“Qızın ayağı yerə dəyirsə, deməli ərə getməyə hazırdı” - MÜSAHİBƏ
“Yeni adətlər ailələri dağıda, boşada, pərən-pərən sala bilər, amma əbədi kök sala bilməz”
10 Sentyabr 2013 15:30 Müsahibə"Müsahibimiz sosioloq Lalə Mehralı ilə ailə dəyərləri mövzusunda söhbətləşdik
-Lalə xanım, ümumiyyətlə bu gün ailə dəyərlərimizi necə və nəyə uyğun tənzimləyirik?
-Əslində bu gün ailə dəyərlərini hər tərəfə əsən küləyə bənzətmək olar. Bir qisim insan var ki, yaşam tərzini Qərbə meylləndirir, ailə fərdlərini bu ruhda tərbiyə edir, qidalanma, yaşam tərzi, geyim, adətlər tamamilə Qərb standartlarına uyğunlaşdırılır. Bu ailələrdə ərin arvaddan, valideynin övladdan xəbəri olmur, kim harda yatdı, kim gecə evə gəlmədi, bunlar elə də əhəmiyyət kəsb etmir. Ailə tanıyıram, qadın ərinə zəng edir ki, məni filan ölkəyə ezam etdilər, mən indi ordayam. Ailə var ki, ata qızına deyir ki, evlənmədən öncə gəz, dolaş, oğlanlarla kef çək, özünə uyğun olanını tap. Başqa bir qisim ailə də var ki, tamamilə mühafizəkardı, bir qədər din tərəfdarıdı, bu ailədə hegemon fərd evin kişisidir, zərif cinsin nümayəndələrinə söz haqqı tanınmır, kişi hansı donu biçsə o geyinilməlidi. Qaydalar sərtdir, kənardan müdaxilələrə qətiyyətlə narazılıq bildirilir. Bu cür ailələrdə adətlərimiz qorunur, amma ailə fərdləri ciddi rejimə görə o adətlərə nifrət edir, mühafizəkar ailə böyüyündən can qurtarmaq istəyir. Üçüncü qisim ailələr də var ki, ailə dəyərlərini qızıl ortaya görə tənzimləyir. Bu cür ailələrdə milli dəyərlər də əksini tapır, yenilikçilik də. Amma bu yenilik nə lüt soyunub gəzməkdir, nə yeməyi "fast-food"larda yeməkdir, nə də valideyn-övlad arasındakı pərdəni götürməkdir. Bu ailələrin yeniliyi adətləri qorumaqla zamanla ayaqlaşmaqdır. Bu ailələrdə dini inanc olmasa belə allaha inam var, Qərbə meyllilik olmasa belə müasirlik var. Ailə dəyərləri kökdən ayrılmadan tənzimlənməlidi.
-Köhnəlmiş dəyərlər arasında hansılardan imtina etməyin zamanı yetişib?
-Dəyərlər köhnəlmir. Dəyərlər qədimliyini saxladıqca daha dəyərli olur. Bizim dəyərlərimiz böyüyə, kiçiyə hörmət olub, indi də bir çox ailədə qorunur. Bizim dəyərlərimiz qadını əzməmək olub, indi də bir çox ailədə bu dəyər qorunur. Bizim dəyərlərimiz ata ilə övladı arasındakı izzət, hörmət olub ki, indi də bir çox ailədə bu dəyərlər hökm sürür. Bəzən elə adətlər də var ki, onları dəyər adlandırırlar. Ənənə ayrı bir şeydir, adət ayrı. Ənənə bizim dəyərlərimizdi, adətlər isə güclə beynimizə yeridilənlər. Adi bir misal çəkim. Ərəb istilasından sonra Azərbaycanda bir adət formalaşdırılıb. Qızları ərə verərkən xüsusi hazırlanmış taxta kürsüyə oturdurlarmış, əgər qızın ayağı yerə dəyirsə deməli ərə getməyə hazırmış. Məntiqlə düşünsək görərik ki, qızın ayağı yerə 10 yaşında da dəyə bilər, 15 yaşında da, bu onun fiziki inkişafına bağlıdır. İndi bu adət varmı? Yoxdur. Deməli adətlər dəyərlərə çevrilmir, əgər o adət xalqa zorla sırınıbsa. Xalqın yaddaşı ən böyük ensiklopediyadı, yaxşı adətlər dəyərə də çevrilə bilər.
-Bu gün ailə dəyərlərimiz necə formalaşır, hansı təsirlərə uğrayır?
