Müxalifət düşərgəsində passivlik var

Yusif Bağırzadə: “Adətən siyasi müxalifət seçkiöncəsi gündəmə gələrək aktivləşir”

"Azərbaycan gücləndikcə, güclü dövlətə çevrildikcə daha maraqlı olur"

Bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilməsi istiqamətində aparılan məsləhətləşmələr davam edir. Belə bir açıqlama ilə çıxış edən DQB-nin təsisçisi, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə məsələnin yaxın vaxtlarda həllini tapacağını deyib. AMİP sədri "OLAYLAR"-a verdiyi müsahibədə müxalifət düşərgəsində mövcud olan vəziyyət və beynəlxalq münasibətlər sistemindən də danışıb. 

-Yusif bəy, Azərbaycan Milli İstiqlal Partiyasının da təmsil olunduğu Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilməsi istiqamətində aparılan məsləhətləşmələr hansı mərhələdədir?

-Azərbaycan Milli İstiqlal Partiyası da daxil olmaqla Demokratik Qüvvələr Birliyinin təsisçiləri belə hesab edir ki, bələdiyyə seçkiləri lokal seçkilər olduğu üçün qurumun təsisçiləri seçkilərə partiya şəklində gedək. Ancaq burada bir məqamı da diqqətdə saxlayacağıq. Belə ki, seçkilərdə ən güclü namizədi dəstəkləmək siyasətini yürüdəcəyik. Demokratik Qüvvələr Birliyinə daxil olan partiyaların hansı birinin namizədi yerlərdə güclüdür və seçilmək şansı çoxdursa ona dəstək verəcəyik. Ancaq parlament seçkilərində isə çox güman ki, birlik çərçivəsində birgə iştirak edəcəyik. Ona görə də hesab edirəm ki, Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilmə şansı böyükdür. Bizim məqsədimiz, amalımız bundan ibarətdir ki, parlament seçkilərinə qədər buna nail olaq. Düşünürəm ki, yaxın vaxtlarda DQB-nin seçki blokuna çevrilməsi məsələsi gündəmə gələcək.

-Bu günlərdə DQB-nin üzvü olan Sülhəddin Əkbər yeni bir partiya təsis etdi. Həmin partiya da Demokratik Qüvvələr Birliyinə daxil olubmu?

-Həmin partiya da Demokratik Qüvvələr Birliyinə daxil olacaq. Hazırda sözügedən partiyanın rəsmi qeydiyyata alınması məqsədilə müvafiq strukturlara müraciət edilib. Ona görə də biz partiyanın rəsmi qeydiyyatdan keçməsini gözləyirik. Ancaq Sülhəddin Əkbər davamlı olaraq bizim tədbirlərimizdə, DQB-nin iclaslarında iştirak edir.

-Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan müxalifəti çox passivdir. Sizcə, bu passivlik müxalifəti hara aparır?

-Ümumiyyətlə, bu gün Azərbaycanda siyasi passivlik ab-havası hökm sürür. İndiki halda bütün müxalifət düşərgəsində passivlik var. Bu daimi olan bir şeydir. Adətən siyasi müxalifət seçkiöncəsi gündəmə gələrək aktivləşir. Ancaq bu gün müxalifətdə sözün həqiqi mənasında passivlik var.

-Mövcud beynəlxalq münasibətlər sistemində Azərbaycanı yeni regional təhdidlər gözləyirmi?

-Azərbaycan 20 ildən artıqdır ki, regional təhdidlə üzləşib. Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq təhdidlərlə üz-üzə qalıb. Bu gün də Azərbaycan müstəqil siyasət yeritdiyi üçün belə təhdidlərlə üzləşir. Hazırkı vəziyyətdə beynəlxalq və regional proseslər çox gərgin şəkildə cərəyan edir. Rusiya-Amerika, Rusiya-Avropa İttifaqı, Amerika-İran münasibətləri, eləcə də Türkiyədə gözlənilən prezident seçkiləri fonunda Azərbaycan müəyyən təhdidlərə məruz qalır. Bu təhdidlər əsas etibarilə Azərbaycanın torpaqlarını azad etmək istiqamətindəki fəaliyyətini əngəlləməyə yönəlib. Digər təhdid isə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə əlaqədardır. Belə ki, bir müddət əvvəl Azərbaycanın birbaşa iştirakçısı olduğu Cənub dəhlizi layihəsinin Avropa İttifaqı üçün maraqlı olduğu bir daha vurğulandı. Burada məqsəd  Azərbaycan, Türkmənistan, hətta gələcəkdə İran və İraq qazının da Avropaya çıxarılmasıdır. Bundan əvvəl isə Azərbaycanın NABUCCO layihəsində iştirakı gözlənilirdi. Lakin sonradan digər bir layihə gündəmə gəldi. Ümumiyyətlə, Cənub dəhlizi layihəsi son bir həftədə əsas gündəm mövzusuna çevrilib. Hesab edirəm ki, son aylarda Rusiyadan ölkəmizə gələn emissarların əsas məqsədlərindən biri də Azərbaycanı bu proseslərdən çəkindirməkdir. Eyni zamanda Türkmənistana da təzyiq göstərilir ki, bu layihədən kənarda qalsın. Ancaq rəsmi Aşqabad bəyan etdi ki, öz qazını Avropaya ixrac etsin. Onu da qeyd edim ki, Azərbaycan prezidenti yaxın vaxtlarda yeni bir marşrutun reallaşması isə əlaqədar məsələlərin gündəmə gələcəyini bəyan edib. Bundan bir il əvvəl Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın da belə bir bəyanatı oldu ki, Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi ilə olan kəmər birləşdirilərək türkmən qazı Avropaya çıxarılsın. Səfir həmçinin qeyd edib ki, bununla bağlı heç kim Azərbaycana təzyiq edə bilməz. Ona görə də bu layihədə iştirak etməyimiz vacibdir. Azərbaycan gücləndikcə, güclü dövlətə çevrildikcə, karbohidrogen ehtiyatlarını Avropaya çıxardıqca daha maraqlı olur.  Bütün bunların fonunda bizim güclü dövlətə çevrilməyimiz vacibdir. Bu arada onu da qeyd etmək yerinə düşər ki, son günlər gərginləşən İsrail-Fələstin münasibətlərinə Rusiyanın da təsiri olub.  Şübhə yoxdur ki, 3 İsrail gəncinin tutulub öldürülməsində birbaşa siyasi motiv, üçüncü bir qüvvələrin rolu var. Sual oluna bilər ki, Rusiya bununla nəyə nail ola bilir? Son vaxtlar Amerika-İran yaxınlaşması müşahidə edilməkdədir ki, bu yaxınlaşma Rusiyanı qane etmir. Ona görə də Rusiya İsrail-Fələstin qarşıdurmasına nail olmaqla Amerika-İran yaxınlaşmasının qarşısını alır. Paralel olaraq Rusiya dünyanın əsas diqqətini Ukrayna hadisələrindən İsrail-Fələstin münasibətlərinə yönəltməyə nail olur.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31