Cənubi Qafqazda yeni era: Azərbaycan-Ermənistan münasibətlərində çoxvektorlu inkişaf – ÖZƏL
14:00 Siyasət"Son vaxtlar Azərbaycan və Ermənistan arasındakı münasibətlərin daha pozitiv istiqamətə yönəlməsi bütövlükdə Cənubi Qafqaz üçün sülh və sabitlik vəd edir. Hazırda iki ölkə arasında gedən proseslər çoxvektorlu xarakter daşıyır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli aprelin 29-da Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərliyi ilə delimitasiya komissiyalarının 13-cü iclasına münasibət bildirərkən deyib. Siyasi şərhçi bildirib ki, bir tərəfdən Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya ilə bağlı məsələləri həll etməyə çalışır, bu istiqamətdə prinsipial addımlar atır və artıq xeyli irəliləyiş əldə olunub. Gələcəkdə sərhəd xətlərinin dəqiq müəyyənləşdirilməsi qarşılıqlı iddialarla bağlı problemlərin birdəfəlik aradan qaldırılmasına gətirib çıxara bilər. Digər tərəfdən isə iki ölkə arasında iqtisadi-ticari münasibətlərin təməli formalaşmaqdadır. Bu da onu göstərir ki, Azərbaycan və Ermənistan yalnız sülh sazişi imzalamaqla kifayətlənmək niyyətində deyil, eyni zamanda qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq, biznes və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirmək, mal mübadiləsini təmin etmək istəyirlər. Bu proses hər iki ölkə üçün maliyyə-iqtisadi dividendlər vəd edir. Xüsusilə Ermənistan üçün bu istiqamət böyük əhəmiyyət daşıyır. Çünki onun həm regional, həm də beynəlxalq bazarlara çıxış imkanları məhduddur və Azərbaycan bu baxımdan strateji əhəmiyyət kəsb edir.
Ekspertin sözlərinə görə, qeyd olunan istiqamətlər - delimitasiya prosesinin uğurla irəliləməsi və iqtisadi-ticari münasibətlərin qurulması - öz növbəsində iki ölkə arasında siyasi münasibətlərə də müsbət təsir göstərə bilər. Çünki iqtisadi əlaqələr siyasətə birbaşa və ciddi təsir edən amillərdəndir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni, daha konstruktiv mərhələnin başlanması mümkündür. Bu proses yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, eyni zamanda hər iki ölkə vətəndaşlarının bir-birinə münasibətinə də təsir göstərə bilər. Hazırda Ermənistan cəmiyyətində Azərbaycana qarşı müəyyən aqressiv yanaşmalar qalmaqdadır. Lakin əgər Ermənistan vətəndaşları ölkə iqtisadiyyatının Azərbaycanla əməkdaşlıqdan real fayda əldə etdiyini, ticari əlaqələrin genişləndiyini görərsə, bu, ictimai rəyə də müsbət təsir edə bilər. Çünki siyasət hər kəsə eyni dərəcədə təsir etməsə də, iqtisadi-ticari münasibətlər cəmiyyətin geniş təbəqələri üçün real imkanlar yaradır: yeni iş yerlərinin açılması, gəlirlərin artması və sosial rifahın yüksəlməsi baxımından bu proses olduqca müsbət nəticələr verə bilər. Bu proses uğurla davam edərsə, o zaman regionda qarşıdurma mühitinin qorunmasında maraqlı olan xarici qüvvələrin, o cümlədən Rusiyanın apardığı təbliğatın təsiri də zəifləyə bilər. Çünki iki ölkə arasında sərhəd məsələləri həll olunur, iqtisadi əlaqələr inkişaf edir və siyasi münasibətlər normallaşırsa, kənar müdaxilələr üçün zəmin də daralır.
"Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər. Bu isə regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər. Bu mərhələyə qədər isə Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində xarici təsirlərə açıq qüvvələrin hakimiyyətə gəlməsinin qarşısının alınması da mühüm amillərdən biri kimi qiymətləndirilə bilər", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova