Azərbaycan dili yalnız elmi sahəni öyrədən fənn deyil – Könül Aydın Nəhmətova ilə MÜSAHİBƏ

Könül Aydın Nəhmətova- Cəmiyyət ana dilində savadlı olmalıdır. O zaman problem aradan qalxar

Azərbaycan Respublikasının Təhsil İnstitutunda şöbə müdiri, "Kurikulum" jurnalında bölmə redaktoru, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova ilə müsahibə.

- Könül xanım, uşaqlara 5-ci sinifdən başlayaraq "Ədəbiyyat" fənni tədris olunur. Daha kiçik siniflərdə isə "Ədəbiyyat" fənninə aid nağıllar, şeirlər və s. "Azərbaycan dili" dərsliyində əks olunur. Niyə aşağı  siniflərdən "Ədəbiyyat" fənni olaraq tədris olunmur?

- Əvvəllər helə idi. "Oxu" və "Ana dili" var idi. Onları "Azərbaycan dili" adı altında birləşdirdilər. "Oxu" -da daha çox  Azərbaycan ədəbiyyatından uşaq səviyyəsində lazım olan materiallar təqdim edilirdi. Uşaqlar mətnlərin altında müəlliflərin adını da görürdülər. İndi isə qarışıqdır. Dörd ildə şagird, demək olar ki, az qala heç bir müəllifi tanımır. Dərslikləri vərəqləyəndə görürük ki, elə mətnlər var ki, müəllifin adı da yoxdur. Sizinlə razıyam, yaxşı olardı, amma ona diqqət verilmir. Dünya səviyyəsində götürsək, beynəlxalq standartlara uyğun olaraq istər Amerika olsun, istər Avropa, onlarda dil və ədəbiyyat bir fəndir və bir tədris olunur. Amma onlara çatmağımız və onlar kimi olmağımız indiki təfəkkürümüzlə nə qədər mümkündür? Onlar dil və dil fənninin tərkibində ədəbiyyat tədris etsələr də, onlarda ədəbiyyat daha ciddi tədris olunur. Şagirdlər mütəmadi olaraq evə oxu kitabları götürürlər. Uşaq özünə bir plan tərtib edir ki, il ərzində neçə kitab oxumalıdır. Bu, müəllim tərəfindən izlənilir. Bizim məktəblərdə bu yoxdur. 

Birbaşa prosesin içində olmasam da, xarici təcrübədə aldığım  məlumatlara görə, və araşdırdığım qədər, siniflər üzrə müəyyən bədii mətnlər oxunmalıdır. Şagird bunu nə vaxt oxuyacaq, hansını birinci, hansını sonra oxuyacaq, buna plan yazmalıdır. Müəllim də bunu izləyir ki, şagird bir kitabı neçə günə oxudu, hansı nəticəyə gəldi. Biz bu fənləri birləşdirirdiksə, tədrisə bunu da gətirməli idik. Biz fənləri birləşdirdik, indi şagird heç bilmir ki, bu mətn haradan götürülüb, bunu niyə oxumalıdır. Sadəcə, oxuyur. Ədəbiyyat haqqında təsəvvürü kənarda qalıb. 

Yuxarı sinifə gəlincə, orda da problemlər var. Standartları yanaşı qoysaq, görərik ki, Azərbaycan dilinin standartları ilə Ədəbiyyatın standartları bir-birinə nə qədər oxşayır. Azərbaycan dilində də bədii mətnlər üzrə oxuyub-anlama, yaradıcı işlər verilir, ədəbiyyatda da. Demək olar ki, standartların, təxminən,  80% eyniyyət təşkil edir. Yenə də ədəbiyyatın öz məzmunu, tarixi inkişafı kənarda qalır. Bu yanaşma Azərbaycan ədəbiyyatının tanıdılması məsələlərini tədrisdən uzaqlaşdırır.

Yaxşı cəhət budur ki, DİM hələ də məcbur edir ki,  III qrupu seçən abiturient Ədəbiyyatı öyrənsin. Qəbul imtahanı üçün orta məkrəbdə tədris olunmuş əsərlər, ədiblərin yaradıcılığı, ədəbi prosesin qanunauyğunluqları və s. mövzular əsasında tapşırıqlar hazırlanırr. Amma orta məktəbin KSQ və BSQ qiymətləndirmə materialında yalnız oxuyub anlama, oxuyub qavrama, mənimsəmə, münasibət bildirmə, yaradıcılıq bacarıqları əks olunur. Yəni ədəbiyyat nümunələri, klassik ədəbiyyat, müasir ədəbiyyat, bir sözlə,  şagirdlərin öz ədəbiyyatı ilə tanışlığı məsələləri kənarda qalır. Orta məktəb qiymətləndirməsi ilə DİM-in qiymətləndirməsi üst-üstə düşmür. Yəni aralarında  böyük uçurum var. Başqa tərəfdən, bu nəyə gətirib çıxarır: dərsliklər kənarda qalır, DİM-in, digər hazırlıq mərkəzlərinin vəsaiti önə geçir. 

