"Minsk qrupu Azərbaycanla Ermənistan arasındakı münasibətlərin vaxtında qaydaya salınmasına böyük ziyan vurdu"- Nizami Cəfərov
28 İyul 2023 07:16 MüsahibəAtatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov "OLAYLAR"-a üçtərəfli görüşlərin əhəmiyyətindən, azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması üçün görülən işlərdən, Minsk qrupunun yararsız fəaliyyətindən danışıb:
-Nizami müəllim, problemlərin həlli Vaşinqton-Brüssel, yoxsa Moskva formatında daha sürətlə irəliləyir?
-Əslində hər üç görüşdən Vaşinqton və Brüssel görüşünü bir platforma kimi hesab edə bilərik. Moskva tamamilə ayrı bir platformadır. Problemlərin həll yolunun irəliləməsi prinsipini Azərbaycanın qələbəsi müəyyənləşdirib. Azərbaycanın Ermənistan üzərində çoxdan gözlənilən qələbəsindən, dünyadakı mövqeyimizin güclənməsindən sonra haqq işimiz barədə dünyanın güc mərkəzlərində həqiqətin daha əsaslı şəkildə ortaya çıxarılması strateji miqyas alıb.
Bizim üçün Vaşinqton- Brüssel formatı yeni bir formatdır. Moskva ilə olan danışıqlar və münasibətlər köhnədir. Ancaq, köhnə münasibətlərdə də artıq yeniləşmə görürük. Bir zamanlar SSRİ ölkəsi olan Azərbaycan üçün Moskva ilə münasibətləri tənzimləmək həm asan, həm də çətindir. Vaşinqton- Brüssel münasibətləri bir növ neytral mövqedən başlayan münasibətlərdir. Yeni siyasət tələb edən münasibətlərdir. Azərbaycanın bir dövlət olaraq müasir dünyada özünə yer tutması üçün mühüm rolu olan münasibətlərdir. Bu, münasibətlər Azərbaycanın müstəqilliyinin daha universal təminatıdır. Moskva ilə olan münasibətlər birgə yaşayışın, yaxınlığın olduğu münasibətlərdir. Zamanında bu olduqca siyasi köklərə bağlı idi. Biz kommunizm yaratmağa çalışan bir ideologiyadan ayrıldıq. Dünya birliyində iştirak bu cür ideoloji baxışları tələb etmir. Daha neytral münasibət sərgiləyərək birləşmək zərurəti var. Moskva ilə olan münasibətlərdə hər zaman bu cür mürəkkəbliklər olur. Moskva özü də kommunizmdən və bu cür ittifaqdan əl götürməyə məcbur oldu. Ona görə də biz bu cür münasibətlərdə analitik mövqe tutmalıyıq. Vaxtı ilə bizim üçün müəyyənləşən və mahiyyəti aydın olan münasibətləri yeniləşdirməliyik. Bu gün Moskva ilə Azərbaycan arasındakı münasibətlərdə xeyli "istiləşmə"var. Əsas odur ki, hər iki tərəf Ermənstanın işğalçı siyasətini qəbul edir. Bu işin ən üstün tərəfidir. Ermənistan dünyadakı müxtəlif qüvvələr və dəstəkçiləri ilə birləşərək Azərbaycan torpağını işğal etmişdi. Bizim mübarizəmiz təkcə Ermənistanla deyil, vaxtı ilə mövcud olan, 90-cı illərin əvvəlində meydana gələn mühitlə idi. Ermənistan həmin mühitdə olduqca kiçik faktor idi. İndi həmin mühit dəyişib. Qələbəmizə əsas olan səbəblərdən biri dəyişən mühitdə bizə qarşı münasibətin lazımi səviyyəyə çatması, strateji xarakter alması idi.
-Hazırki siyasi vəziyyət Ermənistanı Rusiyaya, yoxsa Qərbə yaxınlaşdırır?
