“Cəmil Həsənliyə ən böyük zərbə təmsil etdiyi qüvvələrdən gəlirdi” - MÜSAHİBƏ
Zahid Oruc: “Sadə vətəndaşların nəzərində sabit bir mövqeyi ilə seçilməyən şəxs liderlik statusuna yüksələ bilməz”
17 Oktyabr 2013 14:49 MüsahibəMüsahibimiz millət vəkili, sabiq prezidentliyə namizəd Zahid Orucdur.
-Zahid müəllim, prezidentliyə sabiq namizəd kimi, artıq arxada qalan və tarixə çevrilən 9 oktyabr prezident seçkilərinin yekunlarını necə qiymətləndirirsiniz?
-9 oktyabr prezident seçkiləri sübut etdi ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti ötən dövr ərzində seçilmiş kursa etibar edir və inam göstərir. Heç şübhəsiz, artıq xalqın iradəsi məntəqələrdə hüquqi cəhətdən özünü ortaya qoyduğundan bu prosesi tam başa çatmış, bitmiş hesab etmək olar və bu, o, deməkdir ki, millətimiz gələcəyə baxır. Bütövlükdə götürdükdə, bu əksər siyasi mübahisələri həlli deməkdir və Qərb siyasi texnoloqlarının dili ilə söyləsək, intriqalar da başa çatmış oldu. Öz-özlüyündə buradan çıxan ən böyük nəticə ondan ibarətdir ki, yalnız kiçik bir hissə həmin nəticələrin təftişi üzərində mövqe nümayiş etdirir və bu da hansısa pozuntular və digər məqamlardan daha çox, öz mövqelərinin uğur qazanmaması, illərlə davam edən məğlubiyyət seriyasının növbəti bir həlqəsinin ağrıları, həmin cinahda ön cəbhədə dayananların yerini başqalarına vermək məcburiyyəti və başqa amillərdir. Düşünürəm ki, bizim üçün çıxaracağımız başlıca qənaət ondan ibarətdir ki, ölkə rəhbəri əhalinin bütün kateqoriyalarının maraq və mənafelərinin uzlaşdırmaq bacarığını məharətlə ortaya qoydu. Konkret olaraq, ölkənin aztəminatlı hissəsi sabitlik və əmin-amanlıq tərəfində idisə, iqtisadi sahibkarlıq subyektləri də hər hansı problemlərinə rəğmən yenə çox böyük ümidlə sabaha baxırlarsa və ötən dövr ərzində görülmüş işlərə dəyər verirlərsə, həmçinin, dövlət sistemində çalışanlar bu illər ərzində Azərbaycanın uğurlarını qiymətləndirərək, buna müvafiq addımlar atırsa, bu, o, anlama gəlirdi ki, İlham Əliyev birləşdirici şəxsiyyətdir və milli birliyin yeganə təminatçısıdır. Başqa bir qüvvə haqqında bunları söyləmək olmaz. Əhali həqiqətən də müxtəlif seqmentlərdən, ayrı-ayrı sosial-siyasi baxışların məcmusundan ibarətdir. Hətta, bu dönəmdə hakimiyyətlə münasibətləri birmənalı olmayan insanlar da əgər İlham Əliyevin liderlik keyfiyyətini və Azərbaycanın qarşısında duran vəzifələri uğurla reallaşdırmaq bacarığını etiraf etdisə, bu, o, anlama gəlir ki, onun dövlət başçısı kimi obrazı konkret bir partiyaya mənsubluq, hökumətin və ali icra orqanının rəhbəri olmaq çərçivəsindən çox-çox kənara çıxır və milli miqyasına görən həqiqi mənada aparıcı bir simadır.
- Prezident seçkilərindən narazılar və onların arqumentləri barədə nə deyə bilərsiniz?
