Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb - MSC
19:39 İqtisadiyyatSon illərdə Orta Dəhliz Asiya ilə Avropa arasında mühüm nəqliyyat arteriyasına çevrilib və Mərkəzi Asiya ölkələri, beynəlxalq yükdaşıyanlar və logistika operatorları tərəfindən ona maraq əhəmiyyətli dərəcədə artıb.
Olaylar xəbər verir ki, bu barədə MSC (Mediterranean Shipping Company) şirkətinin Azərbaycan üzrə meneceri Hüseyn Ramazanov Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, Çin və Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə birləşdirən marşrut son illərdə mühüm dəyişikliklərə məruz qalıb və hazırda region ölkələri, eləcə də beynəlxalq biznes dairələri tərəfindən getdikcə daha çox diqqət cəlb edir.
Ramazanov qeyd edib ki, Mərkəzi Asiya ölkələri Orta Dəhlizi ixracın inkişafı və qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün mühüm alət kimi qiymətləndirirlər.
O vurğulayıb ki, marşrutun potensialının daha da reallaşdırılması üçün nəqliyyat proseslərinin təkmilləşdirilməsi, multimodal daşımaların inkişaf etdirilməsi, logistikanın rəqəmsallaşdırılması və nəqliyyat zəncirinin bütün iştirakçıları arasında əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi zəruridir
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.