-Ailə dəyərləri indi formalaşmaqdan çox aşınmaya məruz qalır. Bir dəstə adam əlində Qərbi bayraq edib postmodernizm ideyalarını bizim ailələrə soxuşdurmala məşğuldu. Qərb ailə dəyərləri bizim ailələrimizə yeridilir. Mən demirəm ki, Qərb ailəsi pozğundur, əxlaqsızdı. Yox, əxlaq hər yerdə eynidir, bu insanın içindədir. Sadəcə Qərb dəyərləri bizə görə, bizim insanımıza görə deyil. Axı düşüncələr ayrı, köklər ayrı, psixologiya ayrıdı. Qərbdən başqa bizə ərəb dəyərləri də sırınır. Müsəlman olmaq ayrı bir şeydi, ərəb adətlərinə əməl etmək ayrı. Bir insan istədiyi dini qəbul edə bilər, amma köklərindən imtina edə bilməz, bağlarından qopa bilməz. Əgər ərəb ölkələrində 10-12 yaşlı qızların ərə verilməsi normaldırsa müsəlman azərbaycanlı üçün bu o qədər də normal deyil. Ailə dəyəri formalaşanda zorakı olmur, genlə yaranır. Bir ailəyə zorla bir adət yeridilə bilər, amma o adət dəyərə çevrilə bilməz.
-Artıq milli dəyərlərlə yanaşı avropalaşamış dəyərlərin də ailəmizə daxil olduğundan danışdıq. Buna münasibətiniz necədir? Ümumuiyyətlə avropasayağı dəyərlərin ailə strukturumuza vura biləcəyi zərbələr hansılardı?
-Bu əslində uzun zaman müzakirə edilən mövzulardan biridi. Ən çox da sovetlər birliyinin dağılmasından bir neçə il sonra ortalığa çıxan məsələdir. Biz tarixən formalaşmış dəyərimizi heç sovetlər birliyinin tərkibində də itirmədik, milli bayramlarımızı qeyd etdik, ənənələrimizə sadiq qaldıq. Bəzən deyirlər ki, sovet dövrü buna icazə verilmirdi, amma mən yaxşı xatırlayıram ki, o zamanlar Novruz bayramı indikindən yaxşı keçirilirdi. İndi heç bir dövlətdən asılı deyilik, müstəqilik, amma yenə də ordan-burdan dəyər çırpışdırmaqla məşğuluq. Başqa millətin dəyərinə göz salmaq özünün dəyər baxımından kasıb olduğun anlamına gəlir. Qərbin bu gün əldə etdiyi o dəyərlər min illərdir Şərqdə mövcuddu. Qərb yalnız texniki, informativ baxımdan inkişaf edə bilər, sənayesini, fabrik, zavodunu inkişaf etdirə bilər, o da bizim kimi ölkələrin xammalının hesabına. Qərbin nəyi var ki, bizə versin? Azərbaycanda qadın hüquqları olanda, qadın seçilmək və seçmək hüququ qazananda Qərbdə hələ də femenlər mübarizə aparırdı. Sovet qadını kosmosa uçanda Qərbdə qadınlar kölə kimi satılırdı. Bizim qadın qəhrəman olanda Qərbdə qadına evdən çıxmağa izin vermirdilər. Qərbin ailə dəyərləri var, amma yalnız öz coğrafiyasındakı insanlar üçün. Bizə yeridilən Qərb adətləri uzunömürlü olmayacaq, çünki kökdən gəlmir. Bizim qadın uşağı dayəyə tapşırmaz, yalnız Qərbə meyl göstərənlərdən başqa. Bizim qadın ərinə ketrinqdən yemək sifariş etməz, yalnız özünü müasir adlandıran Qərb əsirindən başqa. Bizim qadın qaynata yanında səsini ucaltmaz, yalnız Qərbə həvəslənib böyüyünün yanında siqaret çəkənindən başqa. Avropadan bizə ötürülən, gətirilən dəyər deyil, alışqanlıqdır. Bir müddət gənc nəslin marağında olur, daha sonra unudulur. Əsl olan kökdən gələndi. Yeni adətlər ailələri dağıda, boşada, pərən-pərən sala bilər, amma əbədi kök sala bilməz. Boşanma faizində yüksəliş yarada bilər, amma bütün ölkəni boşaya bilməz. Feminizm yaya bilər, amma bütün qadınlarımız üçün təhlükə ola bilməz.
Nigar Məhərrəm