İşğal altında olan torpaqlar gec-tez qaytarılacaq
Elşən Mustafayev: “Cənubi Qafgaz regionunda Azərbaycanın istər iqtisadi potensialı, istərsə də yerləşdiyi coğrafiya bu tələbatı yaradıb”
10 İyul 2014 14:51 MüsahibəSon günlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Belə ki, müxtəlif mənbələr tərəfindən irəli sürülən iddialarda bildirilir ki, yaxın vaxtlarda Azərbaycanın işğal altında olan 6 rayonu boşaldılaraq geri qaytarılacaq. Hələlik bu fikirlər rəsmi təsdiqini tapmasa da, cəmiyyətdə müəyyən bir nikbinliyə səbəb olub. Bəs doğurdanmı Ermənistan işğal etdiyi 6 rayonu azad etməyə hazırdır? Yaxud Ermənistanı buna vadar edən nədir? Bütün bunlara aydınlıq gətirmək üçün Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, bu günlərdə Azərbaycanın işğal altında olan rayonlarının geri qaytarılacağı barədə fikirlər səslənir. Amerika səfiri 6 rayonun, bəziləri isə 3 rayonun geri qaytarılacağını deyir. Siz necə düşünürsünüz, bu mümkündürmü?
-Birincisi, işğal altında olan torpaqlar gec-tez qaytarılacaq. Kimsə səhvən düşünə bilər ki, konflikt unudulandan sonra onu həll etmək daha rahat olar, yanılır. Belə ki, zaman da, şərait də bizim xeyrimizə işləyir. Qaldı ki sualınıza, 20 ildən artıqdır ki, bütün Azərbaycan cəmiyyəti torpaqların qaytarılmasını və ərazi bütövlüyümüzün bərpa olunmasını arzulayır. Bu istiqmətdə aparılan işlərin həcmi kifayət qədər böyükdür. Və həmin bu illər ərzində problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatların bir neçə konkret təkliflər paketi də olub. Hətta onlar ciddi ictimai müzakirə də edilib. Həmin təkliflərin nəticə etibarı ilə Azərbaycanın ədalətli mövqeyinə uyğun olmadığı da gündəmə gətirilib. Bu gün həmin təşkilatların yeni hər hansı təkliflər paketi müzakirəyə çıxarılmayıb. Hətta bununla bağlı hər hansı məlumat belə yoxdur.Yox əgər söhbət illər öncə təkilf olunmuş Madrid prinsiplərindən gedirsə, bu prinsiplərin Azərbaycanın mövqeyinə uyğun olmadığı hələ o zaman bildirilib. Əgər yeni nəsə təklif varsa, buyursunlar detallarını açıqlasınlar ki, bu torpaqlar necə, hansı şərtlərlə qaytarılır, Dağlıq Qarabağın statusu necə olacaq və s.
-Sizcə, bu cür fikirlərin dolaşması Azərbaycanın son vaxtlar hərbi güc nümayiş etdirməsinin qarşısını almağa yönəlməyibmi? Yəni, beynəlxalq güclər belə bir məlumatı gündəmə gətirməklə Azərbaycanı hərbi yoldan çəkindirmək istəyirlər?
