İran və Ermənistan yaxınlaşmasının əsas səbəbi Azərbaycan düşmənçiliyidir- Pərviz Mirizadə

"İran birmənalı şəkildə hər zaman Ermənistan üçün nəfəslik rolu oynayıb"

Görünən odur ki, regionda yeni bir gərginlik yaratmaq qarşıya məqsəd qoyulub. Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini işğaldan azad etməsini qətiyyən qəbul edə bilməyən bəzi yaxın və uzaq qonşularımız Ermənistana ciddi şəkildə dəstək vermək, hətta onu yenidən silahlandırmaqla İrəvanı revanşistə sürükləyirlər. Bəs, görəsən bu proseslərin məntiqi sonluğu nə ilə nəticələnə bilər? Bu və ya digər suallarla Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə ilə söhbətləşdik.

-Pərviz bəy, görünən odur ki, bəzi Avropa ölkələri, xüsusilə Fransa və Ermənistana havadarlıq edən dairələr regionda yenidən gərginlik yaratmaq istəyirlər. Elə Avropa İttifaqı Şurasının 2 illik missiya göndərmək barədə qərarı da belə deməyə əsas verirmi?

-İkinci Qarabağ müharibəsinin nəticəsi regionda yeni geosiyasi reallıqların yaranmasına səbəb oldu. Mövcud situasiya Fransa başda olmaqla Ermənistana havadarlıq edən qüvvələrin və dairələrin maraqları ilə üst-üstə düşmür. Türkiyə və Azərbaycanın regionda aparıcı hərbi-siyasi gücə çevrilmə məqsədi qərb üçün arzuolunan hal deyil.

Avropa İttifaqının Azərbaycana qarşı qeyri-konstruktiv mövqedən çıxış etməsinin arxasında birmənalı şəkildə Fransa hökuməti dayanır. Bütün bu addımlar rəsmi Parisin regiona yenidən dönmək istəməsi çabasından irəli gəlir. Fransa dövləti İkinci Qarabağ müharibəsinə qədər ATƏT-in Minsk qrupunun üzvü kimi regionda varlıq göstərə bilirdi. Lakin müharibədən sonra rəsmi Bakının Minsk qrupu ilə bağlı tutduğu mövqe ilə Fransanın regionda qalması ehtimalını sıfıra endirdi. İndi isə birbaşa olaraq Parisin təsiri ilə Aİ Şurası regiona iki illik missiya göndərir. Guya məqsəd Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına töhvə verməkdi. Lakin məlum qərarla Avropa İttifaqı beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Çünki prosesin əsas tərəfi olan Azərbaycanın məlum missiyasının bölgəyə gəlməsinə razılığı yoxdur. Hesab edirəm ki, iki illik missiya nəinki sülh danışıqlarına tövhə verəcək, əksinə olaraq gərginliyi daha da artıracaq. Bundan öncə iki ay müddətinə Ermənistana gələn nizamlama missiyasının heç bir müsbət təsiri olmadı, əksinə tərəflər arasında sülh danışıqları donduruldu.

-Sizcə, bu addım həm də dolayı yolla Rusiyaya qarşı Avropanın ikinci bir cəbhə açması, ona qarşı pərdəarxası müharibə aparması demək deyilmi? Yəni Rusiya sülhməramlı missiyası Qarabağda vəziyyətə nəzarət edə bilmir, ona görə də guya belə bir missiyaya ehtiyac var.

-Təbii ki, burada digər bir nüans isə, Ermənistan üzərindən Qərb-Rusiya qarşıdurmasıdır. Bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrov bu mövzuya münasibət bildirərək, ölkəsinin Avropa missiyasını xoş qarşılamadıqlarını bəyan etdi. Çünki məlum missiyasının regiona gəlməsi Rusiyanın sülhməramlı tərəf  kimi iştirakına kölgə salır, həmçinin Rusiyanın Ermənistanda olan hərbi varlığını zəiflətməyə hesablanmış bir addımdır.

-Bu həm də bir növ separatizmə dəstək deyilmi?

-Ümumiyyətlə yaranmış situasiya ilə bağlı xoş olmayan bir digər bir məsələ isə, Avropa siyasilərinin Azərbaycan-Ermənistan münasibətlərinə xristian həmrəyliyi prizmasından yanaşmasıdır. Avropa İttifaqı irqçi, Azərbaycanfob, türkfob mövqeyindən əl çəkmir və Ermənistanın münaqişəni davam etdirməsinin müdafiəçisi kimi çıxış edir. Məhz Avropa siyasilərinin bu kimi yanaşması erməni cəmiyyətində və Qarabağda yaşayan erməniləri separatçılığa, qanunsuzluğa təşviq edir.

-Bu arada İranın davamlı olaraq ermənipərəsət mövqeyi özünü yeni formaları ilə büruzə verir. Məsələn, Tehran və İrəvan qardaşlaşmış şəhərlər oldu, erməni baş nazirinin xanımı İranda yüksək səviyyədə qarşılandı. Bu onu deməyə əsas verirmir ki, İran İslam dövləti statusunu daşımaqdan tamamilə çıxıb və bu ölkədə də terrora, terrorçuya, işğalçıya dəstək verən ölkəyə, İslam dini ilə bağlılığı olmayan rejimə çevrilib.

-Artıq bir müddətdir ki, ölkəmizin cənub qonşumuz İranla münasibətlərinin gərginləşməsini müşahidə edirik. Səbəb isə Tehran hakimiyyətinin anti-Azərbaycan siyasəti və Azərbaycan düşmənçiliyidir. İran İkinci Qarabağ müharibəsində ölkəmizin qazandığı parlaq qələbəni heç cür qəbul edə bilmir və anti-Azərbaycan mövqeyi sərgiləyərək düşmən dövlət Ermənistanla münasibətlərini dərinləşdirir. Buradan bir nəticə çıxır ki, İran və Ermənistan yaxınlaşmasının əsas səbəbi ümumi olaraq Azərbaycan düşmənçiliyidir. İran birmənalı şəkildə hər zaman Ermənistan üçün nəfəslik rolu oynayıb. Müharibədən sonra da ermənilərin köməyinə  çatan  ilk ölkə məhz İran oldu. Fars rejimi Azərbaycana qarşı Ermənistanı silahlandırmaqla da məşğuldur. Bir müddət öncə, SEPAH-ın Ermənistana Almas və Dehlaviye adlı anti-tank raketlərini hədiyyə verdiyinin şahidi olduq. İndi isə hər iki ölkə PUA istehsalı ilə bağlı danışıqlar aparır. İranın İsfahan şəhərində yerləşən "HESA" konserni Ermənistanın Spitak şəhərində pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı kiçik bir zavod açmaq üçün çalışır. Fars rejimi bu kimi addımlarla  Ermənistanı mümkün təxribatlara təhrik edir. İran bu kimi əməllərlə bir İslam dövləti yox İslama düşmən bir dövlət olduğunu nümayiş etdirir. İşğal dönəmində ermənilərin dinimizi, məscidlərimizi təhqir etməsinə heç bir münasibət bildirməyən İranın, İslam dinindən, müsəlman həmrəyliyindən danışması absurddur.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31