İnsana hörmət Azərbaycanın qanındadır - MÜSAHİBƏ

Aytən Mustafayeva: “Eyni cinayətə görə 2 dəfədən çox məhkum olunmuş insanlar ömürlük həbs cəzası almalıdırlar”

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva "OLAYLAR"a müsahibə verib.

-Aytən xanım, İnsan Hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın dünyadakı yerini necə dəyərləndirirsiniz?

-Hamımız bilirik ki, Azərbaycan çox qədim tarixə malik bir dövlətdir və bu o deməkdir ki, bu gün bizim çox qədim mədəniyyətimiz var. Və bu mədəniyyət onun göstəricisidir ki, burda çox millətlər, çox qədim dinlər, mədəniyyətlər, fəlsəfələr yığışıb, buradan keçib. Azərbaycan artıq etnosun, Azərbaycanda yaşayan insanların dillərinə, dinlərinə, yaddaşlarına köçüb. Onu qeyd etmək istəyirəm ki, bu həm də onunla bağlıdır ki, Azərbaycanda insan hüquqları sadə bir məsələdir. Yəni bu normal haldır ki, insana hörmət, insani dəyərlərə hörmət, insani dəyərlərin hər şeydən üstün tutulması və s. Ancaq onu da qeyd etmək lazımdır ki, dünya dəyişir və inkişaf edir, yeni-yeni çağırışlar ortaya çıxır, yeni adətlər ortaya çıxır, yeni üslublar ortaya çıxır. Həm millətlərarası münasibətlərdə, həm dövlətlərarası və s. Bunun da təbii ki, təsiri konkret dövlətin konkret vətəndaşlarında özünü göstərir. Azərbaycanda insan hüquqlarının xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan çox dinli, çoxmillətli dövlətdir. Burada yaşayan millətlərin bir-birinə hörmət məsələsi bir problem kimi qarşıya çıxmır, bu, sadə bir şeydir. Bilirik ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri yaşayırlar.

-Azərbaycanda insan hüquqlarının formalaşması nə vaxtdan başlayıb?

-Azərbaycan SSRİ dağıldıqdan sonra yeni dünyanın, müasir dünyanın yeni demokratik adətlərinə qovuşmağa başlayıb. Onu da qeyd edim ki, Azərbaycanın demokratik ideyaları, demokratik baxışları, siyasi baxımdan dünyagörüşü çoxdan mövcud olub. Biz bilirik ki, Şərqdə ilk dəfə Azərbaycan qadınına seçki hüququ verilib. 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının vaxtında bizim ziyalılarımız çox proqressiv, çox irəlidə gedən ideyalarla yaşayırdılar və Avropanın bir çox ölkələrində çox-çox sonralar qadınlar bu cür hüquqlara malik oldular. Daha sonra qeyd etmək istərdim ki, bu, artıq Azərbaycanın qanındadır, artıq neçə onilliklərdir ki, hüquqi əsaslara söykənən adətlər, söz azadlığı, fikir azadlığı bunlar həmişə Azərbaycanda olub. Burda Zərdabini də yada salmamaq olmaz. Azərbaycanda ziyalılar həmişə öz sözünü deyib və ziyalı fikrinə, ziyalı sözünə həmişə böyük diqqət yetirilib.

-Azərbaycanda ailə münasibətləri və uşaq hüquqlarının müdafiəsi sahəsində hansı problemlər var?

-Onu da qeyd etmək istəyirəm ki, başqa adət ailədə olan münasibətlərdir. Uşağa olan münasibət, qocaya olan münasibət, qadına olan münasibət, hörmət. Bu gün müasir dünyada çox böyük marağa və diqqətə səbəb olan məsələlərdən biri də uşaq hüquqlarıdır ki, bu da insan hüquqlarının da ayrıca bir sahəsidir. Uşaqların qayğısına qalmaq, onlara şərait yaratmaq, uşaqların tərbiyəsi, uşaqların bir vətəndaş kimi formalaşmasına imkan yaradan valideynlər qarşısında vəzifələr qoyulur. Həm də paralel olaraq uşaqlar böyüdükcə böyüklərə hörmət, yaşlılara hörmət və s. Mən hətta keçən il konfransların birində çıxışım zamanı Azərbaycanda yaşlı nəslin yaşayış şəraiti ilə bağlı söylədim ki, münbit şərait bir yana, bizdə yaşlıya hörmət etmək bir adətdir. Yaşlıları uşaqlar öz himayələrinə götürürlər, bunlar bizdə adi haldır. Necə uşağa anası baxır, daima bəsləyir, boya-başa çatdırır, uşaq da böyüdükdən sonra  ahıl valideynlərinə öz diqqətini əsirgəmir. Mən bunu qeyd etdim ki, diqqət cəlb eləsin. Çünki xaricilərdə-Avropada, Amerikada bu cür şeylər yoxdur. Sonra onu qeyd edim qadına hörmət. Ailədə qadına hörmət və ana bizim həm dini, həm də ənənəvi məfhumumuzdur. Bizdə qadınlara həmişə hörmət olub. Ancaq təəssüflər olsun ki, müasir dünyada psixoloji durum, informasiyanın çox olması mahiyyətcə tələbləri daha da önə çıxarır. Gənclərin də öz bilik və bacarıqlarını ortaya qoyması üçün imkanlar var. Sadəcə onlar o səviyyəyə çatmalıdırlar. Bu zəif insanlarda gərginlik yaradır, onlar aqressiv olurlar və aqressiyalarını da ilk olaraq qadına yönəldirlər. Bu da hesab edirəm ki, bir çox məqamlarla bağlıdır. Bu istiqamətdə KİV-də, mədəniyyət, incəsənət sahəsində çox böyük işlər görülməlidir. Biz nəzərə almalıyıq ki, yeni nəslin yetişdirilməsi və tərbiyəsi hansısa bir qurumun işi deyil, bu, dövləti, cəmiyyəti maraqlandıramn bir işdir və gələcəyə baxış deyəndə normal, psixoloji,fiziki və mənəvi cəhətdən sağlam insanlar yetişdirməliyik. O baxımdan mən məsəlçün çox ideoloji işə gənc nəsil ilə böyük diqqət yetirərdim. Dövlət sifarişi ilə çəkilən filmlər, verilişlər. Bunlar hamısı tərbiyəvi xarakter daşıyırdı.

-Son zamanlar cinsi zorakılığın artma səbəbini nədə görürsünüz?

- Zorakılığın mənbəyi mədəniyyətsizlikdir. Həyatın tələblərinə cavab verməyən insanlar artıq aqressiya əl atırlar. Amma belə insanlar çox təəssüf ki, hər yerdə var. Mən hesab edirəm ki, eyni cinayətə görə 2 dəfədən çox həbs olunmuş insanlar artıq ömürlük cəza almalıdırlar.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31