“Azyaşlı nəslin müəyyən yaş mərhələsindən dini tərbiyəsi haqqında düşünməyin vaxtıdır”

Elman Cəfərli: “Hansısa dini təriqət xalqımızın vahidliyinə, birliyinə, təhlükəsizliyinə təhdid təşkil edirsə, ona qarşı inzibati tədbirlərin də görülməsi labüddür”

Milli dəyərlərimiz və  mədəniyyət nümunələrimizin qorunması və gənc nəslə təbliği, eləcə də xalqımıza aid olan mədəniyyət və incəsənət nümunələrinin, tariximizin tanıdılması ilə bağlı bir sıra işlər görülsə də, müəyyən boşluqlar da  var. Qloballaşan dünyada hər bir xalqın və ya ölkənin gəncliyi zamanla ayaqlaşmaq təlaşında ikən, bir çox hallarda öz kökündən, milli-mənəvi dəyərlərindən qopduğunun fərqinə belə varmır. Bu söylənilənləri Azərbaycan gəncliyinə də  aid etmək olar.  Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması və onların qorunmasında gənclərin fəallığının artırılması vacibdir. Unudulmuş adət-ənənələrimizdən, mənəvi yaddaşımızın bərpası prosesində ziyalıların, din adamlarının, medianın üzərinə hansı vəzifələr düşür? Qloballaşma çağında, internet, informasiya əsrin xalqın milli ənənələrini qorunması üçün hansı addımların atılması vacibdir? Mövzu ətrafında Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli ilə söhbətləşdik.

-Elman müəllim, qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi qorumaq üçün nə etməliyik?

− Müasir cəmiyyətdə hər bir ictimai problemin həlli ilk növbədə maarifləndirmədən keçir. Çünki bir sıra problemlər vardır ki, onların qanunvericilik səviyyəsində və ya inzibati metodlarla həlli ya mümkün deyil, ya da lazımi səmərəni vermir. Nəzərə alsaq ki, qloballaşma nə qədər təbii proses kimi qələmə verilməyə çalışılsa da, burada dünyada hegemonluğa can atan güclərin müəyyən planlı məqsədləri də olmamış deyil. Bu baxımdan qloballaşmanın milli-mənəvi dəyərlərimizlə uzlaşmayan yad təsirlərinə qarşı həm milli səviyyədə, həm də lokal (məktəb, ailə, ictimai təşkilatlar və s.) səviyyədə maarifləndirmə yolu ilə mübarizə aparılmalıdır. Tarixən özünü təsdiq edərək xalqımızın milli kimliyinin formalaşmasında mühüm yer tutmuş milli-mənəvi dəyərlər ardıcıl olaraq təbliğ olunmalı, xüsusən gənc və yeniyetmə nəslin təfəkküründə bu dəyərlərin şüurlu şəkildə dərkinə və qəbul olunmasına çalışılmalıdır. Zənnimcə, hazırda dövlət səviyyəsində görülən tədbirləri daha qənaətbəxş saymaq olar, nəinki lokal səviyyədə aparılan işləri. Bu səviyyələr üzrə tarazlı işin aparılması milli-mənəvi dəyərlərdə aşınmanın qarşısını almış olar. Xüsusən ailələr bəzən müasirliyə can atarkən milli-mənəvi dəyərləri bir sıra hallarda tamamilə unudurlar. Bu isə son nəticədə öz milli mənəviyyatından uzaq düşən, ifrat kosmopolitizmə yuvarlanmış gəncin yetişməsinə səbəb olur ki, əslində elə insanlar gələcəkdə cəmiyyətin ümumi əxlaqi inkişafında bir çox hallarda yalnız problem yaratmaqla məşğul olurlar.

- Unudulmaqda olan milli-mənəvi dəyərlərimizin qorunmasında ziyalıların, din xadimlərinin üzərinə hansı vəzifələr düşür?

