“Güneydə ana dilinin inkişafına dəstəyi artırmalıyıq”-Ekspert- ÖZƏL

"Son vaxtlar Avropada yaşayan bir sıra güneylilər milli düşüncəli insanlar arasında təfriqə salmağa çalışsalar da Güney Azərbaycanda ana dili hərəkatı davam edir. Nə qədər ki, İran rejiminin türklərə, qeyri-fars millətlərə münasibəti dəyişməyib, hərəkat davam edəcək". Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, Finlandiyada yaşayan Güntay Gəncalp adlı adam milli hərəkata rəxnə salmaqla, görülən işləri aşağılamaqla məşğuldur: "Adam özü Avropaya "Güney Azərbaycan dosye"si ilə gedib. İrandan Bakıya qaçıb, Bakıda siyasi tədbirlərə, aksiyalara qatılıb, özünü millətçi kimi göstərib, Avropaya sığınan kimi başlayıb milli düşüncəli insanları söyməyə. Adam son 35 ildə aparılan işlərə kölgə salır, gəncləri yanlış yola sövq edir. Hər söhbətində, çıxışında Təbrizi "fars şovinizminin beşiyi", düşüncə mərkəzi adlandırır. Bakını hədəfə alır, Elçibəy, Bəxtiyar Vahabzadə kimi aydınları aşağılayır. Türk tarixini, ədəbiyyatını pisləyir, fars ədəbiyyatını göylərə qaldırır. Səttar xan, Xiyabani kimi tarixi şəxsiyyətləri qaralayır, Səvəfilər dövrü tariximizi lənətləyir. Bütün hökmdarların, sülalələrin tarixi səhvləri var. Amma bütövlükdə Şah İsmayıl Xətai və Səfəvilər tarixi torpaqlarımızı bütövləşdirmiş siyasi güc kimi tarixdə qalıb. Təbriz İranda farsca danışılmayan yeganə şəhərdir. Bu şəhərdə insanlar küçə və meydanlarda türk dilində danışır, fars  dilində danışanları qınayırlar. Təbrizdə Azərbaycan milli rəqsləri öyrədilir, saz qrupları fəaliyyət göstərir, ana dilində radio-televiziya verilişləri yayımlanır. Pəhləvi dövrünü ideallaşdıran Güntay Gəncalp bunu qəsdən edir. O, iddia edir ki, İranda türk dili təzyiqlıərə məruz qalmır. Sadəcə xalq özü ana dilində təhsil almaq istəmir, fars dilinə üstünlük verir. Necə də tanış mənzərədir. Bir zamanlar Azərbaycanda da bu cür düşünənlər var idi. Onlar  övladlarını rus bölməsinə yazdırır, rus dilində təhsil verir, ana dilimiz haqqında "mətbəx dilidir" ifadəsini işlədirdilər. Amma 30 il keçdi, bu gün Azərbaycan dili inkişaf etmiş dillərdən biridir, siyasət, diplomatiya dilidir. Bu dildə çoxlu elmi və bədii əsərlər, operalar yazılıb. Deməli, dövlət dəstəyi olarsa ana dilini də inkişaf etdirmək mümkündür". E.Cəfərli deyib ki, Güney Azərbaycanda ana dili hərəkatına dəstəyi davam etdirməliyik.
"Yaxşı olar ki, nəşriyyatlar qolunu çırmalasın, işə girişsin. Güney Azərbaycanda ana dilini yaşadan fədakar müəllimlər üçün dərsliklər, vəsaitlər hazırlamalıyıq. O vəsaitləri latın və ərəb qrafikalı Azərbaycan əlifbaları ilə çap etməli, onlayn dərsliklər hazırlamalıyıq. Sosial şəbəkələrdə onlayn dərslər təşkil etmək olar. Güney Azərbaycanda bütün İranı gəzib ana dilimizdə şeirlər,bayatılar söyləyən, dastanlar danışan aşıqlar var, onları tapıb üzə çıxarmalı, onlara dəstək verməliyik"-deyə, o, bildirib.

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31