"Mətbuat xaricdən gələn dezinformasiyaları ifşa etməlidir"
7 Aprel 2023 11:05 Müsahibə"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mətbuatımızın Qərbi və Cənubi Azərbaycan mövzusunu necə işıqlandırması ilə bağlı "Olaylar"-a danışıb.
-Aydın bəy, hazırda mətbuatımızda Qərbi və Cənubi Azərbaycanla bağlı səslənən fikirlər hansı dövlətlərdə narahatlığa səbəb olur?
-Azərbaycanın dövlət siyasətində Qərbi və Cənubi Azərbaycan probleminin qabardılmasının konkret başlanğıcı var. Bu iki mövzu heç zaman Şimali Azərbaycan ictimai, siyasi, fəlsəfi fikrindən və mətbuatından uzaqda dayanmayıb. Zaman-zaman hər iki mövzu Şimali Azərbaycanda istər Sovet, istərsə də müstəqillik dövründə hər zaman diqqət mərkəzində olub. Ötən əsrin 70-ci illərində Cənubi Azərbaycanda olan oyanış prosesinin müxtəlif yaradıcılıq müstəvilərində, o cümlədən, ədəbiyyatda geniş "inşası" aparılırdı. Buna laqeyd qalmaq olmazdı. Müstəqillik əldə edildikdən sonra proseslər xeyli dərəcədə genişlənmək imkanı tapdı. Bu gün həm Qərbi, həm də Cənubi Azərbaycan mövzusu Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilib. Hər iki mövzunun oxşar cəhətləri çoxdur. Hər iki problemdə Azərbaycanın başqa ölkəyə qarşı ərazi iddiası yoxdur. Nə o torpaqların rəsmən Ermənistandan qoparılıb Azərbaycana birləşdirilməsindən, nə də İrandan qoparılıb, Azərbaycana birləşdirilməsindən söhbət getmir. Hər iki mövzunun qabardılması İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin artması fonunda baş verdi. Bəlli oldu ki, İran indiyə qədər Azərbaycana qarşı üstüörtülü şəkildə ərazi iddiasından tutmuş, ən müxtəlif formalarda münasibətini ortaya qoyur. Artıq, İran bu siyasətini daha çılpaq şəkildə həyata keçirməyə başlayıb. Səfirliyimizə qarşı təşkil edilən terror hadisəsi , Ermənistanla həddən artıq yaxınlaşma və.s. Belə halda Azərbaycan dövləti ən azından cənublu soydaşların insan haqlarına, mədəni hüquqlarına laqeyd qala bilməzdi. Ölkə başçımız da bəyan etdi ki, cənublu soydaşlarımızın hüquqları, yaşamı, mənəviyyatı, mədəniyyəti, tarixi müstəqil Azərbaycan üçün kənar söhbət sayıla bilməz. Çünki, söhbət milyonlarla insanın taleyindən gedir. Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətindən sonra yeni perspektiv açıldı. Vaxtı ilə, onların qovduğu qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq, milli-mənəvi dəyərlərinə uyğun yaşamaq hüququ var. Onların buna haqqı var və hər hansı hadisədən asılı deyil.
Bütün hallarda Cənubi Azərbaycanın milli, mədəni, tarixi hüquqlarının Azərbaycan dövləti tərəfindən müdafiəsinə ehtiyac var. Bu, mövzu aktual olmalıdır. Azərbaycanın hər iki istiqamətdə apardığı siyasət ilk növbədə İranın və Ermənistanın xoşuna gəlmir. Baxmayaraq ki, Azərbaycan hər ikisinə qarşı hansısa ərazi iddiasında deyil, Ermənistan da, İran da vəziyyətdən məmnun qalmayıb. Çünki, özlərinin xarici aqressiv siyasi xətlərinin həyata keçirilməsindən məhrum olurlar.
Bölgənin bəzi başqa dövlətləri də Azərbaycanın dövlət siyasətindən narahat olurlar. Bura birinci növbədə Rusiyada müəyyən çevrələr aiddir. Çünki, hər iki məsələnin üzərində ciddi oyanışlar, siyasi, mədəni fəallıq bölgədə gedən proseslərə təsir edən gücə çevrilir. İran və Ermənistanın narahatlığından danışmaq üçün isə ciddi əsaslar var.
-Mətbuatımız bu baxımdan yetərli işlər görürmü?