  • Repetitor, valideyn, müəllimlər sinifdə öyrənmə qabiliyyətinin aşağı olmasını sinifdəki şagird çoxluğu və dərs saatının 45 dəqiqə olması ilə də əlaqələndirirlər. Sizcə, keyfiyyətli dərs üçün sinifdəki uşaq sayı və dərs saatı nə qədər olmalıdər? 

-Təcrübəmizdən görürük ki, az şagird olanda çalışmaq daha keyfiyyətli olur. Bu günki proqram ibtidai sinif üçün də, orta məktəb üçün də ağırdır. 45 dəqiqəyə sığacaq və 30-40 uşaqla işlənəcək proqram deyil. Razıyam ki, bu, çətinlik yaradır. Kurikulum tələb edir ki, dərsin əksər hissəsi məktəbdə öyrədilsin. Əgər müəllim dərsini düzgün qura bilsə, dərsin böyük hissəsi o prosesdə öyrənilər. Dərsliklərdə nəzəri məlumatlar, biliklər geniş izah edilmir. Müasir, interaktiv keçirilən dərslərdə şagird prosesin özündə olmaqla və müəllimin bələdçiliyi ilə tapşırıqların üzərində çalışmaqla o biliklərə yiyələnməlidir. Gəlin görək, bu biliklər müəllimin özündə varmı və dərsliklər bunu təmin edirmi? 

İngilis dili üzrə Kembricin dərsliklərinə baxdım. Suallar necə yönləndirirsə, şagirdlər o tapşırığın üzərində işləməklə elmi, nəzəri məlumatı "kəşf edir". Suallar onu elə yönləndirir ki, əldə etdiyi məlumatlar onun elmi-nəzəri bazası olur. Şagird praktik olaraq fəaliyyət göstərməklə sənə izah edər ki, hazırda nə iş gördüm və hansı nəticəyə gəldim. Dərs bu cür olarsa, qruplarla, cütlərlə, müxtəlif formalarla təşkil olunarsa, o zaman 45 dəqiqə də kifayət edər. Yenə də nəzərə almaq lazımdır ki, müəllim işini qura bilirmi?

  • Ali təhsil müəssisələrinə qəbul zamanı imtahanın iki mərhəlili olmasının hansı müsbət və mənfi tərəflərini vurğulayarsınız?

- İmtahanın tezləşdirilməsi, yəni tədris ili bitmədən keçirilməsi mənə görə stres yaradır. Müəllim də, şagird də mart ayına tələsir ki, buraxılış imtahanı olacaq. Buraxılış oldu, bitdi. Bu fənlərin martdan sonrası var axı. Uşaq buraxılış imtahanını verəndən sonra məktəbə  həvəsi ölür. 10-11-ci sinifdə uşaqlar ancaq imtahana hədəflənir və məktəbə maraq itir. Əvvəllər imtahan prosesinə qədər uşaqlar məktəbə mütəmadi  gəlirdi, indi isə mart ayından sonra məktəblərdə uşaq tapılmır. Mənfi cəhəti budur ki, uşaq məktəbdən, təhsildən uzaqlaşır. Mənə görə uşağın məktəbdə aldığı biliklər yüz repetitorun verdiyi biliklə eyni deyil. Bilik on bir ildə səbrlə əldə olunur və ali məktəbdə də təkminləşdirilir.  Rus yazıçısı Aleksandr Gertsen deyib ki, ali məktəb insana təhsil vermir, sadəcə ayaq üstə qoyub sual verməyi öyrədir. Həqiqətən, belədir. İnsan ali məktəbdə orta məktəbdə aldığı bilikləri təkminləşdirir. Orta məktəb şagirdi kimi yetişdirmək ali məktəb müəlliminin üzərinə düşən vəzifə deyil. Düzdür, ali məktəb müəllimi də tələbəni müstəqil öyrənməyə cəlb etməlidir. Nəzəri məzmunu ancaq müəllimin izah etməsi də düzgün deyil, bundan çıxmaq lazımdır. Ola bilər, elə mühim mövzular var ki, onu izah etməliyəm. Amma elə mövzular, fənlər var ki, dərsdə 90 dəqiqə danışmaq absurddur. Məsələn,  "Kurikulumun əsasları" metodoloji məsələlər əhatə edən fəndir. Bəzi ali məktəblərdə mühazirə dərslərində müəllimi hələ də məcbur edirdilər ki, 90 dəqiqə danış, tələbəni işlətmə. "Planlaşdırma" mövzusu üzrə 90 dəqiqə nə danışacaqsan? Dərsin cari planlaşdırılması, perspektiv planlaşdırılmasını 90 dəqiqə danışsan, çox maraqsız olacaq və tələbə yatacaq. Amma tələbə prosesə cəlb olunsa, o zaman onu öyrənəcək. Başqa bir məsələ, "Metodika", "Kurikulumun əsasları", demək olar ki, eyni fəndir. Bunları ayrı fənn olaraq keçirik, absurd bir yanaşmadır. Bunların heç biri mühazirə tipinə də uyğun deyil, bu dərslər praktik olmalıdır. 

