Teatrın ölüm tarixi məlum deyil
13 Sentyabr 16:05 Müsahibəİntiqam Soltan: Teatrla məşğul olanda ən doğma adamlarımı belə unuda bilirəm.
Bakı Uşaq və Gənclər Teatrının və Mingəçevir Dövlət Dram Teatrının rəhbəri, Azərbaycanın Əməkdar artisti İntiqam Soltan ömrünü teatr sənətinə və gələcəyin yaradıcılıq dünyasına həsr edən sənətkardır. O, yalnız aktyor və rəhbər deyil, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün teatr vasitəsilə yeni üfüqlər açan bir müəllimdir. İntiqam Soltanla olan müsahibəmizi sizlərə təqdim edirik:
-Teatrın ən çətin tərəfini-uşaqlarla işləməyi seçmisiniz. Bu həm də yaradıcı tərkib olaraq bir qədər çətindir. Tamaşaçılar da gənc olanda iş qəlizləşir. Uşaqlar saxtalığı o saat hiss edirlər. Niyə məhz uşaqlarla işləmək? Uşaqlara və gənclərə yönəlik teatr əsərləri yaratmaq istəyinizin kökündə hansı şəxsi təcrübələr dayanır?
-İnsanlığa, milli mədəniyyətə sevgi. Bir az rəsmi cavab oldu. Tam səmimi deyirəm, mətbuatdan mənə heç vaxt belə gözəl sual verilməmişdi. Kiçik yaşlarımda aktyor olmaq istəmişəm. Təbii ki, insan uşaqlıq arzularının ardınca gedir. Uşaqlıq arzuları bitəndə ömür də bitir və insan dünyasını dəyişməyə könüllü şəkildə razı olur. O adamlar çox yaşayır ki, onların uşaqlıq arzuları çox olur. Baxmayaraq ki, bu gün-sabah 60 yaşım olacaq, özümü hələ də uşaq hesab edirəm. Uşaqlıq arzularım o qədər çox olub ki, oradan bu günə kimi qurtula bilməmişəm. O zamanlar İncəsənət Universitetinə qədər aktyorluqla bağlı, teatr haqqında məlumat ala biləcəyimiz heç bir rəsmi məktəb yox idi. Uşaq ağlımla görürdüm ki, bizim bütün dünyaya səs salan bəstəkarlarımız var. Bunun istedadla yanaşı bir səbəbi daha var idi. Hər kənddə, şəhərdə orta məktəblərlə yanaşı musiqi məktəbləri var idi və istəyi, istedadı olan şagirdlər paralel olaraq həmin musiqi məktəblərində tədris alırdılar. Təkcə Bakı şəhərində 38-40-a yaxın musiqi məktəbi var. Təbii ki, belə olan təqdirdə istedadlılar baxımından Konservatoriya daha varlı olacaq, nəinki İncəsənət universiteti. Qarşıma bir məqsəd qoymuşdum: nəinki aktyor olacam, hətta uşaqlar üçün teatrla bağlı əhatəli bilgi verən nə isə yaradacam. İncəsənət Universitetində təhsil aldığım 4-cü kursdan "Körpəm" eksperimental uşaq teatrını yaratmışam. Daha sonra onun bazasında Bakı Uşaq Teatrı, onun da bazasında Bakı Uşaq və Gənclər Teatrı formalaşıb və dövlət teatrı səviyyəsinə qədər gəlib çıxıb.
-Teatrla ilk tanışlığınızdan bu yana, bu sənətin sizin üçün mənası necə inkişaf edib və dəyişib? Bir sözlə, ilk başlayanda teatr nə idi, indi nədir?
-Sevginin 360 adı olur. Bu mənim öz fəlsəfəmdir. Sevgi bir enerjidir. Əgər bu, saf enerjidirsə, öz gərəkliliyini həmişə qoruyub saxlayır. Uzun sözü qısası, demək istəyirəm ki, teatr mənim üçün birinci gün nə idisə, bu gün də elədir. Teatr mənim üçün namus məsələsidir. Teatr mənim üçün həyatdır, eşqdir, sevgidir. Teatr bir dünyadır mənim üçün. Qısası, hər şeydir.
-Teatr sizin üçün bir qaçışdır, yoxsa bir üzləşmə? Yəni, teatr sənəti ilə məşğul olarkən həyat reallıqlarından qaçırsınız, yoxsa onunla daha dərin bir şəkildə üzləşirsiniz?
