Azərbaycanda zəlzələ baş verərsə, Bakı və Sumqayıt şəhərlərindəki bir sıra binalarda ciddi problemlər yarana bilər-. MÜSAHİBƏ
12 Yanvar 2024 18:45 Müsahibəİnşaat üzrə ekspert Muxtar Ərturan ilə baş verə biləcək zəlzələlər zamanı Azərbaycandakı tikililərin dözümlülük səviyyəsi, meydana çıxa biləcək problemlər və digər tikinti məsələləri ilə bağlı həmsöhbət olduq.
- Muxtar bəy, Bakıda, ümumiyyətlə Azərbaycanda tikilən evlər, binalar zəlzələ kimi təbii fəlakətlərə nə dərəcədə dözümlüdür? Binaların sağlam şəkildə tikilib istifadəyə verilməsi üçün inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə hansı məsuliyyətlər düşür?
- Azərbaycanda, xüsusən də Bakı və Bakının ətraf rayonlarında, həmçinin sənaye rayonlarımızda, Gəncədə, Qazaxda, Mingəçevirdə, Naxçıvanda, ümumiyyətlə, Azərbaycan ərazisində tikilən bütün binalar eyni standartlara əsasən inşa edilir, yəni, layihələndirilir. Layihələndirilmə prosesi, həmçinin eskiz layihə, işçilik layihələr və konstruksiya layihələri çox gözəl standartlara uyğun olaraq hazırlanır. Hətta Bakı Şəhərsalma İdarəsinin onun üzərində apardığı nəzarət mexanizmi yetərincə möhkəm və güclüdür. Buna heç bir şübhə yoxdur. Çünki şəxsən mənim özüm bir çox layihələri oradan keçirirəm və bu zaman necə bir nəzarət mexanizmi var, bunu görürəm.
Bu mərhələdə hər şey gözəldir. Çünki sənədləşdirmə və protokollaşdırma məsələləri əla aparılır. Lakin tikinti zamanı bu məsələlərə diqqət yetirilmir. Yəni binanın konstruktiv vəziyyətinin layihədə göstərildiyi kimi həyata keçirilməsi, armatur hesabatının və beton hesabatının düzgün markalara və standartlara uyğun olub-olmaması artıq bir sıra məqamlarda, bir sıra binalarda, bir sıra özəl tikilən binalarda, şəxsən məndə çox böyük şübhə yaradır. Belə ki, inşaat zamanı, yəni tikinti inşaat işləri gedən zaman bir sıra binalarda layihədən kənara çıxırlar. Müəyyən nəzarət mexanizmində boşluq olan ərazilərdə, yəni Bakıda və Bakıətrafı rayonlarda və Azərbaycanın sənaye şəhərlərində də bu kimi hallar daha tez-tez nəzərimizə çarpır.
Azərbaycanda hər hansı bir zəlzələ baş verərsə, mən əminliklə deyə bilərəm ki, Bakı şəhəri daxil olmaqla, Sumqayıt şəhərində və digər şəhərlərdə bir sıra binalarda ciddi problemlər yarana bilər. Problemlərin kökündə binaların inşa prosesində inşa zamanı buraxılan nöqsanlar, yəni konstruktiv binaların konstruksiyasının inşası zamanı buraxılan nöqsanlar və binaların istismar müddətində, Bakı şəhərində, Sumqayıt şəhərində, Abşeronda bəzi binalar var ki, onların zirzəmisinə sular dolur. Onların artıq betonu və təməlləri korroziyaya uğrayır. Bütün bunlar hamısı binanın istismarını tezləşdirir və istismar müddətinin tez sona çatmağına, yəni binanın keyfiyyətdən düşməsinə yol açır. Bu kimi binalar da var. Və yaxud bir çox Bakı şəhərində binalar var ki, onlara konstruktiv dəyişikliklər olunub və bir sıra binalar da vardı ki, mətbuatdan da biz bunu görmüşük, binaların zirzəmisində kimlərsə özlərinə obyektlər düzəltmək üçün konstruksiya kəsirlər, kolonları kəsirlər, xəsarət verirlər və yaxud binaların zirzəmilərində qarajları böyütmək, yəni avtodayanacaqlar yaratmaq məqsədilə hansısa kolonları kəsənlər daşıyıcı divarlara və armaturlara xəsarət yetirən insanlar var ki, elə binanın öz sakinləri və MTK rəhbərlərinin tapşırığı olan hadisələr var ki, təbii ki, zəlzələ zamanı bu binaların dözümlüyü aşağı düşür və ilk növbədə binalar bu hissədən zədə alırlar, zədələnirlər və birinci zəlzələdə həssas olan və ya sınan yenə binaların həmin bu hissəsi olacaqdır.
