Fransada demokratiya deyilən bir şey yoxdur- MÜSAHİBƏ

Dünyada, əsasən  Cənubi Qafqazda baş verən hadisələr siyasi masada kartların yenidən paylandığını göstərir. Azərbaycan son illərdə güclənən siyasəti ilə  masada üstünlüyü ələ almağa bacarıb.  Cənubi Qafqaza xüsusi "marağı" olan Fransanın atdığı radikal addımlar dünyanın gözündən qaçmır. Məhz, buna görədir ki, o, özü kimi radikal mövqedə dayanan Ermənistanla əlbir olmaq niyyətindən əl çəkmir. Avropa Parlamentinin də Azərbaycana qarşı qəbul etdiyi əsassız qətnamələr mövqelərini açıq-aşkar üzə çıxarır. Ermənistanın himayədarları heç də hər zaman kilometrlərlə uzaqda, xristian olmur. Çox yaxınında, bizimlə din "qardaşı" olan molla rejimi də var. Hansı ki, əmmamələri şər yuvasından fərqlənmir. Üzərlərinə geyindikləri ağ paltarlara da aldanmayın. O paltarların üzərində görünməyən minlərlə ləkələr  var.

Azərbaycan isə heç kimlə işi olmayan, paxıllıq etməyən, qonşunun payında gözü olmayan dövlətdir. Üzərimizə Şimaldan, Cənubdan, Qərbdən nə qədər böhtan atsalar da, yapışmayacaq. Əsas odur ki, biz xalq olaraq reallığı bilirik. Politoloq Cümşüd Nuriyevlə  söhbətimiz elə  bu  barədə  oldu.

-Cümşüd bəy, hazırda Ermənistanda gedən siyasi proseslərə ümumi baxış keçirək.

-Hazırda Ermənistanda çox ciddi qarşıdurma var. Paşinyan hakimiyyəti ilə həm daşnaqsütun arasında həm erməni millətçiləri ilə problemlər var. Eyni zamanda Paşinyan Qərb ilə Moskva arasında seçim etmək məcburiyyətində qalıb. Bir tərəfdən ADKB-nin  Ermənistanda keçiriləcək tədbirlərindən imtina edir, digər  tərəfdən onların kvota ilə ayrılan təşkilatın sədr müavinliyindən imtina edir. Yəni, Ermənistanda hadisələrin birmənalı şərhi yoxdur. Həddən artıq qarışıq, eyni zamanda, plansız həyata keçirilən bir siyasət yürüdür. Ona görə də Ermənistana demək olmaz ki, bunlar nədənsə ağıllı bir iş görürlər. 
-Ermənistanda olan insan haqları pozuntu hallarını nə üçün dünya mediası işıqlandırmır? 
-Burada maraqlar var. Çünki, Qafqazın yeni siyasi arxitekturasında Ermənistan Qərbi də, Moskvanı da təmin edə bilmir. Yəni ,Azərbaycanın   yürütdüyü ağıllı siyasət nəticəsində bunlar bir çıxmaza giriblər, ona görə də çətin vəziyyətdədirlər. Çalışırlar ki, bu yolla- Ermənistanda baş verən insan haqlarının pozulmasına göz yummaqla Ermənistanı öz tərəflərinə çəksinlər. Ermənilər də bunlardan yararlanmağa çalışırlar. Qarşılıqlı maraqlar olduğuna görə burda nə Qərb mediası onun üstünə gedir, nə də ki Ermənistan bu məsələlərə o qədər fikir verir. İkinci bir məsələ burada erməni lobbisinin fəaliyyətidir. Bilirsiniz ki, Ermənistan min illərlə dövlət olmayıb. Ən azı son 1500 ildə. 1918-ci ilə qədər dövlət deyilən bir şeyləri olmayıb. Ona görə də ermənilər dövlət mifi yaratmağa çalışıblar. Bunlar, dövlət statusunda kilsə çıxışı edib və kilsə də təbii ki, öz maraqlarına uyğun hərəkət edir. Bu gün də kilsə bir biznes layihəsi kimi dünya ermənilərindən pul yığmaq adı ilə bir çox işlər görür və onlara böyük maliyyə buraxırlar. Lobbiçilik fəaliyyəti ilə məşğul olduqlarına görə də dünya mediasında da alınıb-satılan kifayət qədər media orqanları var. Bu gün onlar bunu işıqlandırmır. Son zamanlar həm islamafobiya güclənib, həm türkəfobiya. Yəni, görünən odur ki, Azərbaycana olan bütün hücumların arxasında təkcə ermənilərin maraqları durmur, digər dövlətlərin Cənubi Qafqaz maraqları durur.

-Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etdi.  Bu, maraqların arxasında nələr dayanır?