-Bu gün postsovet məkanında baş verən hadisələr və bu hadisələrdən dolayı regionda yaranmış geosiyasi vəziyyət o həddə çatıb ki, Azərbaycan regionda hamı üçün son dərəcə maraqlı dövlətə çevrilib. Dediyiniz fikirlər də məhz həmin maraqlardan qaynaqlanır. İşgal olunmuş rayonlarımızın qaytarılması ilə bağlı fikirlər yazın əvvəllərində Rusiya tərəfindən qeyri rəsmi şəkildə anonim mənbələrdən sızdırıldıqdan qısa müddət sonra ATƏT-in Minsk Qrupunun Birləşmiş Ştatlardan olan həmsədri açıq şəkildə torpaqların qaytarılması reallığını bəyan etdi. İstər Rusiya, istərsə də ABŞ tərəfindən bu məsələnin açıqlanması Ukraynadakı proseslərin qaynar vaxtında və Gömrük İttifaqı ilə bağlı danışıqların yekun mərhələsində baş verib. Qərb və Rusiya arasında olan yumşaq desək mübarizədə Azərbaycanın tutacağı mövqe çox əhəmiyyətlidir. Cənubi Qafgaz regionunda Azərbaycanın istər iqtisadi potensialı, istərsə də yerləşdiyi coğrafiya bu təlabatı yaradıb. Gürcüstan artıq Avropa İttifaqına assosiativ üzvlüyün siyasi və iqtisadi sənədlərinə qol çəkib. Demoqrafik fəlakətlə üz-üzə qalan, dilənçi halında olan Ermənistan isə Gömrük İttifaqına girmək üçün çabalar göstərir .Amma məhz Azərbaycanın regionun əsas söz sahibi olaraq bu proseslərə qoşulmaması Gömrük İttifaqı ideoloqlarını Ermənistanla bağlı ehtiyatlı davranmağa məcbur edir. Çünki Rusiya da bilir ki , Ermənistan Gömrük İttifaqına və Avrasiya İttifaqına (əgər yaranarsa) üzv olarsa Azərbaycan dərhal Avropa İttifaqı ilə ciddi siyasi-iqtisadi, hətta hərbi müttəfiqlik yaradacaq. Krımın anneksiyası, Ukraynanın cənub-şərqində baş verən hadisələrin günahkarı kimi təqdim olunan Rusiyanın iqtisadi sanksiyalarla üz-üzə qalması hələ uzun çəkə bilər. Hərbi gücünü iqtisadi inkişafından əldə edən bir dövlətin iqtisadiyyatı zəifləyərsə, hərbi gücü də ona adekvat olaraq zəifləyəcək. Regionda vəziyyət o həddə çata bilər ki, Azərbaycan kimsənin vasitəçiliyi olmadan, böyük güc tətbiq etmədən belə ərazi bütövlüyünü bərpa edə bilər. Ona görə də düşünürəm ki, ortada konkret şərtlər olmadan, problemin həllinin yol xəritəsi göstərilmədən söylənilən fikirləri hələlik elə fikir kimi də qəbul etmək lazımdır.
-Bu arada Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı xəbərlərin yenidən gündəmə gəlməsi sizcə nəyə xidmət edir və bu mümkün görünürmü?
-Bir məsələni bildirmək istəyirəm ki, Azərbaycanın razılığı olmadan rəsmi şəkildə Türkiyənin Ermənistanla sərhədləri açıb iqtisadi-siyasi əməkdaşlıq edəcəyi inandırıcı deyil. Hətta ehtimal etsək ki, Türkiyə hakimiyyəti bunu istəyir, yenə də onlar Azərbaycanla münasibətlərə xələl gəlməməsi naminə bunu etməyəcəklər.Amma bu söhbətlər əvvəllər də olub, gələcəkdə də olacaq. Bu günkü və bundan öncəki Türkiyə hakimiyyətləri hər zaman bəyan ediblər ki, münasibətləri bərpa etmək istəyirlər, amma bir neçə şərtlər də irəli sürürlər ki onlardan biri də məhz Qarabağ məsələsidir. Hesab edirəm ki, Türkiyənin Ermənistanla münasibətlərinin qurulması həm də Ermənistanın Azərbaycanla münasibətlərindən keçir. Bu məsələləri gündəmə gətirənlərin bir neçə hədəfləri ola bilər. İki dövlət arasında münasibətlərə xələl gətirmək, Türkiyədə prezident seçkiləri öncəsi bundan istifadə etmək və s. bu hədəflərin içində ola bilər.
-Türkiyədə prezidentliyə namizədlər olan iki nəfərdən Rəcəb Tayyib Ərdoğan və İkmaləddin İhsanoğlundan hansını Azərbaycana daha yaxın hesab edirsiniz?
-Türkiyə Azərbaycan münasibətləri bir-birləri üçün o qədər vacibdir ki, hakimiyyətdə kimin olmasından, bunu istəyib istəməməsindən asılı olmayaraq yaxın münasibətlər həmişə olacaq. Bu qaçılmazdır. Mustəqilliyimizin 23 ilində Türkiyədə müxtəlif hakimiyyətlər iş başında olub. Amma hamısının vaxtında münasibətlər çox yaxın olub. Başqa cür də ola bilməz. Çünki bu hər iki dövlətə lazımdır.
Süleyman İsmayılbəyli