Daha böyük layihələrə imza atacağıq
29 İyul 2023 11:52 MüsahibəBeynəlxalq Türk Mədəniyyəti Təşkilatı bu il 30 illik yubileyini qeyd edir. Bu münasibətlə Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı ilə müsahibəni təqdim edirik:
- Elçin müəllim, bu ay TÜRKSOY təşkilatı yaradılmasının 30 illik yubileyini qeyd edir. Yubiley ilini necə keçirirsiniz?
- Bildiyiniz kimi, 12 iyul 1993-cü ildə Qazaxıstanın paytaxtı Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb. TÜRKSOY Almatıda yarandığı üçün bu il 30 illik yubiley tədbirlərimizi iyun ayında məhz Almatıdan başladıq. Burada konfranslar, sərgilər, konsertlər baş tutdu və sonda Qazaxıstanın mədəniyyət nazirinin, digər ölkələrin rəsmi nümayəndələrinin, incəsənət xadimlərinin iştirakı ilə qala konserti keçirtdik. Eləcə də iyun ayı boyunca, Özbəkistan, Qırğızıstan və Türkmənistanın paytaxtlarında rəsmi dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif səpkili silsilə tədbirlər, qala konsertləri keçirtdik. Qeyd edim ki, bu dörd dövlətin hər birində bir həftə TÜRKSOY həftəsi keçirildi, 30 illik yubileyimiz Türk dünyasının mədəniyyət bayramı kimi qeyd olundu. Hər bir ölkənin yerli orkestrləri və türk dünyasından dəvət etdiyimiz tanınmış sənətçilər, incəsənət ustaları qala konsertlərində çıxış etdilər. Hər bir ölkədə əl sənətkarlarının, rəssam və fotoqrafların sərgiləri açıldı. TÜRKSOY-un 30 illiyinə həsr olunmuş foto sərgi təşkilatın geniş fəaliyyətini əks etdirdi. Növbəti yubiley tədbirləri isə oktyabrda Azərbaycanda keçirilməsi planlaşdırılır. Həmin vaxt ölkəmizdə TÜRKSOY-un yubileyinə həsr olunmuş bir həftə ərzində sənətsevərlərə təqdim olunacaq. Sonunda təbii ki, yenə də Mədəniyyət Nazirliyinin ev sahibliyində və dəstəkləri ilə türk dünyasından gələn sənətçilərlə birlikdə böyük bir qala konsert keçiriləcəkdir. Bildiyiniz kimi, oktyabrda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Azərbaycandan sonra Türkiyəyə gələcəyik və iki yubileyi birləşdirərək İstanbul və Ankarada iki böyük tədbir keçirəcəyik. Bu tədbirlər TÜRKSOY-un 30 illik yubiley tədbiri olmaqla yanaşı, həmçinin, TÜRKSOY-un Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə töhfəsi olacaq. 30 illik yubileyimizə həsr olunmuş sonunca Beynəlxalq səviyyəli silsilə tədbirlərimiz isə dekabrın 15-də YUNESKO-nun mərkəzi qərargahında - Parisdə keçiriləcək.
- Türkdilli dövlətlərin birliyini hədəfləyən bir sıra qurumlar var. TÜRKSOY əsas nə ilə fərqlənir?
- Bu təşkilatların ilki TÜRKSOY-dur və türk dövlətləri və xalqları arasında mədəniyyət sahəsində əməkdaşlığın aparılması üçün yaradılıb. Qurumun 6 müstəqil dövlət, Rusiyaya daxil olan 6 subyekt (Tatarıstan, Başqurdıstan, Altay, Tuva, Xakas və Saxa-Yakut), Moldovadan Qaqauz Yeri və Şimali Kipr Türk Cümhuriyyəti kimi üzvləri var. Ən çox üzvə malik olan beynəlxalq türk təşkilatı TÜRKSOY-dur. Özü də biz dil prinsipi üzrə birləşmişik. Bizi birləşdirən türk dilidir. TÜRKSOY mədəniyyət sahəsi üzrə inteqrasiya aparması ilə fərqlənir. Bu illər ərzində mədəniyyətin, incəsənətin bütün sahələri üzrə TÜRKSOY-un önəmli fəaliyyətləri və çox saylı layihələri həyata keçirilmişdir. TÜRKSOY böyük türk şəxsiyyətlərinin yubileylərinə ithafən onların adına illər elan edərək onların bütün türk dünyasına tanıdılması istiqamətində mühüm işlər görür.
