70 il rus dilinin təsiri altına düşməyən bir dil bundan sonra da heç bir dilin təsiri altına düşə bilməz- MÜSAHİBƏ
8 Mart 2024 12:01 MüsahibəTürkoloq alim, filologiya elmləri doktoru Elçin İbrahimov ilə ana dilimizin təbliğatı, ana dilinə dövlət qayğısı və digər mövzularda həmsöhbət olduq.
- Elçin bəy, sizcə, Azərbaycanda ana dilinə dövlət tərəfindən verilən dəyər hansı istiqamətlərdə daha çox hiss olunur? Ana dilinin qorunması istiqamətində hansı işlər həyata keçirilir?
- 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bilirsiniz ki, 1992-ci il arıq latın əlifbası qəbul olundu. Ondan sonra Azərbaycanda təxminən 9 il müddətində qarışıq, həm latın, həm kiril əlifbası istifadə olundu və ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda artıq 2001-ci ilin avqust ayının 1-dən tam şəkildə Azərbaycan dilində istifadə olunmağa başlandı.
2001-ci ildə təkcə latın əlifbasına keçməklə bu iş bitmədi. Azərbaycanda bununla bağlı bir çox dövlət proqramları qəbul olundu, bir çox sərəncamlar, fərmanlar oldu. Bu sərəncamlar, fərmanlar içərisində xüsusi olaraq klassik ədəbiyyatın nümunələrini, ensiklopediyaları, kiril əlifbasında olan bir çox dərslikləri, lüğətləri latın əlifbasında transletrasiya olunması ilə bağlı sərəncamlar oldu. Hətta burada dünya ədəbiyyatından olan yüzlərlə əsər qeyd edə bilərik ki, bunların da sərəncamda, qərarda sayı göstərilir. Yəni dövlət hər zaman Azərbaycanda ana dilinin təbliğində, təbii ki, latın əlifbasında olan dərsliklərin, lüğətlərin ensiklopediyaların hazırlanmasında hər zaman aktiv, ciddi şəkildə məsələni gündəmdə saxlayır.
- Bir millətin formalaşmasında ana dilinin əhəmiyyəti nədən ibarətdir?
- Təbii ki, millətin formalaşmasında ana dilinin əhəmiyyəti hər zaman böyükdür. Hər bir fərd, hər bir istənilən cəmiyyət ana dilinin daşıyıcısıdır. Yəni, onun o dildə düzgün şəkildə danışması, düzgün şəkildə ünsiyyət qurması, düzgün şəkildə nitq prosesində iştirak etməsi təbii ki, həm də ana dilinin təbliğinə qulluq edir. Əlbəttə, deyə bilərik ki, millətin formalaşmasındakı əsas göstəricilərdən biri də milli dil - ana dilidir.
- Siz ana dilimizin indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Təbii ki, dövlət hər zaman Azərbaycan dilinin arxasında ciddi şəkildə dayanıb, bununla bağlı çoxlu sərəncamlar da verilib. Hətta, səhv eləmirəmsə, 9-a yaxın sərəncam olmalıdır. Həm ulu öndər Heydər Əliyevin dövründən, həm də cənab Prezident İlham Əliyevin 2003-cü ildən hakimiyyətə gəldikdən artıq bu müasir dövrümüzə qədər Azərbaycanda bir çox sərəncamlar və qərarlar olmuşdur. Xüsusi olaraq qloballaşma şəraitində Azərbaycan dilinin istifadə olunması və Azərbaycan dilinin qloballaşma şəraitində dövrün tələblərinə uyğun istifadəsi ilə bağlı tədbirlər planı qeyd edə bilərik ki, bu tədbirlər planı içərisində ciddi şəkildə bəndlər var idi ki, bunlar Azərbaycan dilinin inkişaf etməsi ilə bağlıdır. Hər zaman dövlət üçün dil məsələsi prioritet məsələ olub.
- Sosial şəbəkələrdə, mediada ana dilinin problemləri tez-tez müzakirəyə qoyulur. Sizcə, bu sahədə hansı əskikliklər var və onların aradan qaldırılması üçün hansı işlər görülməlidir?