-Bu çox mürəkkəb bir məsələdir. Düşünmürəm ki, bu suala asanlıqla cavab vermək olar. Seçimlərdən hansısa biri Ermənistanın daha çox güvəndiyi, prioritet bildiyi seçim ola bilməz. Ermənistan həm Qərbə, həm də Rusiyaya yaxınlaşmağa cəhd edir. Çünki, Ermənistan öz hiyləgər, aqressiv planlarını həyata keçirməyə çalışır. Qərb və ya Rusiya- hər ikisi Ermənistan üçün fərqsizdir. Əsas odur ki, hazırda Qərb və Rusiya Ermənistanın planlarını başa düşür, apardığı dırnaqarası diplomatiyanı görür, Ermənistanın oynadığı oyunları anlayırlar. Fransada da bunu başa düşürlər. Ancaq, Fransa bir növ Ermənistanın yolu ilə getmək istəyir. Ermənistan ilk növbədə etnos olaraq ortaya çıxdığından, ikinci növbədə bir dövlət olaraq təşkil olunandan bu günə qədər yeritdiyi siyasət nə qədər pərdələnmiş olsa da dünyanın gözü qarşısında baş verir. Təəssüf ki, Ermənistanın vulqar siyasətindən də istifadə etmək istəyən qüvvələr var. Ermənistanın nə istədiyi bizim üçün məlumdur. Ermənistan hakimiyyəti harmoniya istəmir. Ermənisan özü üçün xüsusi şərait və mühit tələb edir. Bu isə müasir dünyada mümkün deyil. Axıra qədər gedə biləcək siyasət deyil.
-Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması məsələsi hər iki görüşdə masaya qoyulub. Bu, hansı şərtlər altında reallığa çevrilə bilər?
-Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması məsələsi keçən ilin sonlarında Azərbaycan prezidentinin öz ad günündə, Qərbi Azərbaycan İcması ilə görüşündə çox təsirləndirici şəkildə rəsmiləşdi. Bu, təkcə siyasi cəhətdən yox, mənəvi cəhətdən də önəmli addım idi. Məsələyə dövlət səviyyəsində şərait yaradıldı. Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması məsələsi Azərbaycan siyasətində tamamilə yeni bir səhifə oldu. On illərdir ki, Qərbi Azərbaycandan köçkün düşən insanlar öz yurdlarına qayıtmaq arzusunda olublar.
Köçürmə siyasəti 1948-50-ci illərdə SSRİ səviyyəsində, dövlət siyasəti olaraq tətbiq olundu. Antihumanist xarakter aldı. Ortada müharibə olsa, həmin zaman qaçqınların və köçkünlərin olması anlaşılan hal hesab edilə bilərdi. Ancaq, dinc insanların normal yaşadığı şəraitdə birdən-birə dövlət tərəfindən göstəriş verilərək, xalq doğma yurdundan malını, mülkünü buraxaraq köçürülüb. Günlərlə yük vaqonlarında, çox anlaşılmaz bir şəraitdə, ac-susuz şəkildə köçürmə siyasəti yürüdülür. Əsrlər və nəsillər boyu dağlarda yaşayan insanlar ölkənin isti bölgələrinə gətirilir. Bu insanlar məhv olublar. Azərbaycan xalqı və dövləti bu tarixi unuda bilməz. Azərbaycan insanı yaşadığı torpaqlardan heç bir səbəb olmadan köçürülübsə, bunun cavabı verilməlidir. Ona görə də bu gün Qərbi Azərbaycan İcması çox intensiv şəkildə fəaliyyət göstərir. Biz tez-tez orada tədbirlər keçiririk. Ləyaqətli geri qayıtmanın beynəlxalq prinsiplərlə müəyyənləşdirilmiş yollarını axtarırıq. O zamanlar Azərbaycan torpaqları üzərində çox da düşünülmədən Ermənistana verilib və erməni dövləti yaradılıb. Erməni xalqı Azərbaycan xalqının qəniminə çevrilmişdi. Təbii ki, biz bu torpaqlardan əl çəkmək niyyətində deyilik. Dədə-baba yurdumuza mütləq qayıdacağıq. Çünki, o torpaqlarda dədə-babamızın məzarı, tariximiz, evlərimiz, məscidlərimiz, bağlarımız var. Ciddi tədqiqatlar aparılır. Bugünki müasir üsullarla azərbaycanlılara qarşı mənəvi, iqtisadi, siyasi, ideoloji təzyiqlərin həcmi müəyyənləşdirilir. Təbii ki, bu məsələdə bizim plan və perspektivlərimiz çox genişdir. İmkanlarımız da kifayət qədər güclüdür. Bu, təkcə Ermənistana təzyiq vasitəsi deyil. Məsələ daha geniş və miqyaslıdır. Qərbi Azərbaycandan bir zamanlar zorla, qeyri-insanı formada çıxarılan insanlar geri qayıdacaq. Bu istiqamətdə görülən işləri nəzərə alaraq deyə bilərəm ki, çox böyük uğurla nəticələnəcək.