− Təbii ki, milli-mənəvi dəyərlərin qorunması, yalnız böyüyən nəslə deyil, habelə bütövlükdə cəmiyyətə aşılanması, müasir tələbatlar səviyyəsində çatdırılması ilk növbədə ziyalıların və din xadimlərinin ictimai vəzifəsi hesab olunmalıdır. Əsl ziyalı millətin və cəmiyyətin ümumi inkişaf dialektikasına xidmət etmək əqidəsinə xidmət etməlidir. Bu baxımdan nəzərə alsaq ki, ziyalıların bir çoxu elm və təhsil, mədəniyyət müəssisələrində, müxtəlif profilli yaradıcılıq birliklərində cəmləşmişlər, bu baxımdan onların geniş fəaliyyət meydanı və fəaliyyətlərinin səmərəliliyinin təmin olunması üçün şərait vardır. Ziyalılar, o cümlədən din xadimləri daim ictimaiyyətlə, həm geniş kütlələrlə, həm də fərdi şəkildə iş aparmaq imkanına malikdirlər. Başqa sözlə, ümumi və xüsusi hallarda ziyalılarımızın və din xadimlərimizin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həm məsuliyyətləri, həm də bu məsuliyyətin realizəsi üçün imkanları vardır. Eyni zamanda, xüsusən ziyalılar cəmiyyətdə ön mövqedə olmalı, müasir informasiya cəmiyyətinin xarakterinə uyğun olaraq milli-mənəvi dəyərlərlə, onların təbliği ilə bağlı informasiya bolluğunun yaradılmasına çalışmalıdırlar. Bu yeni mətbu orqanların, xüsusən elektron informasiya portalları və saytların, müvafiq mövzuda elmi-didaktik material təqdim edən vasitələrin təşkili və formalaşdırılması yolu ilə də həyata keçirilməlidir. Nəzərə alsaq ki, müasir gənc informasiyanı daha çox elektron vasitələrdən alır, o zaman bu işin həm zəruriliyi, həm də bu sahədə ləngimənin olduğu aşkar görünər.

-İnternet əsrində milli dəyərlərin qorunmasından çətinliklər nədən ibarətdir?

− İnternetin imkanları genişləndikcə, informasiya cəmiyyətinin inkişaf meylləri artdıqca, təbii ki, milli dəyərlərin qorunmasının aktuallığı da artır. Çünki danlmazdır ki, internet hazırkı insan həyatının çox vacib ünsürünə çevrilmişdir. Sürətli və ən müxtəlif çoxsaylı mənbələrdən informasiya toplamaq, elmi-ictimai fəaliyyətin effektivliyini artırmaq, öz fəaliyyət sahəsinə dair material toplamaq, o cümlədən vaxta qənaət amili və s. amillər nəzərə alınarsa, bu fikrimizin xüsusi təsdiqinə ehtiyac qalmır. Lakin bu da nəzərə alınmalıdır ki, internet yalnız faydalı resursları istifadə üçün təqdim etmir, xeyli sayda ən müxtəlif aspektlər üzrə fərdi və ictimai əxlaqı pozan, insanların şüur altına bu və ya digər vasitələrlə mənfi təsir göstərən, milli dəyərləri ciddi şəkildə zədələyən internet saytları da vardır. Düşündürücü cəhət isə bundadır ki, həmin saytların bir çoxu təsadüfi olmayıb, məhz bu mənfiliklərin təbliği üçün məqsədli şəkildə işləyir. Təbii ki, burada da maarifləndirmə ilk mübarizə metodu olmalıdır. Doğrudur, indi insan hüquq və azadlıqları amili internetə giriş imkanlarının maksimum sərbəst olmasını tələb edir. Lakin müəyyən inzibati metodlara da əl atılması zərurəti yarandıqda, çəkinmədən buna getmək olar. Lakin düşünürük ki, xüsusən məktəblərdə, ictimai yerlərdə, ayrı-ayrı təşkilat və müəssisələrdə milli dəyərlərə zidd materiallar təbliğ edən saytlara girişin məhdudlaşdırılması ən azı iki amilə görə insan hüquqlarının pozulması faktı kimi dəyərləndirilə bilməz. Əvvəla insan hüquqları anlayışı qeyri-məhdud anlayış deyildir, ikincisi, konkret insanın və ya insan qrupunun hüquqlarının təmin edilməsi bütövlükdə cəmiyyət üçün zərərli olan halların hesabına ola bilməz.

-Gənclərimizi dini təriqətlərdən uzaq tutmaq üçün nə etməliyik?

