Cavid Zeynallı: "Biz bundan sonra yıxmaq yox, tikmək haqqında düşünməliyik"- MÜSAHİBƏ

"Olaylar" yazıçı-jurnalist, Akademik Milli Dram Teatrının Ədəbi hissə müdiri  Cavid Zeynallı ilə müsahibəni təqdim edir.

QISA  ARAYIŞ.Cavid Zeynallı 1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili, Azərbaycan Dillər Universitetində doktorantura təhsili alıb.
2010-cu ildə Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı gənc yazıçısı" mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident təqaüdçüsüdür.
"Günəşi gözləyənlər", "Leyla" və "Şükriyyə" kitablarının müəllifidir. "Coğrafiya müəlliminin pencəyi" adlı hekayələr kitabı Türkiyədə çap olunub. "Şükriyyə" pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya hazırlanıb.
Cavid Zeynallının əsərləri  rus, ingilis, alman və gürcü dillərinə tərcümə olunub.
Çağdaş türk yazıçıları Əsli E. Perkerin "Cəllad məzarlığı" və Tuna Kirəmitçinin "Dualar əbədidir" romanlarını dilimizə çevirib.
TÜRKSOY-un "Əhməd Cavad-130" medalı ilə təltif olunub.

-Cavid bəy,  gənc yazarlar roman yazmağa cəsarət etmirlər. Onları ədəbiyyatda daha çox hekayə kitabları ilə görürük. Siz daha cəsarətli olmusunuz. Gənc yaşda ilk romanınızı yazmağa başlayanda tərəddüd etdiyiniz olub?

- Yaradıcılıqda tərəddüd və narahatlıq həmişə var. Mənə elə gəlir ki, bu məsələdə yaradıcılığa ilk başlayan naşı müəlliflə, təcrübəli müəllif arasında heç bir fərq yoxdur. "Görəsən, necə qarşılanacaq, nə deyəcəklər?" narahatlığı böyük yaradıcı yol keçən müəlliflərə də tanış hissdir. Amma əlbəttə, tərəddüd yazıçının özünə olan inamından böyük olmamalıdır. Olarsa, vaxtında bu iddiaya düşməmək daha yaxşıdır. Mənim ilk romanım "Günəşi gözləyənlər"dir. Vaxtilə maraqla qarşılanmışdı, müzakirə yaratmışdı. Ötən il təkrar çap olundu. İndi bu cür roman yazarammı? Xeyr, yazmaram. Yaş, təcrübə, həyat həqiqətləri özü ilə yeni mövzular gətirir. Əlbəttə, yazı təcrübəsi də öz yerində. 

-"Günəşi gözləyənlər" haqqında danışanda: "Heç kimi göz ardına almadan çox rahat şəkildə hər şeyi yazmışam", - demisiniz.  Qələminizin sevilməyinə başlıca səbəb elə bu ola bilərmi?

- "Günəşi gözləyənlər"i  25 yaşımda yazmışam. Bəli, hiss etdiyim, yazmaq istədiyim hər şeyi yazmışam. Rahatlıqla deyə bilərəm ki, ütülü mətn deyil. Həyatın məngənəsində sıxılan, qayğıların əldən saldığı bir gənc necə yaşaya bilərsə, necə düşünə bilərsə, o cür yazılıb. İdeal qəhrəman deyil, müsbət olan heç nəyə can atmır. Sadəcə, yaşayır. Daha doğrusu, yaşamaq üçün mübarizə aparır. Bir vaxtlar bu roman əsasında serial da çəkmək istəyirdilər. Sonra, hansısa səbəbdən alınmadı. Mən də ardınca düşmədim. 

-Cavid Zeynallının "Şükriyyə"si... 1937-ci il repressiya qurbanı olmuş bir çox görkəmli şəxsin ailəsi sürgün olunub. Niyə məhz Şükriyyə xanım haqqında yazmaq qərarına gəldiniz?

-  Əlbəttə, hər şeydən əvvəl bu tariximizin bir parçası və səhifəsidir. Biz xalq olaraq bu dəhşətli faciəni yaşamışıq. Bu faciənin içində minlərlə insanın məhv olmuş taleyi var. Analar, atalar, övladlar məhv olub, əzab çəkiblər. Harda insan varsa, harda sevinc və kədər varsa, orda ədəbiyyat üçün, sənət üçün geniş üfüqlər, maraqlı mövzular var. Bu mövzuya müraciət məhz bu sadaladığım səbəblərə görə oldu. 

- Hansı mənbələrdən istifadə etdiniz? 

- Mənbələrin sayı çoxdur. Və sözün düzü, hər birini dəqiq xatırlamıram. Çünki içində kifayət qədər internet materialları da vardı. Hər şeydən əvvəl indi adını unutduğum, amma Şəmkirdə kitabxanada çalışan bir xanımın yazısını xatırlayıram. O yazı Şükriyyə xanım haqqında idi. Şükriyyə xanımın fotosunu görmək, çəkdiyi əzablar haqqında oxumaq mənə çox təsir etmişdi. Sonra axtarışa başladım. Rejissor Mehriban Ələkbərzadənin böyük bir yazısını oxudum, təsəvvürlərim genişləndi. Daha sonra Əli Saləddinin "Əhməd Cavad" kitabı mənim qarşımda geniş üfüqlər açdı. "Ədəbiyyat və incəsənət" qəzetinin 1992-ci ildə çıxan bir sayında Əhməd Cavadla Şükriyyə xanımın sonbeşiyi Yılmaz Axundzadənin "Atam gedəndən sonra" yazısı mənə çox təsir etdi. Qazaxıstanda sürgün həyatı yaşayan müxtəlif ölkələrdən olan qadınların həyatı haqqında oxudum və "Şükriyyə" pyesi yarandı.

