“Avro” məmurlar “demokrat” Paşinyanı “aradan götürmək” istəyir- ÖZƏL
11:49 Siyasət"Azərbaycan uzun illər ərzində Avropa təsisatlarından ədalətli və obyektiv yanaşma gözlədi. Lakin təəssüf ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı konkret addımların atılmaması, əksinə, daxili işlərə müdaxilə cəhdləri, hakimiyyətə qarşı təzyiq və çirkli kampaniyaların aparılması göstərdi ki, bu qurumlar üçün xalqların maraqlarından daha çox öz maraqları ön plandadır." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:
"Bu gün Avropa təsisatlarında yenidən gün işığına çıxan faktlar və ifşa olunan videolar belə qənaətə gəlməyə əsas verir ki, onlar hətta ədalət mühakiməsini belə siyasi təsir alətinə çevirməyi bacarıblar. Həmin qurumlar və şəxslər dövlətlərin daxili işlərinə qarışmaqdansa, digər regionlarda itirilmiş nüfuzlarını bərpa etməyə çalışsalar, daha məqsədəuyğun olar. Siyasətdən uzaq, qeyri-peşəkar bəyanatların səsləndirilməsi və addımların atılması, ən yumşaq ifadə ilə desək, sadəlövlükdür.
Artıq məlumdur ki, Cənubi Qafqazın təhlükəsizlik arxitekturası yenidən qurulur, regionun yeni iqtisadi və siyasi xəritəsi formalaşır. Azərbaycan və Ermənistan prosesləri heç bir vasitəçi olmadan, iki əsas tərəf kimi irəli aparmaq iqtidarındadır. Görünür, məhz bu səbəbdən Avropa təsisatları region üzərində təsir imkanlarını itirdikləri üçün ciddi narahatlıq keçirirlər. Əgər həqiqətən Ermənistanın və erməni xalqının taleyi onları düşündürürsə, son qərarın məhz həmin xalq tərəfindən verilməsinə şərait yaradılmalıdır.
Bir vaxtlar Nikol Paşinyanı "ən demokratik lider" kimi təqdim edən tərəflərin bu gün onu aradan götürmək planları qurması isə açıq-aşkar ikiüzlülükdür. "Avro" məmurlar açıqca "demokrat" Paşinyanı "aradan götürmək" istəyirlər. Azərbaycan heç bir halda Avropa təsisatlarının və orada kök salmış korrupsiyalaşmış məmurların daxili işlərinə müdaxiləsinə icazə vermədiyi kimi, davam edən sülh prosesinə və sülh gündəliyinə xələl gətirilməsinə də imkan verməyəcək. "
İBRAHİM MƏMMƏDLİ