- Son günlər, istər sosial şəbəkələrdə, istər debatlarda, müzakirələrdə belə bir məsələ var ki, deyirlər, Azərbaycan dili əldən gedir. Məsələn, kimsə şəhər mərkəzində iki nəfər öz arasında rus dilində danışır və ya iki nəfər öz arasında ingilis dilində danışır. Bunlar tez-tez sosial şəbəkələrdə müzakirə olunur və qeyd edilir ki, dil əldən gedir. Əslində dil asan-asan o şəkildə əldən gedə bilməz. Ona görə ki, nitq prosesinin pozulması, nitq prosesində istifadə olunan ünsiyyət zamanı hər hansı bir adamın rus dilindən istifadə etməsi və ya rus dilli sözlərdən istifadə etməsi, həmin dilin heç bir daxili qatına təsir eləmir. Yəni, dil özü özünü çox gözəl qoruyur, özünü çox yaxşı mühafizə edir. Məsələn, əvvəl 20-30 il bundan qabaq biz "kvorum" sözü istifadə edirdik. Amma artıq "kvorum" istifadə olunmur, onun əvəzinə "yetərsay" istifadə olunur. Çünki o söz artıq dildə işləmir. Başqa bir nümunə də verim ki, məsələn, "bilgisayar" sözü var ki, türkcədən "kompüter" əvəzinə istifadə olunur. Biz, şəxsən mən özüm də bilgisayar sözünün tərəfindəyəm. Amma hər nə qədər istəsək də, "bilgisayar" sözü özünü dilə, nitq prosesinin içərisinə qazandıra bilmir. Bəlkə biz bir eksperiment aparsaq, sual versək ki, "kompüter", yoxsa "bilgisayar" yazılamsının tərəfindəsiniz, əksəriyyəti yəqin ki, "bilgisayar" deyər. Amma gəlin ki, o "bilgisayar" deyilsə belə, xoşagələn olsa da, bu gün o söz "kompüter" şəklində istifadə olunur.
Qısacası, ona görə demək istəyirəm ki, dil özü özünü kifayət qədər mühafizə edir. 70 il rus dilinin təsiri altında Azərbaycan dili sıradan çıxmadı axı... Hər nə qədər həyatın hər sahəsində rus dili aktiv istifadə olunsa da, Azərbaycan dili sıradan çıxmadı və yaxud Azərbaycan dili ikinci plana düşmədi, heç vaxt. Sadəcə dövrün tələbinə görə rus dilinin hakimliyi var idi, amma Azərbaycan dili 70 il müddətində sıradan çıxmadı. Bundan sonra da heç vaxt ana dilimizin, ədəbi dilimizin, gələcəkdə hansısa bir dilin təsiri altına düşməsi mümkün deyil. Çünki 70 il rus dilinin təsiri altına düşməyən, özünü mühafizə edən bir dil bundan sonra da heç bir dilin təsiri altına düşə bilməz.
Təbii ki, XXI əsrdir, qloballaşma dövrüdür, elmi-texniki tərəqqinin inkişafı ilə bağlı olaraq dilə sözlər daxil olmalıdır. Bunlar sadəcə dilin lüğət tərkibini zənginləşdirə bilər. Sosial şəbəkələrdə istifadə olunan hər hansı bir paylaşım bir insanın və ya hər hansı bir qrupun paylaşımdır. Əlbəttə, könül istəyir ki, orada da düzgün ədəbi dilimizin qaydalarına, orfoqrafiya, qrammatika qaydalarına uyğun şəkildə paylaşımlar olsun, Azərbaycan dilindən düzgün istifadə olunsun. Amma bu meyar deyil. Deyək ki, kiminsə sosial şəbəkələrdə "təşəkkür" yerinə "tşk" yazması, "salam" yerinə "slm" yazması, "salamat qal" sözünə "bye" yazması hər hansı bir dilə təsir edən bir fakt deyil. Çünki ona görə ki, bu sadəcə kimlərinsə fərdi yazısında istifadə olunan məsələlərdir.
- Televiziya nitq mədəniyyətinin, düzgün danışığın təbliğatçısı olmalıdır. Sizcə, bu gün televiziyalarımız nə dərəcədə yaxşı təbliğatçıdır?