-Minsk qrupunun fəaliyyətinin təşkili üçün cəhdlər göstərilir. Azərbaycanın bu baxımdan mövqeyi necə davam etməlidir?
-Belə cəhdlər hər zaman göstərilir. Bu məsələyə də görüşlər zamanı cavab verilib. Azərbaycan dövləti Minsk qrupu yaranandan bir müddət sonra dəfələrlə məsələyə münasibət bilidirib. Faktiki olaraq, Minsk qrupu heç bir iş görmür, tarixi missiyasını yerinə yetirmir deməklə də iş bitmir. Minsk qrupu Azərbaycanla Ermənistan arasındakı münasibətlərin vaxtında qaydaya salınmasına böyük ziyan vurdu. Minsk qrupu işğalçının yerində oturdulmasına çox ciddi bir şəkildə maneə oldu. Ona görə ki, Minsk qrupu öz mənfur diplomatiyasını dırnaqarası ləyaqətlə, şərəfsiz bir şəkildə həyata keçirirdi. Həmin missiyanın dirçəldilməsi cəhdləri mənasızdı. Heç vaxt da həyata keçirilə bilməz.
-Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi bizi hansı təhlükələrdən qoruyacaq?
-Azərbaycanla Ermənistan arasındakı müharibə ölkəmizin şanlı qələbəsi ilə başa çatdı. Ermənilər öz yerlərində otuzduruldu. Onlara yenə də şans verildi ki, xüsusilə, Xankəndidə yaşayan ermənilər öz müqəddaratlarını həll etsinlər. Azərbaycan onlara sülh və Azərbaycan Respublikasının tərkibində yaşamağı təklif etdi. Onlar, bir balaca imkandan da sui-istifadə edərək, özlərinəməxsus üsullara əl atdılar. Yenə də gülünc bir rejim yaratmaq yolunu tutdular. Azərbaycanın səbri nə qədər çox olsa da, tükənməz deyil. Onların qarşısında iki yol var. Xankəndini özləri ilə birlikdə Ermənistana apara bilməzlər. Ya çıxıb getməlidirlər, ya da Azərbaycan qanunları ilə yaşamalıdırlar. Yaxşı olardı ki, ikinci yolu seçsinlər. Hər iki hal Azərbaycanı təmin edir. Ermənistanı da etməlidir. Çünki, Ermənistan məğlubdur, işğalçıdır. Ermənistanın sözünü deyə biləcəyi bir tək ölkə qalıb. O da Fransadır. Onun da cavabı veriləcək. Son danışıqlar əsas verir ki, Azərbaycan öz başladığı inkişafı daha sürətlə davam etdirsin. Azərbaycan Zəngəzur yolu kimi beynəlxalq əhəmiyyətli yolu açsın, işini təmin etsin. Ermənistan təəssüf ki, fərqli yol seçdi. İşğalçının da tarixi hər kəsə məlumdur. Qalib olan ölkəni isə firavanlıq, iqtisadi, mənəvi, mədəni inkişaf gözləyir.
Əfsanə Kamal