“Dini təriqətlərə qoşulan gənclərimizin böyük əksəriyyəti savadsızdır”

Əli Zülfüqaroğlu: “Avropada küçədə yarıçılpaq qadına rast gəlməzsən”

"Orda bara geyinilən paltarı bizim müğənnilər efirə geyinirlər və elə bilirlər ki, bu, müasirlik əlamətidir"

Sosial şəbəkələrin mənfi təsiri,  milli mənəvi dəyərlərin get-gedə unudulması və gənclərin qeyri-ənənəvi dini təriqətlərə qoşulması çağımızın əsas problemlərindəndir. Bayağı avropalaşma meyli artıq ifrat həddə çatıb. Qloballaşmanın mənfi təsirindən qurtulmaq üçün hansı addımlar atılmalıdır? Vəziyyyətdən çıxış yolu nədədir?

Müsahibimiz araşdırmaçı jurnalist, Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Əli Zülfüqaroğludur.

- Əli bəy, qloballaşma şəraitində milli mənəvi dəyərlərimizin aşınması ilə üz-üzəyik. Bu təhlükədən  qorunmaq üçün nə etməliyik?

- Daha çox təbliğat aparmalıyıq. Mediada, sosial şəbəkələrdə milli mənəvi dəyərlərimizlə bağlı materiallar daha çox yayılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə daim iş aparılmalı, layihələr həyata keçirilməlidir. Öz keçmişinə bağlı olmayan millətin gələcəyi qaranlıqdır.

- Unudulmaqda olan milli- mənəvi dəyərlərimizin qorunmasında ziyalıların, din xadimlərinin üzərinə hansı vəzifələr düşür?

- Təbii ki, burada ziyalıların üzərində böyük məsuliyyət var. Nə qədər inkar etsək də, bu gün unudulmaqda olan və artıq unudulmuş adət ənənələrimiz var. Elə adət ənənələrimiz var ki, yalnız bəzi bölgələrdə qalıb və ola bilsin ki 5-10 ildən sonra artıq unudulacaq. Məsələn,  yaxın keçmişdə milli sərvətimiz olan muğamla bağlı da durum ürəkaçan deyildi. Hətta muğama gerilikçi kimi baxanlar da az deyildi. Amma Heydər Əiyev Fondunun dəstəyi nəticəsində muğam yenidən prestij qazandı və layiq olduğu yerdə dayandı. Bu təcrübələr onu deməyə əsas verir ki, istənilən problemi həll etmək, istənilən nəticəyə nail olmaq mümkündür.

- İnternet əsrində milli dəyərlərin qorunmasından çətinliklər nədən ibarətdir?

- İnternet həyatımızın bir parçasıdır və buna görə də cəmiyyətə təsir gücü çox böyükdür. Bu da məlumdur ki, internet üzərindən bir sıra zərərli meyllər, ideologiyalar yayılır, təbliğ olunur. Bir çox hallarda gənc nəsil daha çox mənfi informasiyaların təsiri altına düşür. Bir sıra hallarda milli mənəvi dəyərlərimizi zədələyən informasiyalar xüsusi formada və qabarıq şəkildə təqdim olunur. Sosial şəbəkələrdə belə səhifələr kifayət qədərdir. Bu səbəbdən də internetin zərərli və ya xeyirli olması bugün üçün də müzakirə mövzusu olaraq qalır. Bütün bu çətinliklərə rəğmən milli mənəvi dəyərlərimizi qoruya və gələcək nəsillərə çatdıra bilərik. Bunun üçün intellektual cəmiyyət formalaşmalıdır.

- Son zamanlar gənclərin dini təriqətlərin təsirinə düşməsi ilə bağlı narahatlıqlar var. Bununla bağlı hansı işlər görülməlidir?