-Avropa Parlamentinin  qəbul etdiyi bu qərar əvvəlcə elə AP-nın adına uyğundur. Yəni bu bizi narahat etməməlidir. Nəyə görə? Çünki, biz bilirik ki, bu təşkilat həmişə Azərbaycana qərəzli yanaşıb. Azərbaycanın uğurlarını heç cür həzm edə bilmirlər. Bu,  müstəvidə də Fransa və digər Fransaya oxşayan dövlətlər dayanır. Onlar çalışırlar ki, Azərbaycanda bu yolla Azərbaycan haqqında mənfi fikir formalaşdırsınlar. Ona da müyəssər ola bilməyəcəklər. Çünki, bu AŞPA-da müzakirə olunan və  qəbul olunan əsas məsələlər - yəni guya Laçın koridoru bağlıdır, Azərbaycan bununla güya soyqırım həyata keçirir. Bunu ancaq dəlilər  fikirləşə bilər. Normal insan bunu fikirləşə bilməz. Çünki əvvəla kənar yollar da var. Biz silah - sursatın gətirilməsinin əleyhinəyik. Onu da kənardan onsuzda rus qoşunlarının köməyilə gətirirlər. Bunlar Dağlıq Qarabağ məsələsini gündəmə gətirmək istəyirlər. O da mümkünsüzdür. Azərbaycan özü bu məsələni həll edib, inzibati ərazi vahidi yoxdur. Bunlar ATƏT-in Minsk Qrupunu yenidən canlandırmaq istəyirlər. Azərbaycan da bu məsələni özü həll edib. Cənab prezident də bildirdi ki, biz belə bir qurum biz tanımırıq. Ona görə bunlar həmişə, bundan sonra da belə həqiqətdən uzaq, Azərbaycanın əleyhinə böhtan atmaq üçün qərar qəbul edəcəklər. Buna  adi baxmaq lazımdır. 

-Korsikan dilinin istifadəsinin qadağan olunması Fransa haqqında hansı fikirləri deməyə əsas verir?

-Korsikan dilinin istifadə olunmasına  Fransanın qarşı çıxması  Fransadan gözlənilən bir şey idi. Ümumiyyətlə, dünyada 3 idarəetmə formasından birini də fransızların elitası yaradıb. Vaxtilə bu özünü doğruldurdu, amma Makron və yaxud o birilər Fransada elita yarada bilmədilər. Hazırda  orada ermənilərin təzyiqi altında da Fransa hökuməti fəaliyyət göstərir. Amma tarixən də Fransa  İslam dünyasına qarşı  həddən artıq səhv mövqedə olub. Ümumiyyətlə, təkcə İslamla nifrətlə bağlı deyil, fransızlarda müstəmləkəçilik ruhu da olub. Onlar, özlərini ali irq hesab edirlər və hamı onlara  borcluymuş kimi davranırlar. Bunların təkcə Əlcəzairdə, Şimali Afrikada 1830-cu ildən 1962-ci ilə qədər, 132 il ərzində minimum bir neçə milyon insan qətlə yetiriblər.  Korsikalıların öz dilləri var. Onlar, dövlətdən ayrılmaq istəmirlər. Korsikanın  kifayət qədər inkişaf etmiş sənayesi, kənd təsərrüfatı da var. Özlərini idarə edirlər. Korsika Fransadan da 130 km aralıdadır. Yəni, özü Aralıq dənizində bir adadır və burda yaşayanlar da öz dillərinə  mədəni muxtariyyət istəyirlər. Başqa bir şey istəmirlər. Özünü mədəni sayan, dünyaya demokratiya dərsi keçən Fransa bunu qəbul etmir. Bu o deməkdir ki, Fransada ümumiyyətlə, demokratiya deyilən bir şey yoxdur.

-Sosial mediada ortaya yenidən müharibə olacağı ilə bağlı fikirlər atılır. Belə bir ehtimal varmı? Hazırda vəziyyət nə yerdədir?

-Sosial mediada yenidən müharibə ilə bağlı fikirlər bəli, var. Bu daha çox cəmiyyətin nəbzini tutmaq üçün aparılan bir sosial tədqiqat kimi dəyərləndirilməlidir. Çünki, bəzən cəmiyyətin mövqeyini öyrənmək üçün sosial media üzərindən bu məsələləri gündəmə gətirirlər. Bu, bir araşdırma metodudur. Müharibənin olacağına ancaq  Ali Baş Komandan  necə deyərlər, əmr verə  bilər. Müharibə olmayacaq. Bir az qanundan xəbəri olan adam bunu başa düşməlidir. Azərbaycanın müharibə etməyə ehtiyacı yoxdur. Azərbaycan ancaq antiterror əməliyyatı apara bilər. Onu da aparacaq. Müharibədən sonra Qisas əməliyyatı, Fərrux əməliyyatı və.s həyata keçirildi.  Bunlar hamısı Azərbaycan ordusunun səlahiyyətində olan bir şeydir. Təbii ki, Ali Baş Komandan əmr verəndən sonra ordumuz bunu həyata keçirəcək. Hal-hazırda ordumuzun  ruh yüksəkliyi çox yüksəkdir. Eyni zamanda, Azərbaycan ordusuna çox peşəkarlıqla baxırlar. Ona görə ordumuz hazırdır.

-İranla münasibətlərimiz hansı hallarda əvvəlki vəziyyətinə qayıda bilər?

İran heç vaxt bizi sevməyib. Son 30 ildə ancaq Azərbaycanın əleyhinə işləyib. İranla münasibət  2 halda əvvəlki vəziyyətə qayıda bilər: ya SSRİ bərpa olunmalıdır, biz onun tərkibində olmalıyıq ki, İran  bizdən əl çəksin və ya mollaların dediyi kimi biz onlara birləşməliyik və onların nökəri olmalıyıq. Bunun heç biri baş tutmayacaq. Ona görə İranla hansısa əvvəlki vəziyyətin olacağı, bərpa olunacağı mümkün olan bir şey deyil. Çünki İran bizə qarşı həddən artıq sərt mövqedədir. Azərbaycan öz siyasətini yürüdür. İranın necə hərəkət etməsi bizi o qədər də narahat etməməlidir və Azərbaycanın hal-hazırki, yəni yaxın zaman ərzində İranla münasibətləri korlaması üçün hər hansı bir addım atacağını düşünmürəm. Amma ikitərəfli münasibətlərin yaxşılaşması baş verə bilər.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31