Hadı Rəcəbli: “Cənubi Qafqaz iqtisadiyyatında 80 faiz paya malik Azərbaycan modern islahatlar mərhələsinə daxil olub” - MÜSAHİBƏ

Ölkədə aparılan sosial siyasət daha geniş spektrdə sosial məsələləri əhatə etməyə başlayıb. Hər bir insanın ailə vəziyyəti, məşğulluğu, sağlamlığı, maddi durumu və s. meyarlar onun cəmiyyətdəki statusunu müəyyən edir. Bu baxımdan hər bir şəxs- fəhlə, müəllim, pensiyaçı, sahibkar, məmur, millət vəkili və digərləri cəmiyyətdə müəyyən sosial qrupa daxil olur. Lakin hansı sosial qrupa mənsub olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlətin sosial siyasətinin obyektidir və həmin vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədidir. Başqa sözlə desək, sosial müdafiəyə siyasəti hər bir kəsi əhatə edir. Son illər respublikamızın iqtisadi inkişafı, maddi imkanlarının artması ölkəmizdə həyata keçirilən sosial siyasətin kifayət qədər geniş sferanı, müxtəlif istiqamətləri əhatə etməsinə şərait yaradıb. Bütün bunlar barədə daha ətraflı məlumat əldə etmək üçün Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili, siyasət elmlər doktoru Hadı Rəcəbliyə müraciət etdik.

- Hadı müəllim, hazırda respublikamızın iqtisadi inkişaf səviyyəsini necə xarakterizə edərdiz?

- Son on ildə inkişaf tempinə görə dünyanın lider ölkəsinə, Cənubi Qafqazın güc mərkəzinə çevrilən, rifahlı cəmiyyət, müasir dövlət quruculuğunun geniş vüsət aldığı, dünyada böyük nüfuz qazanan Azərbaycan artıq mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olub. Milli iqtisadiyyatın son on ildə 3 dəfədən çox artdığı respublikada regional inkişaf siyasəti və qeyri-neft sektorunun dinamik şəkildə inkişafı ümumdaxili məhsulun 52,7 faizə çatmasına, 1 milyon 200 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olub. Müvafiq dövlət proqramları nəticəsində işsizliyin 5,2 faizədək, yoxsulluğun isə 6 faizədək azaldığı Azərbaycan hələ 2009-cu ildə, yəni dünya iqtisadiyyatı kəskin böhran keçirdiyi vaxtda 9,3 faizlik iqtisadi artım əldə edərək, iqtisadi keçid dövrünü uğurla başa vuraraq modern islahatlar mərhələsinə daxil olub. Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan və özəl sektorun çəkisinin 83 faizə çatdığı respublikamızda investisiya siyasətini stimulllaşdıran şəffaf və əlverişli biznes mühitinin yaradılmasının müsbət nəticəsi kimi, ölkə iqtisadiyyatına 2010-cu ildə 17,6 milyard, 2011-ci ildə 20 milyard, 2012-ci ildə 22,1 milyard dollar, yəni təkcə son üç ildə 60 milyard dollara yaxın investisiya qoyulub. Ümumiyyətlə isə, son on ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 130 milyard dolları ötüb. İqtisadi sahələrin şaxələndirilməsi, müasir sosial-iqtisadi infrastrukturun yaradılması və qeyri-neft sektorunun dinamik inkişafı ümumi iqtisdiyyatın yüksəlişini təmin edib. Təkcə cari ilin ilk yarısında ümumi daxili məhsulun 5 faiz yüksəlməsi, qeyri-neft sektorunun 11 faiz artması bunu deməyə əsas verir. 2013-cü il iyunun 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 480 min nəfər olub. Bu işçilərin 896,2 min nəfəri iqtisadiyyatın dövlət, 583,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir. Makroiqtisadi sabitliyin qorunub saxlanması və güclənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, davamlı iqtisadi artımın təmin olunması ilə yanaşı, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, orta aylıq əmək haqqının cari ilin 1 iyul tarixinə 411 manata çatmasına, nəticə etibarilə əhalinin həyat səviyyəsinin mütəmadi yaxşılaşmasına səbəb olub. Əhalinin gəlirlərində davamlı artım dinamikası ilə yanaşı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması vətəndaşların öz gəlirlərindən daha səmərəli istifadəsinə imkan verib.