− Təəssüf ki, hazırda cəmiyyətimizin qarşılaşdığı ən ziyanlı problemlərdən biri də milli-mənəvi dəyərlərimizə zidd, müəyyən qaranlıq məqsəd güdən dini təriqətlərin mövcudluğu problemidir. Azərbaycan Konstitusiyasında ölkəmiz dünyəvi dövlət elan edilib, din dövlətdən ayrıdır. Lakin eyni zamanda dövlət bütövlükdə xalqın təhlükəsizliyinin, bütövlüyünün qorunmasında məsuldur. Bu baxımdan hansısa dini təriqət xalqımızın vahidliyinə, birliyinə, təhlükəsizliyinə təhdid təşkil edirsə, ona qarşı inzibati tədbirlərin də görülməsi labüddür və qanunidir. Eyni zamanda hesab edirik ki, problemin həlli üçün məqsədli, ardıcıl və davamlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də ciddi səmərə verə bilər. Məsələn, insanların, xüsusən azyaşlı nəslin müəyyən yaş mərhələsindən dini tərbiyəsi haqqında düşünməyin vaxtıdır. Azərbaycan təhsil sistemi dünyəvi təhsil sistemi olduğundan, habelə bəzi mülahizələrimizə görə biz də orta məktəblərdə dini təhsilin bir fənn kimi tədris olunmasına müsbət baxmırıq. Lakin nəzərə alsaq ki, orta ümumtəhsil məktəbləri təlim-tərbiyə müəssisələridir, o zaman şərti olaraq din və etika və ya din və hüquq tərbiyəsi adı altında aylıq və ya yarım aylıq məcburi dərsdənkənar məşğələlərin keçirilməsi mümkün ola bilər. Çünki bir çox hallarda məhz dini təriqətlər haqqında heç bir təsəvvürü olmayan, onun ziyanlı cəhətlərinin miqyasını anlamayan gənc nəsil belə milli-mənəvi dəyərlərə zidd təriqətlərin girovuna çevrilirlər. Bundan başqa, xüsusən ali təhsil almamış, heç bir yerdə işləməyən və ya müvəqqəti olaraq işləməyən, ictimai faydalı əməklə məşğul olmayan gənclərin asudə vaxtlarının təşkili məsələsi də həm ailələr səviyyəsində, həm də ictimai səviyyədə diqqətdə saxlanılmalı, müvafiq tədbirlər həyata keçirilməlidir ki, onlar bu kimi yad ünsürlərin qurbanına çevrilməsinlər.

-Bu problemlə bağlı KİV-in rolu nədən ibarət olmalıdır?

− KİV-in ictimai təsir gücünün mütləqliyi şübhə doğurmur. Bu baxımdan KİV, o cümlədən elektron mətbuat milli əxlaqımıza və dünyagörüşümüzə zidd dini təriqətlərə qarşı maarifləndirici xarakterli işlərin həyata keçirilməsində öncül sıralarda olmalıdır. Təəssüf ki, bir sıra hallarda KİV yalnız bu sahədə ayrı-ayrı konkret halların ifşası zamanı informator rolunu oynamaqla öz işini bitmiş hesab edir. Çox nadir hallarda belə ifşa xarakterli informasiyadan sonar bəzi KİV orqanlarında hansısa dini təriqət haqqında analitik yazıya, həmin təriqətin əsl məkrli məqsədlərini təqdim edən təhlilə rast gəlmək olur. Halbuki din sahəsində dövlət siyasətini həyata keçirən orqan (Dini İşlər üzrə Dövlət Komitəsi) vardır və həmin orqanla ünsiyyətdə müvafiq işi uğurla aparmaq olar. Digər tərəfdən hazırkı informasiya bolluğunda müstəqil şəkildə də milli və ümumi ictimai əxlaqa zidd, separatçı dini təriqətlərin əsl məqsədlərinin, fəaliyyət forma və prinsiplərinin ifşası üçün kifayət qədər xam material mövcuddur. Sadəcə KİV, o cümlədən elektron öz fəaliyyətini yalnız biznes maraqları üzərində qurmamalı, özünün ictimai məsuliyyətinin fərqində olmalı, bu cür məsələlərdə maarifləndirici mübarizənin əsas ruporuna çevrilməlidir. Onu da qeyd edək ki, belə dini təriqətlər internetdə də kifayət qədər fəaldırlar. Öz məqsədləri naminə bəzən açıq şantajla, hədə-qorxu ilə məşğul olan təriqətlərin heç də saf olmayan məqsədlərini ifşa edən internet saytları isə, demək olar ki, yox dərəcəsindədir.

