Evdə psixoaktiv maddə asılısı varsa…- MÜSAHİBƏ
1 Mart 2024 19:00 MüsahibəAsılılıq inkişafında genetik, psixososial və xarici mühit faktorlarının rol oynadığı xroniki, neyrobioloji və fərdin yaşamı boyunca davam edə bilən bir xəstəlikdir. Alkoqol və ya digər psixoaktiv maddə asılılıqları asılı şəxslərlə paralelində onların ailələri, övladları və ümumi olaraq bütün topluma mənfi təsir edən və günümüzün ən önəmli problemlərindən biridir. Bu kimyəvi maddələrin ortaq yönü isə beyin və beyinlə bağlantılı sistemlərə təsir etməsi, yaşam üçün gərəkli olmaması və saxta bir "yaxşı" vəziyyətin yaratmasıdır.
Müsahibimiz psixoloq Minarə Səbzəliyevadır:
-Minarə xanım, alkoqol aslılığı fərdin üzvü olduğu ailəyə necə təsir göstərir?
-Günümüzün vacib problemlərindən biri olan alkoqol və ya pam asılılığı isə təkcə fərdin özünü yox, fərdin üzvü olduğu ailəyə də dərindən təsir etməkdədir. Asılılıq müalicəsində qısa bir müddət əvvələ qədər asılılıqdan əziyyət çəkən şəxsə daha çox fokuslanılırdı və asılı şəxsin yaxınları çox da önəmsənilmirsə, alkoqol asılılısı şəxs, xüsusilə də kişi olan asılılı şəxs illər boyu araşdırmalarda, müalicədə demək olar ki, bütünlüklə diqqətləri öz üzərinə toplayırdı. Alkoqol asılılısı şəxs üzərində bu fokuslanma isə Joan Jacksonun elmi işlərində dəyişikliyə uğradı. Onun bu elmi işlərindən sonrakı araşdırmalar isə sadəcə alkoqol asılılısı fərdlər üzərinə fokuslanmamış, alkoqol asılısı fərdi olan ailələrdəki vəziyyət və baş verənlərə diqqət çəkməyə başlamışdır. O zamana qədər sadəcə alkoqol asılılısı olan bir fərd üçün qəbul görülən bu xəstəlik anlayışı, artıq ailədə hər üzvün asılılıqdan təsirlənə biləcəyi faktorunu göz önündə saxlayaraq "ailə xəstəliyi" kontiniumunda bildirlmişdir. Daha sonra isə həmasılılıq (codependence) olaraq inkişaf etdirilən bu termin, alkoqol asılılısı şəxslərə uyğun məntiqi və sağlam olmayan reaksiyaları özündə ehtiva edən söz kimi ədəbiyyatlara daxil edilmişdir. Həmasılılıq isə elə bir nüansdır ki maddə istifadə edən şəxs hər nə qədər psixoaktiv maddənin asılısıdırsa ailə də övladının asılısı olmağa başlayır.
Ailəni bir sistem olaraq nəzərə alsaq, ailə daxilində maddə asılılığından əziyyət çəkən şəxsin olması ailə sisteminə mənfi təsir etməkdə və ailədə qarşıqı problemlərin yaranmasına yol açmaqdadır.
Asılılıq ailə xəstəliyidir
Alkoqol və ya psixoaktiv maddə asılısı bir fərdə sahib olmaq ailə üçün bütün mənfi nəticələrinə dözmək deməkdir. Dostları ondan qaça bilər, müdiri işdən çıxara bilər lakin ailəsi sonuna qədər öz üzvü ilə bərabər olur. Əksərən ailə asılılıqdan əziyyət çəkən üzvünün yanında qalmağı və ona uyğunlaşmağı seçir. Lakin asılılığa sağlıqlı bir şəkildə uyğunlaşmağın yolu yoxdur. Asılılıqdan əziyyət çəkən şəxs özü üçün ən yaxşı mütəffiqini tapmışdır. Asılılıqdan dolayı izdirab çəkən ailə eyni zamanda asılılıqdan əziyyət çəkən üzvünü yetişdirməyə və böyütməyə başlayır. Bütün bu səbəblərdən dolayı asılılığın bir "ailə xəstəliyi" olduğu irəli sürülmüşdür.