- İqtisadiyyatın inkişafı əhalinin yaşayış səviyyəsinə necə təsir göstərib? Yəni, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsi nə qazanıb?

- Respublikada aparılan modern sosial siyasətin daha geniş spektrdə sosial məsələlərin həllini əhatə etdiyini və bununla cəmiyyətin rifahında daha önəmli rola malik olduğunu, eyni zamanda ölkədə sosial ədalətin təmin olunduğunu təsdiq edən tədbirlər davamlı olaraq həyata keçirilir. Bunun təsdiqi olaraq təkcə son ay ərzində Prezidentin müvafiq sərəncamları ilə sosial müavinətlərın, əmək pensiyalarının baza hissəsinin, minumum əməkhaqqının artırılmasını göstərmək olar. Təkcə pensiyaların artımı 1 milyon 209 min 135 nəfərə şamil edildi. Şəhid ailələri, müharibə veteranları və milli qəhrəmanların müavinətləri, fəxri adlara görə müavinətin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılmasını da dövlətin sosial siyasətinin önəmli məqamlarıdır. Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əmək haqlarının 10 faiz artırılması təxminən 700 min vətəndaşın ailə gəlirlərinin yüksəlməsinə səbəb oldu. "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır"- deyə, bəyan edən dövlət başçımızın bu məqsəd naminə apardığı uğurlu siyasətin nəticəsidir ki, yuxarıda qeyd etdiyim kimi, yoxsulluq səviyyəsi son on ildə kəskin şəkildə azalaraq 6 faizə enib. BMT İnkişaf Proqramının 2013-cü ilə dair "İnsan İnkişafı Hesabatı"na əsasən, ölkə insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülüb. Ümumiyyətlə, 2003-2012-ci illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin 15 öndə olan ölkəsi siyahısına daxil olub. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilib. Bazar iqtisadiyyatı şəraitində sosial ədalət prinsipinin gücləndirilməsi, mütərəqqi beynəlxalq təcrübə əsasında əhalinin bütün təbəqələri üçün bərabər və əlçatan sosial təminat mexanizminin yaradılması və təkmilləşdirilməsi, o cümlədən onun ünvanlılığının təmin edilməsi, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, bu yöndə sosial reabilitasiya əhəmiyyətli aktiv tədbirlərin həyata keçirilməsi, sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması mühüm prioritetlər kimi diqqətdə saxlanılıb. Eyni zamanda, əhalinin səmərəli məşğulluğunun təminatı, peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi və onun əmək bazarının tələblərinə uyğunlaşdırılması, əmək potensialının inkişaf etdirilməsi, layiqli əməyin təminatına yönələn səmərəli dövlət nəzarətinin formalaşdırılması və s. əsas fəaliyyət istiqamətləri olub. Bütün bunları konkret rəqəmlərlə ifadə edərək əsaslandırmaq olar. 2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində ünvanlı yardım sistemi yüz minlərlə ailəni əhatə edib. Həmçinin bu mexanizm daim təkmilləşdirilib, əhatə dairəsi genişləndirilib, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları artırılıb. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən edilmiş ehtiyac meyarı 2006-cı ildə 30 manat olduğu halda, növbəti illərdə 3,1 dəfə artırılaraq, 2013-cü ilin əvvəlindən 93 manata çatdırılıb. 2013-cü ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir. Bundan başqa, ənənəvi sosial müavinətlər sistemi mövcuddur və hazırda 310 mindən çox insana aylıq sosial müavinət ödənilir. Bu müavinətlərin məbləği son on ildə 2,5 dəfə artırılıb. Bununla yanaşı, ölkə qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü institutu formalaşıb. Bu müddətdə 35 minə yaxın insana, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə Prezident təqaüdü təyin olunub. 2007-ci ildən etibarən sosial müdafiə sistemində yeni istiqamət kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 500-dən çox insana orta aylıq əmək haqqı 215 manat olmaqla zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyalar verilib. Bu tədbirlərə sovet vaxtından qalmış əmanətlərin bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla kompensasiya verilməsi prosesini əlavə etmək olar.