- Geridə qoyduğunuz 30 ildə TÜRKSOY yaradılmasındakı əsas məqsədinə çata bildimi?
- Bu 30 ildə TÜRKSOY hər bir sahədə çox böyük işlər görüb. Bizi birləşdirən ortaq dəyərlərimiz olan Füzulinin, Dədə Qorqudun, Nizaminin yubileylərini keçirtdik. Üzeyir Hacıbəylinin "Koroğlu" operası ilə bağlı layihəmizi biz ən böyük layihəmiz hesab edirik. Çünki burada 6 dövlətin 250-dən çox opera sənətçilərini birləşdirən bir beynəlxalq "Koroğlu layihəsi" hazırladıq və dörd ölkədə beş tamaşa nümayiş etdirdik. Sonrakı illərdə isə İstanbulda keçirilən beynəlxalq opera festivalında proqrama daxil etdik. Bu layihə dünyada çox gözəl əks-səda doğurdu. İnanıram ki, TÜRKSOY məqsədinə çata bilib. Əsas odur ki, TÜRKSOY-u üzv ölkələrdə yaxşı tanıyırlar və artıq dünyada da tanımağa başlayıblar. Bizim YUNESKO ilə əməkdaşlıq haqqında 1996-cı ildə imzaladığımız ikitərəfli anlaşmamız var. O anlaşma çərçivəsində YUNESKO ilə qarşılıqlı əməkdaşlıq edirik, orada tədbirlər keçiririk. UNESCO-nun baş direktoru İrina Bokova da TÜRKSOY-un Ankaradakı ofisini ziyarət etmiş ,fəaliyyətimizlə yaxından tanış olmuşdur. TÜRKSOY bu layihələri vasitəsilə türk dünyasındakı müxtəlif incəsənət nümayəndələrinin, mədəniyyət xadimlərinin bir-birini yaxından tanımasına, qarşılıqlı əməkdaşlıq göstərməsinə çox yardımçı olub. Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan dövlətlərimiz mədəniyyət sahəsində də müstəqillik əldə ediblər və 1993-cü ildə yaradılarkən ayrı-ayrı fəaliyyət göstərən mədəniyyət sahələrini ortaq layihələrdə birləşdirməyi qarşısına məqsəd qoyan TÜRKSOY-un bu illər ərzində bu məqsədinə çatdığına inanıram. Sözsüz ki, tarix üçün 30 il çox qısa zamandır. Buna görə də bütün məqsədlərə çatmaq mümkün olmazdı. Amma inanıram ki, növbəti mərhələdə bizi birləşdirici daha böyük layihələrə imza atacağıq.
- Türk dövlətləri içərisində Azərbaycan və Türkiyə daha yaxındırlar və türk birliyinə daha çox cəhd edən tərəflər kimi görünürlər. Bəs digər türkdilli dövlətlər bu işdə niyə bir qədər passiv təsir bağışlayır?
- Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Biz iki ölkə olaraq bütün sahələrdə çiyin-çiyinə irəliləyirik. Xüsusən, Qarabağ savaşından sonra həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycan-Türkiyə bir yumruqdur. Mədəniyyət sahəsində də xeyli yaxınlaşmalar var. Düzdür, istədiyimiz səviyyədə deyil, amma bu sahədə işlər sürətlə gedir və inanıram ki, yaxın gələcəkdə mədəniyyət sahəsində də bu irəliləyişlər görüləcək. Türkiyə Universitetlərində bizim çox böyük alimlərimiz, mədəniyyət xadimlərimiz çalışırlar, dərs deyirlər ki, onların tələbələri həm Türkiyədə, həm də beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməkdədirlər. Ancaq digər türk dövlətləri ilə də bu istiqamətdə işlər aparılır. Deməzdim ki, zəifdir, passivdir. Qazaxıstanla, Qırğızıstanla çox böyük işlər görülür. Məsələn, Azərbaycanın böyük alimi Ramiz Əsgər türkmən şairi Məxtumqulu Fəraqinin iki cildliyini Azərbaycan dilinə tərcümə edib, professor Elman Quliyev qazaxların böyük filosofu, şairi Abay haqqında kitab hazırladı. Hə iki əsərin nəşrini TÜRKSOY həyata keçirtdi. Çingiz Aytmatovun əsərləri müxtəlif qardaş türk dillərinə tərcümə edilib. Ümumiyyətlə, tərcümə sahəsində müxtəlif ölkələrin qurumları ilə qarşılıqlı əməkdaşlıqlarımız mövcuddur. Çalışırıq ki, mədəniyyətin hər bir sahəsində müxtəlif ölkələrdə iki və çox tərəfli işlər görülsün. Fəaliyyətlərimiz kənardan zəif təsir bağışlaya bilər, amma dəyirman dönür, su axır və sonunda bu axar sular böyük bir Turan dənizinə töküləcək.
