müsavatçılıqdan irəli gəlmir. Bu, elə bir insan kimi onun özündən gəlir. İnsandır da, bu onun təfəkkürünü, düşüncəsini, səviyyəsini və mədəniyyətini ifadə edir. Bu fərdi məsələdir. Mən heç vaxt inana bilmərəm ki, bütün müxalifət bir yerə toplaşaraq bir ağızdan Səməd Vurğunu təhqir edə. Bu mümkün deyil. Sadəcə insan kimi Hikmət Hacızadə özü barəsində fikir yaradır. Böyük şəxsiyyətlər haqda danışanda həm ehtiyatlı olmaq, həm də səviyyəni qorumaq lazımdır.

- Görkəmli şəxslərin qorunmasını özündə ehtiva edən qanun layihəsi Sizin sədri olduğunuz Mədəniyyət Komitəsində hazırlanmalıdır?

- Bu məsələ bizim komitədə, eləcə də, İnsan hüquqları Komitəsində, Elm və Təhsil Komitəsində müzakirə edilə bilər. Bu, ümumi məsələdir. Amma təbii ki, daha çox Mədəniyyət Komitəsi bu işi apara bilər.

- Siz belə bir qanunun qəbuluna ehtiyac görürsünüzmü?

- Şəxsən mən buna ehtiyac görürəm. Belə qanuna ehtiyac var. Xalqın mənəvi göstəricisi olan, xalqı ifadə edən şəxsiyyətləri təhqir eləmək xalqı təhqir eləmək deməkdir.

- Siz Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvüsünüz. Bu qurumda təkliflə çıxış edə bilərsinizmi?

- Əlbəttə, çıxış edə bilərəm. Əslində, bu məsələ Yazıçılar Birliyində həmişə müzakirə edilir. Yazıçılar Birliyi qanunverici orqan deyil, bəyanatlar verə bilər. Bəzən bu qurumun açıqlamaları olur. Anar bu məsələlərlə bağlı yazılar yazıb. Bu, vaxtaşırı olmalıdır ki, bu tip təhqirlərin də qarşısı alınsın.

- Siz Yazıçılar Birliyinin üzvü olaraq Hikmət Hacızadənin məhkəməyə verilməsi və cəzalandırılması ilə bağlı bu qurumda məsələ qaldıra bilərsinizmi?

- Əlbəttə. Yazıçılar Birliyinin İdarə Heyəti var. İdarə Heyətinin toplantısında bu məsələlər müzakirə edilə və bizim klassiklərimiz təhqir edilirsə, məhkəməyə müraciət oluna bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31