-Reytinq ardınca qaçan, erotik materiallar yayan elektron KİV-lərə qarşı hansı addımlar atıla bilər?

− İndi elə bir cəmiyyətdə yaşayırıq ki, az qala bütün fəaliyyət sahələri üzrə əsas insan hüquq və azadlıqları başlıca meyara çevrilib və bu bizim ölkəmizin də illərdir həyata keçirdiyi hüquqi, demokratik dövlət quruculuğu prosesində prioritet istiqamətdir. Lakin hər hansı bir insana, müəyyən peşə fəaliyyəti ilə məşğul olan insanlar qrupuna, cəmiyyətin ayrılıqda götürülmüş bir zümrəsinə peşəsinə görə xüsusi hüquq və azadlıqların tanınması digər insanların, cəmiyyətin qalan hissəsinin hüquq və azadlıqlarının pozulması ilə nəticələnir. Təbii ki, müəyyən imtiyazlar ola bilər, amma xüsusi hüquq və azadlıqların verilməsindən söhbət gedə bilməz. Çünki bu həm də cəmiyyətin ümumi mənafeyinə və əxlaqına zidd halların baş verməsinə, yayılmasına səbəb olur. Bu baxımdan qeyd etdiyiniz məqsədli elektron KİV-ə qarşı müəyyən addımların atılması məqsədəuyğun olar. Bu cür, xüsusən erotikanı və əxlaqı ciddi şəkildə pozan digər halları təbliğ edən elektron KİV-ə qarşı qeydiyyat və təşkili prosedurunu sərtləşdirməklə, üzərinə konkret ciddi öhdəliklər qoymaqla, belə elektron KİV-lərin sonrakı dövrdə internet xidmət haqqını və vergi ödənişini artırmaqla, fəaliyyət sərhədlərini və meydanını məhdudlaşdırmaqla müəyyən addımlar atmaq olar. Digər tərəfdən ictimai qınaq institutu formalaşdırılmalıdır ki, həm bu cür elektron KİV-in, həm də onlara maraq göstərənlərin dairəsi maksimum dərəcədə məhdudlaşdırılsın.

- Toy və yas məclislərində ifrat avropalaşma, bayağılıq sizcə, hara aparır?

− Təbii ki, xalqımıza məxsus min illərin sınağından keçmiş, millliiyin, sadə gözəlliyin, səmimiliyin, saflığın və digər müqəddəs amalların təbliğinə xidmət edən adət-ənənələrimizin, xüsusən toy və yas məclislərinin guya müasir dövrün tələblərinə uyğun müəyyən ikrah doğuran bayağı formada həyata keçirilməsi heç də xoşagələn deyil. Əvvəla onu qeyd edək ki, burada avropalaşma sözündən daha çox bayağılaşma və israfçılıq sözləri daha xarakterikdir. Çünki məsələn, yas məclisi necə avropalaşa bilər ki? Xristian Avropasında yas məclislərinin necə sadə formada keçirildiyi məlumdur. Bizim hazırkı toy və yas məclislərimizdə ifratçılıq və israfçılıq o dərəcədə yüksəkdir ki, bir çox hallarda bu cür el mərasimlərinin əsl mahiyyəti bir kənarda qalır. Toyu təşkil edənin əsas məqsədinin tarixən xalqımızda həmişə müqəddəs hesab olunan öz övladının ailə qurmasına deyil, sanki toya dəvət olunanlar qarşısında zənginlik hesabatına, mənasız və üzücü reklama xidmət etdiyini düşünmək olar. Halbuki əslində toyu bayağılaşdırmağa, israfçılığa sərf edilən vəsait bir gün sonra öz ailə ocağında ilk addımlarını atacaq gənclərin bir çox sosial və məişət problemlərinin əsaslı həllinə səbəb ola bilər. Əvəzində isə həmin vəsait hədər yerə sərf olunur və çox zaman toy sahibi həmin günün sevincini yaşamadan illərlə borc burulğanında boğulur. Elə yas mərasimləri də vəfat edən əziz insana son mənəvi borc kimi həyata keçirilməli olan dini ritual mahiyyətindən çıxıb az qala öz imkanlarını nümayiş etdirmək vasitəsinə çevrilib. Bu sahədə ən müxtəlif səpkidə ziyalılar, ictimai fakir adamları, eyni zamanda sadə insanlar səviyyəsində etirazlar olsa da, hələ ki bu bayağılaşma və israfçılığın qarşısını almaq mümkün deyil. Müəyyən mülahizələr deməyə əsas verir ki, xüsusən yas mərasimlərinin dəbdəbəli (ifadə öz mənasına görə nə qədər uyğun gəlməsə də) təşkili bir sıra hallarda təşviq olunur. Lakin bu sahədə artıq müsbət təcrübə də var. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında illərdir ki, yas mərasimləri öz mahiyyətinə uyğun çox sadə şəkildə keçirilir. Bundan əlavə ayrı-ayrı şəhərlərdə, kəndlərdə həm məscidlərin tərkibində yas mərasimlərinin keçirilməsi üçün zallar var, həm də şəhərlərdə müxtəlif məhəllələrdə, xüsusən məscidlərə uzaq ərazilərdə yas mərasimlərinin keçirilməsi üçün xüsusi zallar inşa edilib. Təbii ki, bütün bunlar ilk bilavasitə muxtar respublika rəhbərliyinin təşəbbüsü və nəzarəti ilə həyata keçirilib və əhali tərəfindən çox razılıqla qarşılanıb. Çünki bu sahədə görülən tədbirlər həm bütövlükdə xalqın mənafeyinə uyğundur, həm də qeyd edilən bayağılaşma və israfçılığın qarşısını məqsədəuyğun şəkildə tam ala bilib. Bu baxımdan Naxçıvan təcrübəsinin yayılması heç də pis olmazdı.

