Çevik iş, çevik maaş: yeni model nələri dəyişir? ÖZƏL
13:47 İqtisadiyyatAzərbaycanda əmək bazarında mühüm yeniliklər gözlənilir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin açıqlamasına əsasən, hazırda iqtisadiyyatda saatlıq əməkhaqqı modelinin tətbiqi, bərabər əməkhaqqı prinsipi və uşaq hüquqlarının qorunması ilə bağlı yeni islahatlar hazırlanır. Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Saatlıq əməkhaqqı modelinin tətbiqi Azərbaycan əmək bazarına əsasən üç istiqamətdə çeviklik gətirə bilər.
Birincisi, iş vaxtının çevikliyi yaranır. İndiki aylıq maaş sistemində işəgötürən işçini tam ştatda rəsmiləşdirməyə məcburdur. Yarım gün, 3-4 saatlıq iş üçün şirkətlər çox vaxt müqavilə bağlamır, işçini kölgədə saxlayır. Saatlıq sistemdə isə işəgötürən tələbat olanda işçini 2 saatlığa da çağıra bilir, tələbat olmayanda buraxır. Bu, xüsusən pərakəndə satış, iaşə, logistika, kuryer, anbar, çağrı mərkəzi kimi sahələrdə növbəli işi leqallaşdırır. Tələbə dərsdən sonra 4 saat işləyib rəsmi gəlir əldə edir, gənc ana uşaq bağçadan çıxana kimi yarım gün işləyir. Nəticədə əmək bazarına indiyə kimi daxil olmayan qruplar qoşulur.
İkincisi, "overtime" məsələsi şəffaflaşır. Hazırda özəl sektorda işçinin faktiki 10-12 saat işləməsi, amma 8 saatlıq maaş alması adi haldır. Saatlıq uçot məcburi olanda hər artıq saat qeydə düşür və əmsalla ödənməlidir. İşəgötürən ya əlavə pul verəcək, ya da işi 8 saatla bitirəcək. Bu, həm işçinin hüququnu qoruyur, həm də işəgötürəni işçi sayını optimallaşdırmağa məcbur edir. Məsələn, 1 nəfəri 12 saat işlətmək əvəzinə 2 nəfəri 6 saatlıq götürmək sərfəli olur. Beləliklə, məşğulluq artır.
Üçüncüsü, bir neçə yerdə işləmək asanlaşır. Aylıq sistemdə işçi bir şirkətə "bağlı" olur. Saatlıq sistemdə səhər bir yerdə, axşam başqa yerdə işləmək mümkündür. Xüsusən xidmət sektorunda usta, müəllim, dizayner, proqramçı öz vaxtını saata bölüb bir neçə layihədə çalışa bilir. Bu, həm gəliri artırır, həm də iqtisadiyyatda insan resursunun daha səmərəli bölüşdürülməsini təmin edir.
Bərabər əməkhaqqı prinsipi ilə birlikdə saatlıq model ayrı-seçkiliyi də azaldır. Eyni işə, eyni saata görə kişi və qadın, gənc və yaşlı fərqli maaş almamalıdır. İndi "ştat vahidi" adı ilə maaşlar gizlədilir. Saatlıq tarif açıq olanda şəffaflıq artır.
Amma çevikliyin real olması üçün üç şərt vacibdir. Birincisi, minimum saatlıq tarif qanunla təsbit olunmalıdır. Əks halda işəgötürən saatı 1.5 manat yazıb işçini 12 saat işlədəcək. İkincisi, elektron iş vaxtı uçotu məcburi olmalıdır. Giriş-çıxış biometrika ilə, ƏMAS sisteminə inteqrasiya ilə izlənməlidir. Yoxsa "4 saat yaz, 8 saat işlə" halları kütləvi olacaq. Üçüncüsü, Əmək Müfəttişliyi nəzarəti güclənməlidir. Cərimələr elə olmalıdır ki, şirkət risk etməsin.
Azərbaycan mühitində risk də var. Dövlət sektorunda, təhsil və səhiyyədə iş saatla ölçülmür, orada tətbiq çətin olacaq. Özəl sektorda isə işəgötürənlər xərcdən qaçmaq üçün müqavilələri "xidmət müqaviləsi" ilə əvəz edə, işçini sahibkar kimi göstərə bilərlər. Bu da sosial müdafiəni zəiflədir.
Yekun olaraq, saatlıq əməkhaqqı modeli düzgün tənzimlənsə, əmək bazarını daha çevik edəcək: part-time işlər leqallaşacaq, əlavə işlər ödənəcək, tələbə, qadın, təqaüdçü üçün iş imkanı artacaq. Amma bu, avtomatik maaş artımı demək deyil. Çevikliklə bərabər minimum təminatlar, elektron nəzarət və cərimə mexanizmi olmasa, sistem kağız üzərində qalacaq, real həyatda yenə "qulp" tapılacaq. İslahatın uğuru qanunvericiliklə yanaşı icra mexanizmindən asılı olacaq".
Zeynəb Mustafazadə