Münasibətlər və asılılığın inkişafı aspektindən nəzər salsaq görərik ki maddə asılılığının ailə üzərində təsirləri ailə daxilində rollara görə fərqlilik göstərməkdədir. Nümunə üçün bir ailədə maddə istifadə edən övladın olması ana, ata və digər övladlar üzərində dərin təsir yaradarkən, evli bir maddə istifadəçisinin ailənin bir üzvü olması isə həyat yoldaşı və uşaqları üzərində mənfi və dağıdıcı təsirləri qaçınılmaz olacaqdır. Ailə övladın ilk sosyallaşmağı öyrəndiyi və rol model aldığı, yaxşı ya da pis bütün toxumların yetişdiyi mühitdir. Ailədə valideynlərin hər hansısa birində pam asılılığı varsa övlad mütləq şəkildə bundan təsirlənir.
-Gəlin, maddə asılılığında ailə fenomenindən bəhs edək.
Ailə övladın ilk sosiallaşdığı, öyrəndiyi və rol model aldığı, yaxşı və ya pisi təyin etdiyi və gələcəyə yönəlik toxumların yetişdiyi bir mühitdir. Ailədə maddə istifadəçisi varsa övlad bundan çox böyük ehtimalla ki, təsirlənəcəkdir.
Ailənin birlik və ya dağınıq olması ya da valideynlərin birinin ölümü uşağın emosional inkişafına son dərəcədə mənfi təsir edə bilər. Parçalanmış ailədən gələnlər və valideyn itkisi yaşayanlar maddə istifadəsi mövzusunda birbaşa risk altında ola bilərlər.
Ailə daxilində bir çox problemlər digər problemləri də yeri gəldikdə alovlandıra bilər. Lakin onlar ailədə olan bu problemlərdən qaçmaq üçün psixoaktiv maddə istifadə edə bilərlər. Təbii ki, əgər qarşımızdakı yeniyetmədirsə bu dövrdə övladın ona qarşı sərt olan münasibət tərzi, davranış formaları, ona dəyər verib-verməməsi yeniyetməlik dönəmində ona yardım edib-etməməsi çox önəmli bir faktordur. Həddın artıq mükəməliyyətçi, avtoritar, qoruyucu və bu kimi bir çox valideyn tutumları madsə istifadəsi riskini yarada bilir.
Valideynlərin övladlarına qarşı sərt qaydalar qoyması, qaydaların əksinə davranışlar olduqda isə uşaqlara sərt cəzaların verilməsi və valideynlərin övladları ilə bağll yüksək gözlənti içərisində olması sağlam olmayan uşaq yetişdirmə stili olub, ailə daxilində qaydalara demokratik və ədalətli şəkildə təyin etmə və əməl etmə, valideynlərin övladlarına qarşı həssas və onlarln problemlərini dinləməyə istəkli olmaları və övladlarının etdikləri xətalara qarşısında sərt cəzalandırma əvəzinə onların bu davranışlarının səbəbini birlikdə araşdırmaq, onları dinləmək və anlamaq kimi davranışların olması, övladlarından daha az və daha tutarlı nələrisə tələb etmə, disiplini yaradan xüsusi davranışları aşılamaq və övladlarının özlərini təsdiq etmələri ilə bağlı icazə vermələri daha övladları sağlam olan yetişdirmə davranışlarıdır.
Öz yaşamını asılılıqdan əziyyət çəkən bir valideynlır keçirmək məcburiyyətində qalan uşaqlar əfsus olsun ki, bir çox psixoloji, emiosional problemlə qarşı qarşıya qalırlar. Diqqət əksikliyi və hiperaktivlik pozuntusundan başlayaraq, motivasiya itkisi, asılılıq, ailə travmalarından dolayı şəxsiyyət pozuntusu, sağlam olmayan mübarizə mexanizmləri, özgüvən əksikliyinə qədər çox geniş aspekti əhatə edən bu problemlər övlad şəxsiyyətinin inkişafına öz mənfi təsirini göstərir.
Valideynlərin maddə istifadəçisi olmaları eyni zamanda övladlarının da gələcəkdə oxşar bir problemdən əziyyət çəkməsinə səbəb ola bilməkdədir. Ana və ya atanın psixoaktiv maddə istifadəsi və övladlarında görülən problemli davranışlar arasında bir əlaqə mövcuddur. Bu problemli davranışlar ailə daxilində münasibətin sağlamlığı və tərzinə bağlı olaraq ortaya çıxa bilir. Bir sıra tədqiqatlarda göstərilir ki, asılılıqdan əziyyət çəkən şəxslərin övladlarında müşahidə edilən uşaqlıq çağı problemlərinin başlıca qaynağı ailə daxilində olan uyğunsuzluğun olmasıdır. Həmin bu uşaqlar tutarlı olmaya ünsiyyətə, ailə daxilində şiddətə şahid olurlar.