-Teatrla məşğul olanda ən doğma adamlarımı belə unuda bilirəm. Hətta yadından çıxmasa, çətin məsələdir, teatr yarada bilməzsən. İsmayıl Osmanlının həyat yoldaşı dünyasını dəyişən gün onun komediya tamaşası var imiş. Meyiti evdə qoyub, qapını bağlayıb tamaşanı oynamağa gedir. Özü də deyilənə görə həmişəkindən daha yaxşı oynayıb. Tamaşa bitər-bitməz, pərdə bağlanan kimi onun ürəyi gedib və yalnız ayıldanda məlum olub ki, yoldaşı dünyasını dəyişib. Mən atamın vəfatının üçüncü günü premyera oynamaq məcburiyyətində idim. Ona görə də ev qayğılarını heç zaman teatra gətirmək olmaz. Belə bir qanun var: problemlər həmişə teatrın çölündə qalır. Çünki teatr özü yaxşı mənada bir problemdir. İnsan bədəni haqqında nə qədər az bilgiyə malikdirsə, bu, teatr üçün də keçərlidir. Bu barədə də çox az bilgiyə malikik. Teatr istənilən tamaşaçını istənilən formada cinayətkar da edə bilər, cinayətlərdən uzaqlaşdıra da bilər. Teatr gözəgörünməz cinayətlər mənbəyi də ola bilər. Teatr ən ülvi, ali hissləri aşılaya bilən gözəgörünməz bir mərkəzə çevrilə bilir.
- "Sizə görə sənətin cəmiyyətə təsiri nədir" deyə bir sual ünvanlayacaqdım. Siz artıq bunu cavabladınız.
-Bir misal deyim bu məsələyə: Bakı Uşaq və Gənclər Teatrı ilə təxminən 7-10 il Ədliyyə Nazirliyinə gedib-gəldim ki, cəzaçəkmə müəssisəsinə bir tamaşa salaq. Əvvəlcə razılaşmadılar, orada həyatdan küskün, cinayətlər törətmiş şəxslər var dedilər. Dedim axı, ora islah müəssisəsidir. Siz də orada olduqdan sonra bizim üçün heç təhlükə ola bilərmi? Bir tamaşa oynadıqdan sonra teatrın gücünü gördülər və 10 il məndən əl çəkmədilər. İldə 2 dəfə 10 il cəzaçəkmə müəssisəsinə rəsmi müqavilə ilə gedirdik. Ədliyyə Nazirliyi ilə bağlanan müqavilə 10 il müddətində hər il yenilənirdi və 350-yə yaxın tamaşa oynadıq. Tərəf müqabillərimiz teatrın gücünü gördülər.
-"Yetəri qədər maddi vəsait, yer və 6 ay vaxt verin, dünyada ən gözəl uşaq teatrlarından birinin Azərbaycanda olduğunu bütün dünyaya sübut edim" demisiniz əksər müsahibələrinizdə. Bugünkü günə gələnə qədər çox çətinlikləriniz olub və düşünürəm ki, bu çətinliklər indi də davam edir. Həmçinin anidən paytaxt mühitindən əyalət mühitinə düşmüsünüz. Bütün bunların sizə yaratdığı çətinliklərdən danışmağınızı rica edirəm.
-"Lazım olan qədər vəsait, yer və 6 ay vaxt verilsə..." fikrimin üstündə hələ də qalıram. Çox çətindir. Ona görə ki, hər dəfə kollektivlə üz-üzə gələndə onların hamısının gözündə böyük-böyük sual işarələri dayanır: İntiqam müəllim, nə qədər bu mühitdə işləyəcəyik? Şəhərin mərkəzindən 10-15 km aralıda, teatr üçün bina baxımından heç uyğun olmayan mühitdə işləyirik. Elə əməkdaşlarımız var ki, düz 50 kilometr yol gəlirlər. Elə adam var ki, yola bir gündə 5-10 manat pul vermək məcburiyyətində qalır. Mən də işi passiv rejimə keçirməyə məcbur oluram: hər əməkdaş hər gün işdə olsa, gərək maaşının 5 qat artığın alsın ki, bunu yola xərcləyə bilsin. Çalışırıq ki, iki günün işini bir gündə görə