- Qarabağın azad olunmasından sonra TÜRKSOY Şuşanı Mədəniyyət paytaxtı elan etdi. Digər şəhərlərimizlə bağlı bu və ya bənzəri layihələr gözlənilirmi?
- 30 il işğal altında olan Qarabağ torpaqlarımızın azadlığından sonra biz ilk növbədə oranı ziyarət etdik. Savaşdan üç ay sonra bizim baş katiblə Ağdamı, Füzulini ziyarət etdik, o dağıntıları öz gözlərimizlə gördük. Ağdamdakı teatr binasının uçuq divarlarını, Qarabağ xanlarının, Natəvanın dağıdılmış məzarlarını, yerlə yeksan olmuş mədəniyyət abidələrimizi gördük. Şahidi olduq ki, barbar ermənilər bu 30 il ərzində Azərbaycana, onun mədəniyyətinə, tarixinə necə ciddi ziyanlar vurublar. TÜRKSOY-un baş katibi oradan dünyaya mesajlar da verdi. 44 günlük Vətən müharibəsindən sonra qərara gəldik ki, Qarabağ savaşını yazan, işıqlandıran, səsimizi dünyaya çatdıran jurnalistlərə TÜRKSOY-un ənənəvi media mükafatlarını verək. Əslində bu media mükafatları hər il TÜRKSOY və türk dünyası ilə bağlı yazan, fəaliyyətləri işıqlandıran jurnalistlərə verilir, amma həmin zamanlarda pandemiya olduğundan zatən belə bir ciddi fəaliyyətlər olmamışdı. Biz də Türk dünyasından və müxtəlif ölkələrdən Vətən müharibəsini işıqlandıran jurnalistləri və media nümayəndələrini Azərbaycana dəvət etdik və onları Bakıda mükafatlandırıb, sonra da Şuşanı ziyarətə apardıq.
Bundan sonra biz qərara gəldik ki, Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan olunsun. Təklifimizi üzv ölkələrin bütün mədəniyyət nazirləri dəstəklədilər və 2023-cü ili Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etdik. Bu, çox böyük hadisədir. Çünki Şuşa yenicə işğaldan azad edilib və onu bütün dünyaya tanıtmaq lazımdır. Bu istiqamətdə TÜRKSOY da əlindən gələni edir. Bu il TÜRKSOY-un bütün ənənəvi tədbirləri Şuşada keçirilir. İlin sonuna kimi də biz orada şairlərin, rəssamların, fotoqrafların görüşünü keçirəcək, bu rəsmlərin kataloqlarını, şairlərin şeirlərini çap edib, bütün dünyaya tanıdacağıq. Həmçinin, oktyabr ayında Şuşada TÜRKSOY-un mədəniyyət nazirləri Şurasının iclası keçiriləcək. Noyabrın əvvəlləri üçün Birinci TÜRKSOY teatr festivalını planlaşdırırıq. Eləcə də ilin sonlarına doğru Şuşanın Mədəniyyət Paytaxtı ilinin bağlanışını keçirəcək və estafeti növbəti mədəniyyət paytaxtına ötürəcəyik. Bu bağlanış tədbiri çərçivəsində TÜRKSOY-un bu il üçün media mükafatlarını məhz Şuşada təqdim edəcəyik. Bunlardan əlavə, biz TÜRKSOY-a üzv ölkələrimizdə Şuşa-2023 təqdimatları keçirməyi də planlaşdırırıq.
Azərbaycanda ilk dəfə Şəki şəhəri 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuşdu. Həmçinin, biz bu il Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyi ilə birlikdə 12-ci Beynəlxalq İpək Yolu Musiqi Festivalını keçirdik. Təbii ki, hər il eyni ölkədən mədəniyyət paytaxtı elan etmək olmaz. Amma gələcəkdə təkliflər dəyərləndirilərək Azərbaycanın digər şəhərləri ilə bağlı da qərar verilə bilər. Sözsüz ki, biz də istəyərik ki, Azərbaycanın digər regionlarını da TÜRKSOY-un fəaliyyətlərinə cəlb edək, aktivlik olsun. İnanıram ki, gələcək illərdə TÜRKSOY-un da fəaliyyəti genişlənəcək və digər regionlarımız da cəlb olunacaqsır.