-Müsahibələrinizin birində "Şükriyyə"nin məhz "Azdrama"da səhnələşdirilməsini arzu etdiyinizi demisiniz. Bunun tək səbəbi teatr zövqünüzün "Azdrama"da formalaşmasıdır?

- Bütün müəlliflərin, bütün dramaturqların istəyi məhz "Azdrama"dır. Çünki Azərbaycan peşəkar teatrının tarixi Akademik Milli Dram Teatrından başlanır. Bu teatra "Ana Teatr" deyirlər. Milli Teatr ən böyük və ən güclü truppaya sahib olan bir teatrdır. Mən  Akademik Milli Dram Teatrında 2015-ci ildən çalışıram. Teatr haqqında, dramaturji yaradıcılıq haqqında təsəvvürlərim məhz burda formalaşıb. "Şükriyyə"nin çox gözəl rejissor işi, aktyor seçimi var. Əgər tamaşa maraqla qarşılanırsa, deməli, istəyimizə nail olmuşuq. 

-Sanki, "Şükriyyə" tamaşasında Şükriyyə obrazı bir az kənarda qalır.

- Qətiyyən elə düşünmürəm. Əməkdar artist Münəvvər Əliyeva çox istedadlı və peşəkar aktrisadır. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov belə deyir: "Tamaşa məhəbbətinin qurbanı olmuş bir qadının taleyi haqqındadır". Məncə, səhnədə olan hər kəs məhəbbətinin qurbanı olmuş o qadına - Şükriyyəyə xidmət edir. 

-Tamaşanın geridönüşləri ümidlərinizi doğrultdu?

- Bəli, tamaşaçı rəyi çox gözəldir. Əlbəttə, peşəkarlar tamaşanı təftiş edə, təhlil edə bilərlər. Bu, vacibdir. Ümumi rəy isə müsbətdir. Tamaşa kassadan yaxşı satılır, yaxşı baxılır. Ən gözəli bilirsiniz nədir: tamaşa müddətində heç bir tamaşaçının əlində telefon görə bilməzsiniz. Əgər doğrudursa, bunu da meyar hesab edə bilərik. 

-Hazırda bir neçə müstəqil teatr fəaliyyət göstərir. Belə teatrların fəaliyyəti ilə bağlı düşüncələriniz nədir?

- Müstəqil teatrların olmasını alqışlamaq lazımdır. Təkcə alqışlamaq yox, həm də dəstək olmalıyıq. Bilet almaq, tamaşalarına baxmaqla dəstək olmaq lazımdır. Teatr böyük mədəniyyətdir. Müstəqil teatrlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Biz itirdiyimiz tamaşaçını mütləq teatra qaytarmalıyıq. Bunun yolları ağırdır, amma mümkündür. İlk növbədə, bütün teatrlar keyfiyyətli tamaşalar təqdim etməlidirlər. Birinci meyar budur. Daha sonra reklam və marketinq işi gəlir. 

-Bir çox şəxsdən "indi tearta gedən, tamaşaya baxan yoxdur" ifadəsini eşitmişəm, amma şəxsən son vaxtlar getdiyim tamaşalarda zalın böyük hissəsini dolu görmüşəm. Bu, bir gənc olaraq mənim üçün sevindirici haldır. Bəs, bu gün teatra, tamaşalara verilən dəyər sizi qane edirmi?

- Biz Milli Teatr olaraq dövlətimizin diqqətini və qayğısını hər zaman öz üzərimizdə hiss edirik. Bu diqqət və qayğının əvəzini necə vermək olar? Əlbəttə, yaxşı tamaşalarla. Əlbəttə, beynəlxalq mədəni əlaqələr qurmaqla. Əlbəttə, dünyanın böyük teatrlarını ölkəmizə gətirməklə. Bu gün Akademik Milli Dram Teatrında bu istiqamətdə çox ciddi işlər aparılır. Biletlərin satış göstərcisindən narazı deyilik. Bu statistikada nəzərə çarpan irəliləyiş var. Amma əlbəttə ki, daha yaxşı ola bilər. Və olmalıdır. Akademik Milli Dram Teatrının elə tamaşaları var ki, nümayiş tarixinə hələ 10 gün var, amma parterdə yer yoxdur. Yalnız birinci və ikinci amfiteatrda yer qalıb. Yeri gəlmişkən, həmin tamaşalardan biri də "Şükriyyə"dir. 

-"Azərbaycan teatrının, kinosunun, ədəbiyyatının evini yıxan sənət adamlarının özləridir".
Jurnalist fəaliyyətinizdə bu qənaətə gəlmisiniz. Cavid bəy, bu sahələrin evini yıxan elə sənət adamlarının riyakarlıqları,güdaza getməkdən qorxmalarıdırsa, teatrı, ədəbiyyatı, kinonu inkişaf etdirmək kimin üzərinə düşür?

- Sözün açığı, bu fikri nə vaxt dediyimi xatırlamıram. Görünür, hansısa emosional vəziyyətin yaratdığı fikirdir. Daha başqa cür ifadə etmək olar. Sənət adamı öz işi ilə məşğul olanda, faydası daha çox olur. Markes necə deyirdi? Deyirdi ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. 

-Bu fikrinizdən yola çıxaraq "jurnalistikanın evini yıxan jurnalistlər, təhsilin evini yıxan müəllimlər, tibbin evini yıxan həkimlərdir" deyə bilərik?
- Mədəniyyət də daxil olmaqla, adını çəkdiyiniz bütün sahələrdə problemlər o qədər böyükdür ki, biz bundan sonra yıxmaq yox, tikmək haqqında düşünməliyik.

QİYMƏT MAHİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31