- Seçkilərin başqa bir nəticəsi də siyasi sistemi təşkil edən digər qüvvələr və marafonda iştirak edən, daha artıq dərəcədə narazıların namizədi kimi özünü təqdim edən, lakin heç bir platforma ortaya qoya bilməyən qüvvələr arasında idi. İlk öncə deyim ki, onların namizəd seriyaları seçki gününə yalnız 36 gün qalmış mümkünləşə bildi. Bu zamana qədər onlar daxili intriqalar içərisində elə boğulurdular ki, hətta, idman dili ilə desək əsas yarışa sırf prosedur baxımından qoşula bilməmək və texniki məğlubiyyətə uğramaq təhlükəsi qarşısındaydılar. Lakin nə yaxşı ki, hüquqi və siyasi cəhətdən tamamilə tərksilah edildilər. Onların belə pərakəndə vəziyyətində hakimiyyət əleyhinə bir plastdarm təşkil etmək üçün seçdikləri bütün variantlar iflasa uğramışdı. Əslində dava təkcə iqtidar əleyhinə müəyyən bir inteqrasiya təşkil etməklə bitmirdi. Hamıya aydın idi ki, ənənəvi qüvvələr içərisində elə barışmazlıqlar var ki, bunu nə Rüstəm İbrahimbəyov, nə Cəmil Həsənli ortadan qaldırmaq gücündə deyildi və biz ona görə obrazlı şəkildə deyirdik ki, Qarabağ problemi Milli Şuranın daxili münaqişələrinin yanında daha tez həll olunanıdır. Belə ki, İsa Qəmbərlə Əli Kərimli arasındakı məsələni bu günlərdə Cəmil Həsənlinin də həll edə bilmədiyi tam məlum oldu. Onların düyünlədikləri yumruqlar nə birliyi və vahidliyi deyil, bir-birinin başına vurulan zərbələri ifadə edir. Bu üzdən açığı, Cəmil Həsənliyə ən böyük zərbə və onu zəiflətmə siyasəti özünün təmsil etdiyi qüvvələrdən gəlirdi. Üstəlik bu adam son 13 ildə özünün siyasi tərcümeyi-halında sürüşkənlik, simasızlıq və riyakarlıqla geniş xalq kütlələrinin inamını qazana bilməzdi. Sadə vətəndaşların nəzərində sabit bir mövqeyi ilə seçilməyən şəxs liderlik statusuna yüksələ bilməz. Sadəcə, onun çıxışlarında ekran effektinə hesablanmış ritorika vardı. Mənim həmin debatlarda söylədiyim kimi, bu da qədim yezuitilərin prinsipindən irəli gələn bir mövqedir ki, çamur at, ləkə yağdır və yapışmasa da, izi qalacaq. Onun günlər ərzində ölkə rəhbərinin ünvanına etdiyi hücumlar seçkilərin nəticələrində öz cavabını tapdı. Bunu hər kəs bilsin ki, bu adamın gətirdiyi vərəqələr və "ittiam dosyeləri" kompüterdən çox pis bir vəziyyətdə çıxarılmış kserosurətlər idi. Onun iddia etdiyi Vircin adaları, bank sənədləri keyfiyyətsiz şəkildə təşkil edilmiş işlərdən ibarətdir. Xəritədə həmin adaların yerinə belə göstərə bilməyən bu adam saxta obraz sərgiləməklə, özünü bilgili göstərmək istəyirdi. Çevrəsi C. Həsənlidən nə qədər mükəmməl şəxs düzəlmək istəsə də, yenə də bu onun ifasında və portretində alınmır. C. Həsənli konkret olaraq heç bir liderlik bacarığı və quruculuq qabiliyyəti olmayan, bütün siyasi prinsiplərin üzərindən xətt çəkən və şəxsi mənafeyini üstün tutan bir adamdır. Bunun əksini sübut etmək üçün açıq şəkildə söylədim ki, ölkə başçısının ona verdiyi mənzildən imtina etsin. Təbii ki, o buna qadir deyil və nə o mülkdən, nə də Fərhad Əliyevin vasitəsi ilə əldə etdiyi zirzəmisindən əl çəkmək cəsarətində buluna bilməz. Uca millətdən danışan bu adamın Fərhad Əliyevi sırf maliyyə və yerliçilik baxımından müdafiə etdiyinə heç kəsdə şübhə yeri qalmayıb. Ona görə də mən belə hesab edirəm ki, əslində onun yanında olan və onu irəliyə itələyən bu qüvvələr C.Həsənlidən "inqilab qurbanı" yaratmaq istəyirdilər və hələ də bu proses davam edir. Bir-iki görüşə gedib guya ki, Avropadan Azərbaycan xalqının iradəsini təftişlə qayıdacağı barədə bəyanatlarını təşkil edənlər də məhz onlardır. Hara qədər onu istifadə edəcəklər, bu, yaxın zamanlarda görünəcək. Amma Cəmil Həsənli sübut etdi ki, o, tamamilə reallıq hissini itirib və artıq situasiyaya adekvat reaksiya verə bilmir. Onlar anlamaq istəmirlər ki, məntəqələrə gələn milyonlarla insan öz səsini cənab İlham Əliyevə verib. Buna görə də düşünürəm ki, Milli Şuranın dağılmasıını ört basdır etmək üçün C.Həsənlinin başçılığı altında guya ki, yeni bir qurum meydana çıxaracaqlar. Ancaq büsbütün bunlar İsa Qəmbərin başqanlıqdan getməsinin qarşısını almaq layihəsi olacaq. Əli Kərimiliyə Elçibəydən miras qalan və əslində isə həqiqi AXCP olmayan partiyasında məhdud şəxslər üzərində hakimiyyətini qoruması planı seçkilərin nəticəsinə narazılıq adı ilə pərdələnəcək. Beləliklə də, siyasi mübarizə onların timsalında marginallaşacaq. İlkin olaraq düşünürəm ki, Cəmil Həsənlinin bacara bilməyəcəyi vəzifələrlə yüklənməsi halında onun fiziki durumu bir az da ağırlaşacaq. Efirə qoltuğunda bir su butulkası ilə gəlməsi və guya zəhərləməkdən özünü bu yolla qoruması ilə ağır siyasi-fiziki xəstəliklərini gizlətməyə çalışması ucuz teatr səhnəsini xatıladırdı. Biz bunu siyasi arqumentə çevirmirik. Təbii ki, hamımız xəstələnə bilərik, ancaq özlərini bu cür keyfiyyətdə qələmə verənlər Cəmil Həsənlidən rus, ingilis dilini bilən, Harvard səviyyəli böyük bir alim obrazını yaradanlar böyük bir saxtakarlıq edirlər. Cəmil Həsənli rus dilində 0,5 faiz bilir, ingilis dilində isə maksimum 3 söz tələffüz edə bilər. Bunu ona yaxından bələd olan şəxs kimi deyirəm ki, onun obrazına vurulan ştrixlər başqa maraqla edilir və bu müxalif qələmlərin uydurmasıdır.