- Hadı müəllim, razılaşaq ki, sosial müdafiə siyasəti yalnız pul vəsaitləri ilə məhdudlaşmır. Sosial dəstəyə ehtiyacı olan insanların sağlamlığı, istirahəti, tibbi reabilitasiyası da önəmli məsələlərdir.

- Bəli, düz qeyd edirsiz və bu istiqamətdə də xeyli tədbirlərin həyata keçirildiyini söyləmək olar. 2003-2013-cü illərdə ölkəmizdə əhalinin, xüsusilə də əlillərin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş işlər görülüb, yeni müalicə-diaqnostika və bərpa müəssisələri yaradılıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılıb. Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1997-ci ildən 2012-ci ilin sonunadək Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında 5 minə yaxın mənzil inşa olunaraq istifadəyə verilib. İlk vaxtlar əlil vətəndaşlara "OKA" markalı minik avtomobili verilirdisə, sonralar ölkənin inkişaf dinamikasına uyğun olaraq, bu maşınları keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı, son illərdə isə NAZ-Lifan markalı avtomobillər əvəz edilib. Ümumiyyətlə, hər il təsdiqlənən müvafiq Dövlət Proqramlarına əsasən, respublikada əlilliyi olan şəxslərin ölkə daxilində müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlar üçün respublika səviyyəli yaradıcılıq müsabiqələrinin təşkili, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilib. Ölkə Prezidentimiz tərəfindən təsdiqlənən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, 2011-ci ildə Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşasına başlanılıb. Həmçinin Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmiri və pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi, Ramana qəsəbəsində Gənc Əlillərin Əmək və İstirahət evində təmir-bərpa işləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır. Bu ilin sonuna kimi həmin obyektlərin istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Bakı şəhərində 50 yerlik müvəqqəti Sosial Sığınacağın və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inzibati binasının, penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin, Gəncə, Şəki və Masallı şəhərlərində əlillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Gəncə şəhərində, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün hər biri 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzləri və hər biri 25 yerlik Sosial Sığınacaqların inşası üçün layihə-smeta sənədləri hazırlanıb. Yaxın vaxtlarda həmin obyektlərin inşasına başlanacaq. Ölkədə əlillər üçün bərpa-müalicə şəbəkəsinin daha da genişləndirilməsi üçün İsmayılı və Quba rayonlarında da Əlillərin Bərpa Mərkəzlərinin, həmçinin Xəzər rayonunda Ruhi-Əsəb İnternat Evinin tikintisi, habelə Respublika Əlillərin Bərpa Mərkəzinin, Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb.

- Necə düşünürsüz, dövlətin bu cür davamlı yardımları müəyyən imtiyazlara sahib olan əmək qabiliyyətli insanların arxayınçılığına, passivliyinə gətirib çıxarmır ki?

- Əlbəttə, ünvanlı yardım proqramı özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər. Dövlət başçımız da öz çıxışlarında ünvanlı yardımların aztəminatlı vətəndaşın minimum ehtiyaclarını ödəmək üçün olduğunu, yoxsulluqdan çıxmaq, maddi rifah halını yaxşılaşdırmağın isə yalnız səmərəli məşğulluq vasitəsilə mümkün olduğunu qeyd edib. Ona görə də biz sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin məşğulluq potensialının reallaşdırmağa, beləliklə, onun sosial reabilitasiyasına xidmət edən aktiv tədbirlərə xüsusi önəm veririk. Yəni mütərəqqi dünya təcrübəsinə istinad edilməklə, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün Birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramı hazırlamışıq. 2011-ci ilin ilk rübündən bəri artıq 13 pilot rayon və şəhərdə 271 ailə bu proqrama cəlb olunub ki, onlardan 111 ailə üzrə proqram artıq yekunlaşıb. Aparılan monitorinq nəticəsində həmin ailələrin 96%-nin artıq reabilitasiya olunduğu təsdiqini tapıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31