-Mətbuatımızın bu mövzuda fəallaşması normal haldır. Hər iki mövzuda Azərbaycan dövləti, ictimaiyyəti və media fəaliyyət istiqamətləri arasında sinxron əlaqə mövcuddur. Buna görə də medianın fəaliyyəti daha çox Azərbaycan cəmiyyətinin toparlanmasına xidmət edir. Azərbaycan cəmiyyəti hər iki istiqamətlə Azərbaycan dövlətinin apardığı siyasətin mahiyyətini dəqiq bilməlidir. Çünki, hər iki istiqamətdə müstəqil Azərbaycan dövlətinin siyasətinə öz ictimaiyyətimizdən anlaşıqlı münasibət və dəstək gözləyirik. Medianın fəaliyyəti qərbi azərbaycanlıların keçmişi, tarixi, fəaliyyəti, üzləşdikləri faciələrin dünyaya çatdırılması, eləcə də qərbi azərbaycanlıların məşhur şəxslərinin dünyaya tanıdılmasından ibarət olmalıdır. Bunlar eynilə cənublu soydaşlarımıza da şamil edilməlidir. Cənubi azərbaycanlıların orada kütləvi şəkildə dövlətçilik uğrunda gedən mübarizələrinin çox zəngin tarixi var. Eyni zamanda onlar türk qövmünə məxsus olan milli-mənəvi, dini etiqadların qorunmasında çox böyük rol oynayır. Mətbuatın daim müraciət etdiyi mövzulardan biri də soydaşlarımızın İranda hər zaman repressiyaya məruz qalmasıdır. Bunun da geniş şəkildə işıqlandırımasına ehtiyac var. Dünya İranda tək-tək insanların yox, azərbaycanlılar adlı böyük toplumun təzyiq altında yaşadığından xəbərdar olmalı, buna lazım olan qiyməti verməlidir. Bir sözlə, Qərbi və Cənubi Azərbaycan mövzusunda Azərbaycan mətbuatının çox böyük rolu var.
- Mətbuat mənfi təbliğatlara qarşı hansı işləri aparmalıdır?
-Sözsüz ki, hər iki mövzuda mətbuat xaricdən gələn zərərli informasiya təmayüllərinin neytrallaşdırılmasına diqqət yetirməlidir. Ona görə ki, bunu bəzi hallarda düşmənlər Azərbaycanın digər ölkələrə ərazi iddiası kimi qələmə verir. Azərbaycanın isə iddiası bu toplumların insan, vətəndaş hüquqlarının lazımi səviyyədə qorunmasını təmin etməkdir. Mətbuat ilk növbədə xaricdən gələn informasiyaların, təxribatların ifşa olunmasında aktiv olmalıdır. İstər cənubi, istərsə də qərbi azərbaycanlı soydaşlarımız mövzusunda mütərəqqi təmayülləyin körüklənməsi vacibdir. Məsələn, əgər Cənubi Azərbaycanda hansısa oyanış hərəkatı baş qaldırırsa, oyanış insan haqlarının daha yüksək səviyyədə müdafiəsinə yönəlibsə, Azərbaycan mətbuatı bunu işıqlandırmalıdır. Qərbi azərbaycanlılarla bağlı biz artıq Ermənistandan təxribatlı fikirlər eşidirik. Güya bu mövzu Ermənistana qarşı ərazi iddiasıdır. Bu zaman dövlət xadimləri ilə birlikdə mətbuata da iş düşür. Ermənistanın yanlış, azdırıcı ideoloji kursunu ifşa etmək üçün lazım olan bütün vasitələrə əl atmaq lazımdır.
-İran cənublu soydaşlarımızın ana dilində mətbuat yaratmasına tarix boyu qarşı olub. Xalq üçün bunun əhəmiyyəti nədən ibarətdir?
-Cənublu soydaşlarımızın mühüm hüquqlarından biri Azərbaycan dilində yazmaq, oxumaq, öz tarixləri, fəaliyyətləri ilə bağlı dünyada öz dilində rəy yaratmaq imkanıdır. Ötən əsrdə milli oyanış baş verdikdə ana dilində mətbuat yaradılması hüququ qazanıblar. Həmin dövrdə İran televiziyasında müəyyən proqramların açılması cəhdləri olub. Bütün bu halların mövcud rejim tərəfindən hər zaman qarşısı alınıb. Öz ana dilində düşünməyən xalqın milli-mədəni dəyərləri ayaqda qala bilməz. Hər bir xalq milli dildə düşünməyi, oxumağı bacarmalıdır. Əks halda xalqın milli kökləri ilə bağlılığı qırılır. Hazırda Cənubi Azərbaycanda bu təhlükəni görürük. Azərbaycan dilində yazmaq, oxumaq imkanları getdikcə məhdudlaşdırılır. Azərbaycandan daimi şəkildə bu halla bağlı daim reaksiyalar var. İranın konsititusiyasında bununla bağlı olan maddə tez-tez xatırladılır. Beynəlxalq tribunalar Azərbaycan dilinin qorunması məsələsi daim gündəmə gətirilir.