-Beynəlxalq reaksiyalar necə, adekvat oldumu?
- Beynəlxalq reaksiyaların içərisində əksər mövqelərin Azərbaycanda keçirilən seçkilərin demokratik və ədalətli sayılması heç bir halda yalnız bir xarici qurumun rəyindən asılı ola bilməz. Ona görə ATƏT DTİHB-in avantürist rəyi uzun müddətli müşahidələrin nəticəsi deyil. Aparıları qeydlərin 320 nəfər səviyyəsində olduğunu söyləyənlər öz hesabatlarında göstərdikləri kimi heç 58 faiz məntəqələri əhatə edə bilmədilər. Bizə bəlli idi ki, bu dairələr Azərbaycanı Ermənistanla eyniləşdirmək, yəni, Azərbaycandakı prosesin yekununu bu formada vurmağa çalışırdılar. Gözləyirdilər ki, siyasi dözüm seçkilərdə azalaraq elə bir həddə çatacaq ki, hakimiyyət hər hansı rəqibinə qarşı fiziki güc tətbiq edəcək, yaxud, ictimai toqquşmalar vasitsilə qan töküləcək. Payrur Ayrikyanın reanimasiya palatasına göndərilməsi hadisəsini Azərbaycan variantını əldə etmək mümkün olmadı. Xatırlayırsınızsa, Avropa Birliyi seçkilərdən öncə Cənubi Qafqaz ölkələrinlə bağlı demokratiya testi tətbiq edəcəyinin anonsunu vermişdi. Onların nəzərində təhlükə bundaydı ki, ölkəmizin əldə edəcəyi uğurlar, alacağı qiymət onu Ermənistanın üzərində daha çox qaldıracaq və bu ərazi bütüövlüyünün təminatına səbəb olacaq. Ona görə seçki vasitəsilə bizi təzyiq altında saxlamaq istəyirlər. Düşünürlər ki, bu gözüqıpıqlıqla guya bu demokratiya müfəttişləri bizə dərs verəcəklər. Amerika əvvəlcə Rusiya ilə soyuq münasibətləri hədəf edib dövlətlə yumşaq xəttə üstünlük verirdi. Putin gəlişindən sonra vəziyyət dəyişdi.İndi okeanından o tayından seçki bəyanatlarını verən Birləşmiş Ştatların təmsilçiləri görünür, kəşfiyyat məlumatlarına dayanaraq Putin-İlham Əliyev görüşünün məxfi təfərrüatlarından narahatlıqlarını biruzə verirlər.Deməli səbəb demokratiya deyil, geosiyasətdir. Qərb narahatdır ki.Azərbaycan 2014-cü ildə tamamilə Rusiyanın nüfuz dairəsinə daxil olar və Avropanı maraqlarını sıxışdırıb çıxarar. Halbuki, biz heç zaman Qərbi heç vaxt neft-qazla, yaxud, geopoltik reverenslara təhdid etməmişik. Bizə bəllidir ki, qısa zamandan sonra həmin dairələr gəlib cənab İlham Əliyevlə regionun taleyinə dair danışıqlara başlayacaqlar. Ona görə Amerikada gözləyirlər ki, seçkilərdən sonrakı güclənmiş Azərbaycan Qərbə arxa çevirər və neft müqavilələrinə yenidən baxar. Bu təxəyyülün heç bir fundamental əsası yoxdur. Biz Avrointeqrasiyanı zorla və diktə altında seçməmişik. Başqa tərəfdən seçki qiymətimizi yüksəltmək üçün İran və Rusiya ilə yaxınlaşma xəttini qabardıb Qərbi şantaj da edəsi deyilik. Azərbaycan bütün beynəlxalq dairələri əmin edir ki, regional siyasi konfiqurasiya saxlanacaq. Çünki bu ilk növbədə xalqımızın maraqlarına cavab verən arxitekturadır. Ona görə bilin ki, vaxtilə Steynar Gilin missiyasını musiqi yarımasında üzərinə götürən Almaniya mediasını bu gün əvəz edən ATƏT bürosu xarici mənafe qruplarının və kəşfiyyat dairələrinin sözçüsündən başqa bir vasitə deyil. Lakin Azərbaycanı təzyiq vasitəsilə qazanmaq 90-cı illərin layihəsi kimi artıq geridə qalıb.
Alim