Bu halda kimlərin üzərinə məsuliyyət düşür? Təbii ki, bu halda inşaat icraçılarının üzərinə məsuliyyət düşür. Belə ki, inşaat icraçıları əgər həmin binanı təhvil-təslim ediblərsə, artıq o binada neqativ addımları atan insanların üzərinə məsuliyyət düşür ki, kimlər ki, bu binada nəzarət mexanizmi həyata keçiriblər, yəni komendantlar və yaxud əgər bina hələ də MMC-nin, MTK-nın nəzdindədirsə, sahənin tərkibindədirsə, həmin ona nəzarət edən insanlar birbaşa buna məsuliyyət daşıyırlar. Yəni bu problemlərə göz yuman insanlar bunlar üçün məsuliyyət daşıyır.
Lakin bu kimi problemləri konkret fərdlərin üzərinə atmaqdansa və ya bu kimi problemlərdə kimin məsuliyyət daşımağını axtarmaqdansa, düşünürəm ki, bu günləri aidiyyəti üzrə qurumlarla yanaşı, icra orqanlarının tərkibində olan bu işə nəzarət edən qurumlar məsələləri vaxtında araşdırmalı, müvafiq profilaktik araşdırmalar aparmalı, tapmalı, bilməli və vaxtında bunların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görərək müəyyən yerdə problemləri aşkarlamalı və aşkarlanan problem üzrə problemin həlli üçün gücləndirmə, konstruksiya işləri aparılmalı və ya problemləri aradan qaldırılması üçün lazımi tədbirlər görməlidir.
- Yeni tikinti normaları sovet dövründən qalmış normalarla nə ilə fərqlənir? Hansı dövrdə tikilən binaları daha möhkəm qiymətləndirmək olar?
- Baxın, sovet vaxtında bir binanı tikmək üçün seysmik rəy də alınırdı. Yəni, bu bina Bakı şəhərində və yaxud Şamaxıda 25 mərtəbə tikilə bilməz. Çünki seysmik plitələr, tiptonik plitələr var ki, bu plitələrin üstündə binalar tikilə bilməz. Təsəvvür edin, iki bina yan-yanadır, Bakı şəhərində və Abşeron yarımadasında. Bilirəm ki, bu binalar hansı binalardır, aralarında 150 metr məsafə var. Binanın biri tiptonik, yəni seysmik xəttin üzərindədir, belə desək, piltənin üzərindədir, digəri isə deyil. Artıq o binanın ikisinin də eyni mərtəbədə olmağı qənaətbəxş deyil, belə olmamalıdır. Bu bir səhvdir və sovet dövründə siniflərlə işləyən mütəxəssislər var idi və bu siniflərlə işləyən mütəxəssislər zamanında seysmik rəy də alırdılar, binanın qurultuna görə, torpağa görə binanın geoloji vəziyyətinin rəyini alırdılar. Həmçinin geologiyadan başqa isə seysmik rəy alırdılar ki, burada, bu mərtəbədə bina tikmək olar, yoxsa olmaz? Lakin əfsuslar olsun ki, Türkiyədə baş vermiş zəlzələyə qədər, yəni ötən ilə qədər bu halla bağlı Azərbaycanda heç bir tədbir görülmürdü. Binalar, sadəcə olaraq relyefə görə, geologiyaya görə konstruksiya hesablanırdı və heç bir seysmik rəy nəzərə alınmırdı.
- Bakının relyefinin və tektonik quruluşunun 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermədiyilə bağlı iddialar haqqında nə deyə bilərsiniz?
- Həqiqətən də Bakı şəhərində, hətta sovet dövründə qeyd etdiyiniz kimi relyefin və textonik quruluşun səbəbindən binaların doqquz mərtəbədən hündür olmasına icazə verilmirdi. Lakin bayaq da vurğuladığım kimi, sovet vaxtında layihələr eskiz vəziyyətində və ya konstruksiya vəziyyətinin geologiyası hazırlanıb, ekspertizaya veriləndə artıq layihənin üzərində seysmik rəy verilirdi. Amma bu günləri o olmadığına görə Bakı şəhərində 28-27 mərtəbəli böyük binalar var. Hansı ki, bunların inşası təməldən artıq səhvdir.