Yenə qayıdaq əsas suala: imtahanın iki mərhələli olmasından sonra tələskənlik və stres müşahidə olunur. Bir müsbət, fərqli tərəfini görmədik. 

- Buraxılış imtahanının nəticəsinə görə ruhdan düşüb, qəbula yaxşı hazırlaşmayan tələbələr də var.

-Onun həyəcanını keçən il övladımda yetəri qədər yaşamışam. Nə qədər çalışqan şagird olsa da, orta məktəb bazası ilə ali məktəb imtahanının üst-üstə düşməməsi uşaqda stres yaratdı. 1 il repetitor yanına getsə də, bu müddət ona bəs etmədi ki, imtahan suallarına tam hazır olsun.

-Dilimizin normalarının, qaydalarının pozulması bu gün cəmiyyətimiz üçün böyük təhlükədir. Təəssüf ki, bu gün düzgün Azərbaycan dilində danışa bilən şəxslərin sayı çox azdır. İnsanların nitqi "çirklənib". Bu "çirklənmənin" səbəbini nədə görürsünüz?

-Texnikanın inkişafı insanlarda başqa bir maraq oyandırdı. Dövrün əsas, aparıcı, pul qazandıran, karyera hədəfli peşələri ki var, onlara marağı artırdı, humanitar sahəyə marağı azaltdı. Bu özü çox təsir edir. Humanitar sahəyə marağın azalması birinci növbədə dilə zərbə vurur.

İkinci məsələ kitab nəşrləri, yayımlarıdır. Hər kəs istədiyini nəşr etməsilə redaktə işi aradan qalxdı. Saytların, elektron medianın yaranması dili korlayan vasitələrdəndir. Sayt çox sürətlə fəaliyyət göstərir və buna görə də redaktəyə ciddi yanaşılmır. Demək olar ki, hər an məlumatlar yenilənməlidir. Kitabdan çox sayt oxunur. Vəziyyət çox acınacaqlıdır. Sanki, heç bir təhsili olmayan adam məqalə yazır. 

Dilin çirklənməsinin amilləri çoxdur. Müşahidə etdiyim odur ki, xarici dilə maraq da dilimizə etinasızlığın yaranmasına səbəb olur. Bu, ölkə üçün böyük qüsurdur. İnsanların xaricə meyili, beyinlərin xaricə axını, dili yaxşı bilən adamların sıradan çıxması və onların yerinə özləri kimi adamların gəlməməyi bu amillərdəndir. Biz axırıncı nəsillərdənik. Biz də gedəndən sonra dilin qayğısına qalan olmayacaq. Düzdü, ölkə həmişə qalacaq, amma bu ümid vermir. Bu gün yalandan deyim ki, biz olmasaq da, yaxşı olacaq. Görürəm ki, yox, gənclər arasında dilimizi mükəmməl istifadə edən çox az sayda adam var. Əslində gənclərdən də asılı deyil, proses belədir. Humanitar sahə bizim inkişaf dövrümüzdə hörmətli sahə idi və heç bir əskiklik hiss etməmişdik. Başqa sahələrdən geri qalmırdı və inkişaf etmişdi. İndi geri qaldığına və pul qazandırmadığına görə, maraq azaldıqca insanlar etinasızlaşacaq. Bu gedişatda zərbələr dilə dəyəcək. Dil aradan çıxmayacaq, amma ana dil  savadlılığı azala bilər. 

-Bəs, dilimizin qorunması üçün hansı tədbirlərin görülməsi zəruridir?

Orta məktəb təhsilində saydığım problemlər həll olunar və təhsilimizin keyfiyyəti artarsa, dərsliklərin dilinə maksimum diqqət yetirilərsə, onlar yüksək səviyyədə redaktə olunarsa, həll oluna bilər. Bəzi dərsliklər var ki, heç ələ gəlmir. Vəsaitlər redaktə olunmalıdır, nəşriyyatlar diqqət etməlidir.

Nəşriyyatlar bazara daxil olmaq üçün sürətlə və davamlı fəaliyyətdə olmalıdır, onlar yalnız nəşrə baxırlar, redaktəni də yalnız müəllif özü edir. Təsadüfən görərik ki, kimsə redaktəyə pul ayırar. Bu, kifayət qədər ucuz məsələ deyil. Nəşriyyat redaktora pul verməlidir, amma nəşriyyatın gücü çatmır ki, bütün kitabları redaktə etdirsin. Cəmiyyətin öz dilində yüksək savadlılığı olmalıdır. 

Azərbaycan dili yalnız elmi sahəni öyrədən fənn deyil. Metakoqnitiv fəndir. Yəni həyati bacarıqlar formalaşdıran bir fəndir. Bütün fənlərin üstündə duran fəndir. Demək ki, şagirdlərin aşağı sinifdən tutmuş ana dilindən istibadə bacarıqlarını inkişaf etdirmək lazımdır. Ali məktəb də bunun üçün çalışmalıdır. Ümumiyyətlə, təhsil bunu etməsə, sonra etmək çox çətin olacaq. Cəmiyyət ana dilində savadlı olmalıdır. O zaman problem aradan qalxar.

QİYMƏT  MAHİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31