Siyasi ittihamlar fonunda Bakı-Avropa münasibətləri- ÖZƏL

"Avropa Birliyi Parlament Assambleyasının Azərbaycana münasibəti, bir qayda olaraq, AB Komissiyasının ölkəmizə münasibətindən fərqli və daha qərəzli, qeyri-obyektiv olub və bu, bir sıra amillərlə bağlıdır. AB Komissiyası (əslində Avropa hökuməti) Azərbaycanla münasibətlərdə daha praqmatik mövqe sərgiləyərək, Azərbaycanın AB-nin enerji təhlükəsizliyində oynadığı rola xüsusi önəm verib və Rusiya qazına (Ukrayna müharibəsi ilə əlaqədar) tətbiq edilən məhdudiyyətlərdən sonra bu, xüsusilə ciddi əhəmiyyət kəsb etməyə başlayıb". 
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

"AB PA isə fəaliyyətinə təsir imkanları olan Avropadakı erməni diasporlarının, habelə Fransanın təşviqi ilə rəsmi Bakını ölkədə vətəndaş hüquq və azadlıqları sahəsindəki vəziyyətə görə, müxalifətə qanundan kənar yanaşma, siyasi azadlıqların məhdudlaşdırılması, vicdan məhbusları və s. məsələlərə görə tənqidi yanaşır. Eyni zamanda, gerçəklikləri görməzdən gələrək Azərbaycan hakimiyyətini Qarabağ məsələsində sərgilədiyi mövqeyə, Qarabağ ermənilərinə münasibətdə guya ki, etnik təmizləmə siyasəti aparılmasına görə ittiham edir.
Qarabağda separatçı qurum və onun təmsilçilərinə münasibətdə rəsmi Bakının qəbul etdiyi məhkəmə qərarları da AB-də erməni diasporası ilə iş birliyində olan siyasətçilərin vaxtaşırı Azərbaycanın ünvanına səsləndirdiyi ittihamların leytmotivini təşkil edir. Rəsmi Bakı ilə təhdid dilində danışan AB-nin PA-sına Azərbaycanın mövqeyi daim adekvat olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum edən AP istisna deyil ki, rəsmi Bakı adekvat mövqe sərgiləyəcək və nəticə etibarilə ölkənin AŞ PA tərkibindən çıxması bu günlərdə qəbul ediləcək qərar olacaq.
Bu qərarla rəsmi Bakı onunla təhdid dilində danışan Avropa institutuna öz yerini göstərəcək və bir daha bəyan etmiş olacaq ki, suveren dövlət olaraq o, regional və beynəlxalq təsisatlarla münasibətlərini bundan sonra da bərabər üsullarla, beynəlxalq qanunvericiliyə uyğun şəkildə qurmağa və inkişaf etdirməyə sadiq qalacaq. Bu münasibətlər isə qarşılıqlı maraq və qarşılıqlı etimad müstəvisi üzərində aparılmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31