-Mən müşahidə etmişəm və dəqiq bilirəm ki, bu gün dini təriqətlərə qoşulan gənclərimizin böyük əksəriyyəti savadsızdır. Onlar İslam dinini bilmirlər, onun mahiyyətindən xəbərləri yoxdur. Bu səbəbdən də təsir altına düşürlər. Burada savadsız mollaların, "din xadimləri" nin rolu da az deyil. Əksər hallarda İslam dininin mahiyyəti kənarda qalır, o dövrün siyasi prosesləri günümüzə transfer olunur nəticədə də məzhəblər, ayrımçılıq qabarıq forma alır. Biz də elə bilirik ki, islam budur... Bu problemin inzibati həll yolu yoxdur. İnzibati addımlar daha çox qıcıq yaradır. İnsanın düşüncəsini dəyişmir. Buna görə də insanın düşüncəsinə yönəlik addımlar atılmalıdır. Hər şey təhsildən başlayır. İlk öncə təhsildə olan problemlər və onları yaradan səbəblər aradan qaldırılmalıdır. İslam dininin baza bilikləri orta tədris olunmalıdır. Əgər gənclərimiz savadlı olarlarsa və dinin baza biliklərinə yiyələnərlərsə o zaman heç bir təriqət onları sıralarına cəlb edə bilməz. Savadlı və dünyagörüşü olan gənc heç bir zaman hansısa təriqətin təsiri altına düşməz. Tədris proqramı üçün dövlət proqramı olmalıdır ki, məzhəb fərqliliyi tədrisə sirayət etməsin. Bundan başqa isə kadr problemi öz həllni tapmalıdır. Yalnız bundan 10-15 il sonra təriqətlərə, radikal dini qruplaşmalara qoşulan gənclərlə bağlı səngimələri müşahidə edə bilərik. Belə olan halda yetkinlik yaşına çatan şəxs özünü şiə, sünni, vəhabi, nurçu deyil-müsəlman kimi dərk edəcək.

- Bu problemlə bağlı KİV-in rolu nədən ibarət olmalıdır?

- Dediyim ki, problemin həlli ilk öncə təhsildən başlayır, bundan əlavə isə təhsilə marağı azaldan səbəblərin köklü həlli vacibdir. Bu olmasa onsuz da şagird digər fənlər kimi islamın nə olduğunu bilməyəcək. Bundan sonra isə digər faktorlar gəlir. Problemə kompleks yanaşma tələb olunur. Bu sırada KİV ən sonuncu yerdədir. Amma KİV-in də rolu vacibdir.

- Toy və yas məclislərində ifrat avorpalaşma, bayağılıq sizcə, hara aparır?

- Avropada küçədə yarıçılpaq qadına demək olar ki, rast gəlməzsən. Avropa cəmiyyətləri mükəmməldir. Ona görə də, fikrimcə prpoblemin adını "avropalaşma" qoymaq olmaz. Bu, sindromun adı düşüncəsizlikdir. Məsələn, Avropada bara geyinilən paltarı bizim müğənnilər efirə geyinirlər və elə bilirlər ki, bu, müasirlik əlamətidir. Problem yenə də düşüncəyə, insanın səviyyəsinə gedib çıxır. Hər kəs problemi özündə axtarmalı və özü nümunə olmaldır. Məsələn hamımız toylarımızın və yas mərasimlərimizin bərbad vəziyyətdə keçirildiyini deyirik, amma özümüz də eyni addımı atırıq.

-Gəncləri sosial şəbəkələrin mənfi təsirindən necə qoruyaq?

- Hər şey ailədən başlayır. Əgər gənc normal tərbiyə almayıbsa və düşüncəsi anormaldırsa sosial şəbəkədən də o tərzdə istifadə edəcək, yaxud da əksinə. Ona görə də düşünürəm ki, cəmiyyəti formalaşdıran ailələrdir və övladlarımızın tərbiyəsinə və təhsilinə önəm verməli, diqqətlə yanaşmalıyıq ki, normal cəmiyyət formalaşdıra bilək.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31