bilək. Bu da işin keyfiyyətinə mənfi təsir edir. Tamaşaları hazırlayanda heç bir teatr ab-havası olmayan bir səhnəyə uyğunlaşdırmağa məcburuq. Olduğumuz məkana gediş-gəliş çətindir deyə biz tamaşaların bir çoxunu səyyari formada hazırlayırıq və bu zaman tamaşanı həmin səhnəyə uyğunlaşdırmaq istəyəndə bizim səhnəmizin dekorasiyaları, ləvazimatlatı və s. çox cılız, arıq və çəlimsiz görünür. Qonaq getdiyin zaman həmin anda o evin sahibi kimi davrana bilməzsən, mümkün deyil. Xüsusən uşaqlarla işləmək çox çətindir. Hətta Hacıbala Abutalıbovun dövründə məktubla müraciət edib uşaq teatrının aktyorlarının əmək haqlarının artırılmasını əsaslandıraraq xahiş etmişdim. Nəinki artırmaq, bunu heç diqqətə də almadılar. Elə olur ki, rejissorluğu bitirib aktyor kimi fəaliyyət göstərirlər. İki gündən bir olan yoxlanışlarda həmin adamların əmək haqqı aşağı düşür. Azərbaycan ekranını yaxşı mənada zəbt edən elə tanınmış aktyorlar göstərərəm ki, qeyri-ixtisas sahibləri olduqları üçün əmək haqları 2,3 dəfə aşağı salınıb. Bütün bunları deməyə adam bir az utanır, amma reallıq budur. Teatrı özbaşına buraxmaq olmaz, o maliyyələşməlidir. Yalnız əmək haqqı baxımından yox, teatra dövlət sifarişləri olmalıdır, qurulan tamaşalar dövlət tərəfindən maliyyələşməlidir. Mən bu cəmiyyətə ziyalı vətəndaş, ictimai yerlərdə özünü apara bilən adamlar yetişdirirəm. Mənə kömək etmək lazımdır. İlin, günün bu vaxtı bütün bunları təkbaşına etmək çox çətindir. Əyalət mühitinə düşməksə, mənim üçün yeni bir aləm idi. Əvvəla Mingəçevir Dövlət Dram Teatrına getdikdən sonra Bakı Uşaq və Gənclər Teatrını daha yaxşı tanıya bildim. Mingəçevir Dövlət Dram Teatrı qalmaqalları ilə seçilən bir teatrdır. Orada bir-iki nəfərin cığallığı bütün kollektivi çox incidib. Mingəçevir Dövlət Dram Teatrı keçən il 100 faizlik maliyyə planı doldurub. Repertuarda o qədər tamaşamız var ki, sıra baxımından müəlliflərin arasında mübahisə düşür. Hətta Kukla Teatrı Studiyası yaratmışıq və xeyli tamaşaçısı var. Mən məkan baxımından o qədər ac idim ki, Mingəçevir Dövlət Dram Teatrına getmək müəyyən qədər aclığımı səngitdi. Təəssüf ki, Bakı Uşaq və Gənclər Teatrında bu şəraitin 15-20 faizi belə yoxdur.
-Sizcə, bir teatr tamaşasında ən vacib element nədir - mövzu, aktyor oyunu, yoxsa səhnə quruluşu?
-Teatr sintetik sənətdir. Ümumiyyətlə bir fikrin qarşı tərəfə 100 faizlik çatması üçün 3 amildən istifadə olunur. Bunu xanımlar daha yaxşı anlaya bilir. Çatan fikrin 7 faizi sözdən, 38 faizi səsdən(necə deyildiyindən), yerdə qalan 55 faizi bədən dilindən ibarətdir. Jestlər düzgün qurulmayanda fikir tamaşaçıya düzgün çatmır. Bu, həyatda da belədir və mənim kəşfim deyil, dünya alimlərinim gəldiyi qənaətdir. Həmçinin mövzu da, ona yanaşma da önəmlidir. Bir məsəl var: oha var, dağa qaldırır, oha var, dağdan endirir. Yanaşma düzgün olmalıdır ki, dilbilməz varlıqları dağa qaldırsın da, endirsin də.
- Teatrın gələcəyini necə görür və necə görmək istəyirsiniz?
