“Bakının qədim qəbirstanlıqları dağıdılıb” - Nəsir Ağayev
“Diplomatik nümayəndəliklər İçərişəhərdən çıxarılmalıdır”
8 Oktyabr 2013 15:50 MüsahibəBakı və Kəndlər İctimai Birliyinin ilk sədri və qurucusu Nəsir Ağayev paytaxt və kəndlərində baş verən dəyişikliklərin törətdiyi fəsadlar barədə "OLAYLAR"a danışdı:
- Bakı vaxtilə mərkəz statusuna cavab verməyən dəniz sahilində kiçik liman şəhəri olub. Tarixin ayrı-ayrı dövrlərində şəhərdə baş verən sıçrayış Bakını Azərbaycanın paytaxtına çevririb. Gəncə, Dərbənd, Təbriz, Ərdəbil, Şəki və Bərdənin zəifləməsindən sonra Bakıda neft sənayesinin inkişaf etməsi buranın iri şəhərə çevrilməsinə şərait yaradıb. Xüsusilə də Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra siyasi qüvvələrin diqqəti Bakıya çevrildi. Bakı tarixin diktəsilə Azərbaycanın mərkəzi olub. Tarixin müxtəlif vaxtlarında Bakıda yaradılan abidələrin qorunması insanların əsas vəzifəsidir. Paytaxtın İçərişəhər adlanan hissəsi XIX əsrin ortalarına qədər Bakı şəhərinin əsas məskunlaşma sahəsi olub. İçərişəhərdən kənardakı ərazilərə insan axını yalnız XIX əsrin ortalarından sonraya təsadüf edir. XIX əsrin birinci rübündə Bakıda 500 ailə yaşayırdısa, bu gün şəhərdə 3 milyondan çox insan məskunlaşıb. İnsanların sürətlə şəhərə axın etməsi demoqrafik siyasətin düzgün aparılmasını sübut edir. İçərişəhərdə Qız qalası, Şirvanşahlar sarayı, bir neçə məscid yaxşı şəkildə qorunub saxlanılsa da digər abidələr barəsində bunların əksini söyləmək olar. İçərişəhərdə xarici ölkə səfirlik binalarının yerləşdirilməsi oradakı tarixi abidələrin qorunmasına mane olur. Həmin diplomatik nümayəndəliklər İçərişəhərdən çıxarılmalıdır. Əcnəbilər İçərişəhərə yalnız oranın tarixinin öyrənilməsi üçün buraxılmalıdırlar. Məsələn, İstiqlaliyyət küçəsində aparılan yenidənqurma işləri heç də yaxşı nəticələr ortaya qoymur. Bəzi şirkətlər küçədə tarixi binaların söküntüsü ilə məşğuldurlar. Şəxsi mülkiyyətdə olan və sonradan ayrı-ayrı şəxslər tərəfindən şirkətlərə satılan binaların sökülməməsi üçün dövlət qeydiyyatına alınmalıdır. Sökülmüş və dağıdılmış binalar tarixi abidələr kimi bərpa olunmalıdır. Dünya praktikasından da məlumdur ki, proseduranın həyata keçirilməsi mümkündür. Məsələn, İstanbulda dağılmış qalanın daşları hələ də dövlət tərəfindən mühafizə olunur. Ətrafında ən yaxşı halda yaşıllıq zolaqları salınıb. Qala daşlarının ətrafında nə qədər müasir və modern binalar tikilsə də həmin abidə xüsusi diqqət cəlb edir. İnsanları da müasir Bakı yox, bu şəhərin tarixi kökü maraqlandırır. Şəhərin kökünü müasir göydələnlərlə müəyyən etmək olmaz. Şəhərin tarixiliyini onun qədim məzarlıqları ilə təyin edirlər. Təəssüflər olsun ki, bu gün Bakının qədim məzarlıqları tamamilə dağıdılıb. Qəbiristanlıqlar qədim yaşayış məskənlərinin doğum şəhadətnaməsidir. Keçmişdən bu günə qalmış ən adi daş belə keçmişimizin və gələcəyimizin yazıldığı kitabədir. Ölkəyə turist axınını gücləndirmək üçün tarixi abidələrin əvvəlki görünüşünə qaytarılması əhəmiyyətlidir. Qədimlik gəncliyimizin xatirəsidir, insanın keçmişdəki gəncliyinə qayıtması tariximizin olduğu kimi saxlanılmasından keçir:
"Qablaşdırılmış Ceyranbatan suyunu da müxtəlif adlarla insanlara sırıyırlar"
- Şəmsi Əsədullayev, Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov kimi milyader neftxudalar Bakı şəhərində doğulublar. Onlar sərvətlərinin əsas hissəsini xalq və Bakının inkişafı üçün xərcləyiblər. Lakin bunun müqabilində tarixi abdiələri şəxsi mülkləri kimi istifadə etməyiblər, əskinə onları bərpa edib xalqın ixtiyarına veriblər. Hacı Zeynalabdin Tağıyev Azərbaycanda dövlətçiliyin olmadığı dönəmdə - çar irticasının hökm sürdüyü vaxtda Meliorasiya, Mədəniyyət, Təhsil və Səhiyyə Naizirliklərinin funksiyasını təkcə öz üzərinə götürüb. Tağıyev şəxsi hesabına təhsil, mədəniyyət, səhiyyə ocaqları tikdirib, insanların tibbi müayinəsinə könüllü şəkildə yardımçı olub. Bu gün də H.Z.Tağıyevin kənardan Bakıya gətirdiyi şollar suyu hələ də insanların içməli suya olan tələbatının müəyyən hissəsini ödəyir. Həmin sudan müxtəlif məhsulların istehsalı ilə məşğul olan şirkətlər əldə etdikləri gəlirlərdən H.Z.Tağıyev Fonduna yatırımlar etməlidirlər. Fond işlək vəziyyətə gətirilməlidir. Fondun təsis etdiyi mükafatın beynəlxalq səviyyəyə qaldırılması təqdirəlayiq hal hesab edilərdi. Tağıyevin Azərbaycan adına göstərdiyi xidmətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. H.Z.Tağıyevin şəxsi hesabına Bakı şəhərinə çəkilən boru kəməri təxminən 250 min insan üçün nəzərdə tutulub. Lakin bu gün paytaxtda 3 milyondan çox insan yaşayır. Bu isə ortaya çoxlu problemlər çıxarır. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün Ceyranbatandan Bakıya çəkilən suyu şollar adı ilə insanlara satırlar. Qablaşdırılmış Ceyranbatan suyunu da müxtəlif adlarla insanlara sırıyırlar. İndi Bakıda Ağamusa Nağıyev kimi yaxşı mənada özünü göstərən sahibkar yoxdur. Bu günki azərbaycanlı milyarderlər insanlar üçün heç bir xeyriyyə işləri həyata keçirmirlər, ümumiyyətlə, bu işdə maraqlı görünmürlər. Nağıyev şəxsi hesabına çoxlu sayda xeyriyyə binaları, xəstəxanalar, məktəblər inşa edib. Lakin indi A.Nağıyevdən çox pul qazananlar heç bir iş görmürlər.
Ömər Zamin