-Asılılıqdan əziyyət çəkən valideynlərin övladları hansı problemlərlə qarşılaşa bilirlər?
Asılılıqdan əziyyət çəkən valideynlərin övladlarının bir çox sferalarında böyük problemlərlə qarşılaşıla bilir. Əfsus olsun ki, bir uşaq üçün önəmli sferalardan biri, gələcək şəxsiyyətin inkişafı üçün təhsildir. Araşdırmalar bunu deməyə əsas verir ki, bu uşaqların məktəbdə təhsil aldıqları dönəmdə təhsillə bağlı nəticələri zəif olur. Psixoaktiv maddə asılılığından əziyyət çəkən valideynlərin övladlar ilə psixoaktiv maddə asılılığından əziyyət çəkməyən valideynlərin övladlarını qarşılaşdırdıqda ən sıxlıqla müşahidə olunan fərq isə koqnitiv funksiyaların zəif olmasıdır.
-Yəni ailə daxilində asılılıqdan əziyyət çəkən birinin olması bütün ailəni dərindən sarsmaqdadır.
Təbii ki, cəmiyyətdə əksər vaxt asılılığın ailə funksionallığına və büdcəsinə olan zərərli təsirləri görülsə də, psixoloji və sosial olan mənfi təzahürlər çox da dərin düşünülmür. Bu, bizlərə məlumdur ki, ailənin hər hansısa fərdinin psixoaktiv maddə istifadəçisinin olması ailədə daha çox maddiyyat və zaman sərfinin olmasına səbəb olmaqdadır.
-Evdə maddə asılılısı bir valideyn varsa, bu hansı riski doğurur?
Evdə maddə asılılısı bir valideyn varsa, alkoqol və ya psixoaktiv maddə asılılısı olan valideynlərin övladların gələcəkdə maddə istifadəsi çox risklidir. Bu uşaqlarda ən başlıca günahkarlıq və utanc duyğusu daha sıxlıqla müşahidə olunur. Bu uşaqlar öz dostlarını evə dəvət etməyə çəkinirlər, hətta baş verənlərdən özlərini məsuliyyətli bilirlər.
Ailədə asılılıqdan əziyyət çəkən valideynin olması bütün diqqətin onun üzərinə fokuslanmasına gətirib çıxarır. Bu da evdəki digər fərdlərə qarşı diqqətsizliyin olmasına gətirib çıxarır. Xüsusilə doğulduğu andan etibarən 16 yaşına qədər uşaqlar bu situatsiyadan dərindən mənfi təsirlənir. Məhz bu səbəbdəndir ki, uşaq psixologiyasında daha çox eşitdiyimiz ifadə övladlarınızın emosional və fiziki ehtiyaclarının qarşılandığından əmin olmalıyıq.
Burada riayət olunmalı müxtəlif qaydalar var. Hansı ki, psixoaktiv maddə istifadəçisi valideyn övladının yanında alkoqol və ya digər psixoaktiv maddələrdən istifadə etməməlidir. O sərxoşluq və ya maddənin eyforik təsiri altında düşüncəsinin bağlı olduğu üçün istənilən mənfi davranışı edə bilər. Burada uşaqların yaşlarına uyğun şəkildə ailədəki asılılıqdan əziyyət çəkən valideynlə bağlı məlumat verilə bilər. Lakin uşaqlara asılılıqla bağlı məlumat verdikdə yetərli qədər diqqətli olmalıyıq. Onun bilmədiyi maddələr tanıdılmamalıdır, bütün bu yaşadıqlarından dolayı özünü günahkar hiss etməməsi yönündə açıqlama edilə bilər.
Türkiyədə 2021-ci ildə aparılan bir araşdırmada isə alkoqol və ya digər psixoaktiv maddə istifadəçilərinin övladlarında qarşıya çıxan davranış problemləri araşdırılmışdır ki, bu tədqiqat nəticəsində məlum olmuşdur ki, istifadəçi valideynləri olan uşaqlarda öyrənmə problemləri, təşviş və ya hiperaktivlik özünü daha aşkar şəkildə biruzə vermişdir. Məhz asılılıq nəticəsində valideynin övladına qarşı münasibəti, emosional rəddedilmə, tərk edilmə və tutarsız davranışlar, maddə istifadəsindən dolayı stressli ailə mühiti, zəif valideynlik bacarıqları uşaqlarda ciddi psixi problemlərin yaranmasına gətirib çıxarır.
Qiymət Mahir