- Bu yaxınlarda TÜRKSOY Türkdilli ölkələrin yaradıcı ali təhsil ocaqlarından ibarət birlik yaratdı. İstərdim bu layihədən bəhs edək.
- Bu il Qazaxıstanın məşhur mədəniyyət xadimi Jurgenovun 125 illik yubileyi keçirilir. TÜRKSOY da bununla bağlı il elan edib. Almatıda Jurgenov adına Mədəniyyət və İncəsənət Akademiyası fəaliyyət göstərir. Yubileylə bağlı keçirilən tədbirlərə üzv ölkələrimizin mədəniyyət və incəsənət universitetlərinin rektorlarını da dəvət etmişdik. O cümlədən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova da dəvət olunmuşdu. Orada yubiley tədbirləri çərçivəsində rektorların görüşü baş tutdu və qərara gəldik ki, belə bir birlik quraq. Bu birlik quruldu və birliyin fəaliyyətinin ilk tədbiri kimi bu universitetlərin teatr bölmələrinin Daşkənddə ilk festivalını keçirtdik. Yəni Birinci Türk dünyası tələbə tamaşaları festivalı baş tutdu, rektorlar da öz teatr truppaları ilə festivala qatıldılar və çox gözəl bir festival baş tutdu. Tarixdə ilk dəfə idi ki, türk dünyası tələbə tamaşalarının ilk teatr festivalı baş tuturdu. İnanıram ki, bu birlik gələcəkdə daha gözəl işlərə imza atacaq. Yeri gəlmişkən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu il 100 illik yubileyi qeyd olunur, cənab prezidentin bu haqda sərəncamı var. İnanıram ki, biz də TÜRKSOY olaraq Universitetin yubiley tədbirləri çərçivəsində rektorları Azərbaycana dəvət edəcəyik və bəlkə də burada yeni birgə layihələrin təməlləri atılacaq. Bizim universitet həmin ali təhsil ocaqları arasında ən köklü universitetdir. İlk 100 illiyini qeyd edən ali təhsil müəssisəsidir. Onun bu yubileyinin keçirilməsi böyük hadisədir.
- Ədəbiyyat, teatrla bağlı TÜRKSOY-un qatıldığı, dəstəklədiyi və ya təşkil etdiyi layihələri bilirik. Bəs mədəniyyətin, incəsənətin daha hansı sahələri ilə bağlı layihələr gözlənilir, planlaşdırılır?
- Biz bu il TÜRKSOY Yazıçılar Birliyi qurmuşuq və Xalq yazıçımız Anar müəllim birliyin fəxri sədri seçildi. Bundan sonra da biz şairlərimiz, yazıçı və dramaturqlarımızla bağlı ortaq layihələri bu birlik üzərindən davam etdirməyi planlaşdırırıq. Həmçinin, 12 ildir ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatrlarının rəhbərlərinin şurası fəaliyyət göstərir, mən də onun TÜRKSOY-da koordinatoruyam. İldə bir dəfə bizim toplantılarımız keçirilir. Bu il biz Şuşada Birinci TÜRKSOY Teatr Festivalı keçirəcəyik. Bu festival Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə, TÜRKSOY-un 30 illiyinə və Azərbaycan Milli Teatrının 150 illiyinə həsr olunacaq. Bu da bizim teatr sahəsindəki uğurlu addımlarımızdan biri olacaq. Biz teatr almanaxları nəşr etdiririk. Beşincisi çap olunub, indi altıncısını hazırlayıram. Çalışacağıq ki, Şuşa Teatr festivalında VI almanaxı təqdim edək. Qardaş ölkələrimizin teatr repertuarlarına bir-birimizin əsərlərinin səhnələşdirilərək daxil edilməsini istəyirik ki, tamaşaçılar da türkdilli xalqların yazıçılarını, dramaturqlarını tanısınlar. Azərbaycan Milli Teatrının 150 illiyi münasibətilə üzv ölkələrimizdə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Həmçinin, qeyd edim ki, Şuşada Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-la birlikdə I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək. Bu forumda Türk dünyasının gələcək mədəniyyət konsepsiyası hazırlanacaq və biz də bu forumda TÜRKSOY - 2040 Mədəniyyət Vizionunun təqdimatını keçirəcəyik. Tədbirlərimiz, planlarımız çoxdur. Çalışacağıq ki, bu 30 ildə etmədiyimiz tədbirləri, layihələri biz üzümüzə gələn illərdə həyata keçirək.