-Teatrdan qorxmaq lazım deyil. Bir cizgi filmi var: ana siçan bala siçana tələnin nəzəriyyəsini danışır. Deyir ki, tələ qorxulu deyil. Onun quruluşunu bilməyin kifayət edir. Cəmiyyətimiz bir az bu mövzuda məlumatsız ola bilər. Teatrdan qorxan məmurlar çoxdur. Elə bir güzgüdür ki, ora hər kəs baxa bilmir. Ona görə də Stalin dövründə teatrda elə axmaq struktur qurulmuşdu ki, inkişafının qarşısı alınsın, bu proses ləngisin. Teatrdan başı çıxmayan adamlardan ibarət Bədii Şuranın yaradılması teatrı öz içində boğmağa bir nümunə idi. Yaradıcı insanla məmurun sözü 95-98 faiz heç vaxt üst-üstə düşmürdü və bu yaradıcılığa təsir edirdi. Bəzən rejissorlar acığa düşüb tamaşaları qənaətbəxş etmirdilər, bəzən də imkan vermirdilər. Üzə çıxmaq istəyən səhnə əsərlərini də teatrdan başı çıxmayan Ömər Ağayev kimi sosial sənaye qəhrəmanları məhv edirdi. Allah rəhmət etsin, amma Ömər Ağayev nə bilir teatrı? Həmin institut bir çox hallarda indi də davam etməkdədir. Teatrların 99 faizi direktor-baş rejissor sistemi ilə işləyir və buna görə də inkişaf mümkün deyil. Mingəçevir teatrının ilk uğuru məhz o oldu ki, mən teatr adamıyam, aktyoram və rejissorla çəkici eyni yerə vurduq. Ona görə il yarımın içində biz çox böyük uğurlar əldə etdik. Təkcə teatr nümayəndələrindən yox, mingəçevirlilərin hansı birindən soruşsanız bunu öyrənə bilərsiniz. Bu o demək deyil ki, İntiqam çox güclüdür, savadlıdır. İntiqam teatrı bilir və bu, onun üçün namus, qeyrət, şərəf məsələsidir və teatrın inkişafında birbaşa maraqlıdır. Teatr İntiqam üçün qazanc yeri deyil, mənəvi bir mərkəzdir. "Necə salam verəcəksən, elə də əleykə salam eşidəcəksən"- teatr da belədir.
-Sizin üçün müvəffəqiyyət nə deməkdir və onu necə qiymətləndirirsiniz? Yaradıcı uğurları və şəxsi müvəffəqiyyəti necə təyin edirsiniz? Ümumiyyətlə, müvəffəqiyyətin əsl mənası nədir?
-Mənim üçün müvəffəqiyyət deyilən bir şey yoxdur. Məsələn, bizim orta məktəb attestatlarının adı "kamal attestatı" olub. Çünki təhsil insanları kamilliyə doğru aparmalıydı. Təhsil get-gedə zəiflədiyinə görə biz acığımızı o kəlmədən çıxdıq. Niyə "kamal attestatı" olmalıdır? 5 idraki qabiliyyətə cavab verən insan kamil adlanır. Sağlam şüur, hazırcavablılıq, yaddaş və s. Bunların hər hansı insanda varsa, müvəffəqiyyətin açarı ondadır. Qısası, mənim üçün müvəffəqiyyət ona görə yoxdur ki, iş görülməlidir. Dediyim ki, Mingəçevir Dövlət Dram Teatrı bəlkə də neçə il sonra planı doldurub, bilmirəm. Bu müvəffəqiyyətdirmi? Plan dövlətin teatra ayırdığı əmək haqqı qədərdir. Bir aylıq əmək haqqını qazana bilmək müvəffəqiyyətmi sayılmalıdır? Bakı Şəhər Mədəniyyət İdarəsi ilə sözümüz çəp gəlmişdi. Özüm getdim maşın təkəri qaraltmaqçün bir yer tapdım. Dedim sizə söz verirəm ki, teatrdan çıxandan sonra 2 ay ərzində Azərbaycanda məşhur bir təkər qaraldan olacam. Niyə? Çünki mən vicdanla iş görməyi bacaran adamam.
-Belə bir qərar varmı ki, sizin həyatınıza və yaradıcılığınıza ən böyük təsiri məhz o göstərib?
-Prinsip etibarilə birinci sevməyi bacarmağım olub. Qarşıma çıxan hər şeyi sevməyi bacarıram. Bəlkə də uğurumun sirlərindən biri həyat yoldaşım Arzu Soltan olub. Biz elmi mövzuda çox dalaşsaq da, biz-birimizi bu məsələdə tamamlamışıq. Arzu xanım harada işləyir işləsin, özünü "teatrın dəlisi" hesab edir. Bəlkə də düzgün tərbiyə olunmuşam deyədir.
Teatr o qədər böyük məktəbdir ki, danışılası şey çoxdur. Teatrın vaxtı keçib və s. deyirlər. O, canlı orqanizmdir. Buna görə də heç vaxt məhv ola bilməz. Əgər bugünkü gündə teatra tamaşadan sonra tamaşaçı üçün təcili yardım gəlirsə, demək ki, hələ də inandıra bilir və onun ölüm tarixi məlum deyil.
Zeynəb Rzayeva