- Biz çox istəyərik ki, televiziyada, ümumiyyətlə, sosial şəbəkələrdə Azərbaycan dilindən düzgün istifadə olunsun, bunun təbliğatının tərəfindəyəm. Mən şəxsən kənardan izləyici kimi deyə bilərəm ki, mən televiziyada hər hansı bir kobud nitq pozuntularına və ya Azərbaycan ədəbi dilinin qaydalarına zidd və ya ziddiyyətli hər hansı bir duruma rast gəlmirəm. Ola bilər, hər hansı bir aparıcının və ya hansısa bir proqramla əlaqədar efirə dəvət olunan qonağın leksikonunda, ünsiyyət zamanı danışığında bir alınma söz və ya ədəbi dilimizə uyğun olmayan söz istifadə oluna bilər, bu ola bilər və son deyil, normal hallardır. Amma biz ümumi bir mənzərədən baxsaq və ümumi qiymətləndirsək, bunun qənaətbəxş və yüksək səviyydə olduğunu deyə bilərik. Çünki bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Monitorinq Mərkəzi fəaliyyət göstərir ki, onlar hər zaman saytların da dilini təftiş edirlər, monitorinq aparırlar, efirlərdə aparıcıların da verilişlərini, proqramlarını monitorinq edirlər və bununla bağlı ciddi şəkildə özlərinin təhlilləri və nəticələri var. Ona görə də bunun əsasında mən deyə bilərəm ki, bu, ciddi şəkildə qorunur.
Mən başqa bir məsələyə də toxunmaq istəyirəm ki, bunu son vaxtlar ciddi şəkildə müzakirə edirik. Mən istəyərəm ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti elektron şəkildə olsun. Yəni, bilirsiniz ki, dil haqqında qanunda Azərbaycan dilinin orfoqrafiya lüğəti beş ildən bir dəyişilir. Mən bu məsələ üzərində köklənmək istəyərəm. Niyə dilin orfoqrafiya lüğəti beş ildən bir dəyişilmədir? Bunun elektron bazası bugünkü gündə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun bazasında ola bilər və Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzi və Monitorinq Mərkəzinin nəzarəti altında ola bilər ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin onlayn bazası olsun. Məsələ, bunun türk dili qurumunun sözlük lüğəti, orfoqrafiya lüğəti var. Bu, davamlı şəkildə ayda bir, iki aydan bir yenilənir. İndi dilə hansısa bir söz daxil olmalıdır və biz o sözün düzgün yazılışının, orfoqrafiya lüğətinin beş ildən sonrakı çapında necə yazılacağını gözləməli deyilik. Bunlar ora əlavə olunmalıdır ki, onlayn, elektron lüğət olanda sözü ora daxil edib, yenilik olmadan istənilən vaxt lüğətdə öz əksini tapsın. Bu məsələ çox aktual məsələdir və gündəliyə gətirilsə, daha yaxşı olar ki, niyə Azərbaycan dilinin onlayn və ya elektron orfoqrafiya lüğəti yoxdur. Lüğətlərin hazırlanması zamanı təkcə onlayn, elektron deyil, orfoqrafiya və digər lüğətlərin də davamlı şəkildə yenilənən versiyası olmalıdır. Bu şəkildə fəaliyyətlər dilin həm qayğısını çəkmiş olar. Biz hələ də bilmirik, "kovid-19" sözünü "covid-19" yazırıq və ya "İnstagram", "Facebook" kimi sözlər. Məsələn, bəzi adam "Facebook", bəzi adamlar "feyzbuk" yazır, eynilə də "instagram", "telegram" kimi digər sözlər orfoqrafiya lüğətində öz əksini tapmadığına görə, bilmirik necə yazılır. Çünki bunların Azərbaycan dilində necə yazılması məsələsi də aktual məsələdir. Ona görə ki, dil normaları bunu tənzimləməlidir. Hələ də xarici dildən alınma bəzi şəxs adları olsun, yer adları olsun, coğrafi adlar olsun, şəhər adları olsun, bəzən bunların yazılışında belə ciddi mübahisələr yaranır. Bunlar elektron orfoqrafiya lüğətində öz əksini tapsa və normaları müəyyənləşdirsə ki, biz bunları nəyin əsasında belə yazırıq, onda biz görərik ki, nə qədər ciddi şəkildə məsafə qət etmiş olarıq.
Röyalə Xəyal