- Sürüşmə zonalarında, məsələn, Bayıl yamacında birmərtəbəli, beşmərtəbəli binaların yerində hündürmərtəbəli binaların tikilməsi hansı təhlükələrə yol aça bilər?
- Çox böyük bir problemlərə yol aça bilər. Belə ki, onların layihələndirilmə mərhələsində sürüşmə zolağında onun geologiyasının, qruntun tərkibi araşdırılmalı, onun seysmik vəziyyəti, rəyi alınmalı və buna uyğun olaraq torpaq gücləndirmə işləri aparıldıqdan sonra konkret konstruktiv hesabatlara əsasən, layihə çəkildikdən sonra bina inşa oluna bilər. Əks halda bu sənədlər yoxdursa, o binaların orada olması sadəcə olaraq vaxt məsələsidir.
- Türkiyədə baş verən zəlzələdə binalar bütövlükdə yerlə-yeksan olur. Buna səbəb kimi tikinti materiallarının keyfiyyətsiz olması əsas gətirilir. Azərbaycanda bununla bağlı vəziyyət necədir? Binaların tikintisində istifadə olunan materialların tərkibi standartlara cavab verirmi?
- Türkiyədə baş verən zəlzələdə bəli, əsas problem binalarda olan keyfiyyətsiz armatur və keyfiyyətsiz tikililər, həmçinin layihə və eskiz konstruksiya layihələndirmə işlərində məsələyə ciddi yanaşılmaması idi ki, Azərbaycanda bu məsələlər Türkiyə səviyyəsində deyil. Bu gün Azərbaycanda tikintidə istifadə olunan inşaat materiallarının keyfiyyətini şəxsən mən 1-5 şkalası ilə 3+ kimi qiymətləndirirəm.
- Bakının yeni baş planı hazırlanır. Sizcə, yeni plan köhnədən nə ilə fərqlənməlidir? Köhnə planda nələr saxlanılmalı, nələr birmənalı şəkildə çıxarılmalıdır?
- Bəli, üç layihədən ibarət yeni planı hazırlanır. Bununla bağlı bir çox müsahibələr vermişəm. Bu, plana əsasən, infrastruktur əsas layihəsidir və bu infrastruktur layihəsi Bakıda olan bir sıra nəqliyyatlar, yollarla bağlı tıxaclar və digər məsələləri bir çox problemləri aradan qaldıracaq. Lakin bu inşaat işləri aparıldığı müddət ərzində Bakının özündə yollarda çox ciddi problemlər yaşanacaq. Belə ki, bu ayrı bir mövzudur və bunun üçün artıq Bakı Şəhərsalma, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyi birgə bir layihə işləməlidirlər, işin planı hazırlanmalıdır və alternativ yollardan istifadə qaydaları və s. məsələlər tənzimlənməlidir. Amma Bakının yeni layihə üzrə dəyişdirilməsi müsbət haldır.
- Digər ölkələrin relyefi üçün uyğun olan bina tikintisi layihələrinin Azərbaycanda tikiləcək binalara tətbiq edilməsi nə kimi fəsadlar yarada bilər?
- Baxın, burada digər ölkələrdə olan binaların layihələndirilməsi və ya eskizləri eskiz şəklində, yəni estetik gözəlliyi və ekstrierin hansısa bir fərqli formatda olması, yəni burda heç bir problem yarada bilməz. Misal üçün, binaların zahiri görünüşüdür, onların zahirində istifadə olunan fərqli dekorativ materialların istifadəsi və ya daha yüngül inşaat materiallarından istifadə olunması, düşünürəm ki, burada heç bir problem yarada bilməz. Əksinə, şəhərimizin modern simasının daha gözəl, daha müasir formada özünü göstərəcəyinə yol açacaq. Lakin bildiyiniz kimi, hər bir bina konstruktiv layihəsi olur və bu konstruktiv layihə konkret geologiyaya, relyefə, topoqrafiya və seysmik rəylərə əsaslanaraq hazırlanır. Düşünürəm ki, bu formatda, yəni, konstruksiya həlli formatında uyğunluq əgər digər ölkələrdən olarsa və tam uyğunluq əldə olunduqdan sonra, onların Azərbaycanda inşa mərhələsinin aparılması mümkün ola bilər. Əks halda 70 faiz bu mümkün olan bir şey deyil. Çünki bu səviyyədə uyğunluq dünyada ola bilməz.
Röyalə Xəyal