- Gəncləri sosial şəbəkələrin mənfi təsirindən necə qoruyaq?

− İnformasiya cəmiyyətinin inkişafı, internetin insan həyatına sürətlə daxil olması özünün müsbət cəhətləri ilə yanaşı, bir sıra mənfiliklərlə də müşayiət olunur. Gənclərin müxtəlif sosial şəbəkələrdə, öz ayrı-ayrı dar maraqları üçün saatlarla vaxt keçirməsi, sanki buna məhkum olması da günümüzün reallığıdır. Bu baxımdan nəzərə alsaq ki, internetin arealı günbəgün genişlənir, qiymətləri aşağı düşür, hətta kompüterə ehtiyac duymadan planşetlərlə, mobil telefonlarla da sosial şəbəkələrə qoşulmaq mümkündür, o zaman təbii ki, bu məsələdə ilk növbədə gənclərin özünütərbiyəsi məsələsi aktuallıq kəsb edir. Öz övladını müasir elektron texnikanın ən son nailiyyəti olan vasitələrlə təmin etməklə qürur duyan valideyn tərbiyə məsələsini qətiyyən unutmamalıdır. Burada biz geniş mənada tərbiyəni nəzərdə tuturuq. Əgər hər hansı bir şəxs ailə üzvləri ilə, yaxın ətrafla real ünsiyyətdənsə, evə gələn qonaqla maraqlanmaq əvəzinə, ictimai yerlərdə heç nəyi nəzərə almadan, hər hansı faydalı işlə məşğul olmaq əvəzinə lazımsız yerə uzun müddət sosial şəbəkədə məşğul olmağı məqbul sayırsa, bunun özü də artıq tərbiyə amilinə mənfi təsirin göstəricisidir. Buna görə də ən müxtəlif vasitələrlə gənclərin sosial şəbəkələrdəki xüsusən heç bir ictimai faydası olmayan qruplardan uzaqlaşmasını təşviq etmək lazımdır. Maarifləndirmə işlərinin, məqsədyönlü söhbətlərin aparılması, ailədaxili tədbirlərin təşkili, dostlarla, yaxın ətrafla səmimi və sıx ünsiyyətin, gənclərin ictimai məşğulluğunun təmin edilməsi, asudə vaxtlarının real həyat vasitələri ilə əhatə olunması və s. bu kimi addımlarla gənclərimizi daha çox sosial şəbəkələrin mənfi təsirindən qorumaq, onları, belə demək mümkünsə, "real həyata" qaytarmaq olar. Digər tərəfdən, lazımi səmərə verə bilməsə də, gənclərin internetə girişinin olduğu bütün yerlərdə məqsədəuyğun nəzarət tətbiq etmək olar. Çünki bu artıq elə məsələdir ki, qadağalardan daha çox yuxarıda sadaladığımız real maarifləndirici tədbirlərin səmərəsinə ümid etmək olar.


Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31