-Qərbi azərbaycanlı həmvətənlərimizin qayıdış ruhunu dirçəltmək üçün hansı işlər aparılmalıdır?
-Qərbi azərbaycanlıların qayıdış ruhunun dirçəldilməsi üçün indiyə qədər əhəmiyyətli addımlar atılıb. Məsələn, qərbi azərbaycanlılar cəmiyyətinin yaradılması və struktur inkişafı istiqamətində atılan addımlar bunu sübut edir. Dövlət siyasəti səviyyəsində mövzuya açıq dəstək var. Müəyyən beynəlxalq instansiyalarda məsələ qaldırılıb. BMT-nin müvafiq strukturlarına mövzu ilə bağlı müraciətlər edilib. Ermənistan rəhbərliyinə Qərbi Azərbaycan İcması ilə əlaqələr qurması ilə bağlı təklif var. Azərbaycan Qarabağda yaşayan erməni icması ilə rəsmi dialoqa getmək xəttini bəyan edirsə, eyni kursu Ermənistan da davam etdirməlidir. Üstəlik, Ermənistanın öhdəliyi var. 10 noyabr sənədində Ermənistan məcburi köçkünlərin maneəsiz geri qayıdışına öhdəlik götürüb. Hansı ki, Qərbi Azərbaycan İcması bu baxımdan Ermənistana və Avropa Şurasına müraciət edib. Müraciətdə Ermənistandan deportasiya edilən xalqların qaytarılması və bunun Avropa Şurasının monitorinqi əsasında olması lazım olduğu bildirilib. Olduqca güclü gedişdir. Ermənistanın manevrləri getdikcə daralır. Beynəlxalq müstəvidə proseslər aktivləşməlidir. Bu baş verərsə, insanlarda qayıdış ruhu yüksələcək. İstər Sovet dövründə, istərsə də 1988-1990-cı illərdə deportasiya edilən azərbaycanlıların həqiqətən qovulduğunun beynəlxalq səviyyədə təsdiqinə ehtiyac var. Müəyyən parlamentlər azərbaycanlıların heç bir əsas olmadan yurdlarından qovulmalarını təsdiqləməlidir. Lazım gəlsə, bunun beynəlxalq məhkəməyə çıxarılması üçün tələb olunan prosedurlar öyrənilsin. Ermənistana təzyiq etmək üçün əlimizdə bu baxımdan mühüm beynəlxalq sənədlər olmalıdır. Vətən müharibəsinə qədər BMT və digər beynəlxalq təşkilatlarda qəbul olunmasına nail olduğu sənədlər Azərbaycanın əlindən tutdu. Eynilə bu cür təsdiqləyici sənədlərə sahib olmalıyıq ki, Ermənistan azərbaycanlıların öz yurduna ləyaqətli qayıdışına şərait yaratmağa məcbur olsun.
-Azərbaycan ayrıılıq tarixi boyunca ilk dəfədi ayrı düşdüyü topaqlarıyla bu qədər yaxınlaşır. Bunu bizim üçün necə bir dövr adlandıra bilərik?
- Azərbaycan tarix boyu torpaqlarından ayrı düşüb. Tarixdə topaqlarımızın 310 min kvadrat kilometrə bərabər olduğu zamanlar olub. Uzağa getmədən deyək ki, Sovet hakimiyyəti qurulanda ərazilərimiz 120-130 min kvadrat kilometrə yaxın idi. Sonradan bir hissəsini Rusiya, Gürcüstan, Ermənistana güzəşt edildi. Vətən müharibəsi dövründə Azərbaycan tarixdə ilk dəfə itirdiyi torpaqları geniş miqyasda geri qaytardı. Sübut etdik ki, torpaqlarımızın itirilməsi ilə barışan deyilik.
Fikrimcə, ilk növbədə Azərbaycan keçmiş Dağlıq Qarabağ və ətrafında olan ərazilərdə möhkəmlənməlidir. Torpaqlarımızın müdafiəsi təmin edilməli, daha sonra tarixi torpaqlarımızla bağlı qərarlar beynəlxalq səviyyəyə çatdırılmalıdır.
Əfsanə Kamal