Yerli məhsullara nə üçün üstünlük verməliyik?
20 Yanvar 2023 11:11 MüsahibəVətəndaşların qida məhsullarına qarşı olan güvənsizliyi ildən-ilə artmaqdadır. Bu güvənsizlik daha çox yerli məhsullar üzərində formalaşıb. Belə olan halda rəqabət yaranmır, inkişaf olmur. Problemlə bağlı suallarımıza cavab tapa bilmək üçün Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynovla həmsöhbət olduq:

-Eyyub bəy, qida məhsulları istehsalatı sahəsində hansı problemlər var?
-Qida məhsullarının istehsalında ciddi problemlər mövcuddur. Azərbaycan əmtəə bazarında olan qidaların təxminən 50 faizi xarici ölkələrdən gətirilib.
Ət və ət məhsullarının (kolbasa, sosiska) təxminən 70 faizi idxal məhsuldur. 30 faizi isə yerli məhsullardır. Burada çox ciddi məsələlərdən biri böyük supermarketlərin xarici məhsullara üstünlük verməsi məsələsidir. Onlar üçün xüsusi şərait yaradılır, daha çox yer ayrılır. İstehlakçıların səhv mövqeyi ondan ibarətdir ki, xarici məhsullara üstünlük verirlər. Bu, düzgün deyil. Yerli istehsalat prosesinin problemi odur ki, Azərbaycanda böyük istehsalçılar mövcud deyil. Qida məhsullarına ayrı-ayrılıqda diqqət yetirsək, görərik ki, kiçik sexlərdə istehsal olunur. Məsələn, "İvanovka" adı ilə bazara çıxan malları biz 20 ildən çoxdur ki, tənqid edirik. O, məhsulların İvanovka kəndi ilə əlaqəsi yoxdur. Ancaq, iyirmidən çox İvanovka dükanı fəaliyyət göstərir. Guya, xammal həmin kənddən gətirilib . Yerli qida məhsullarının istehsalında istehlakçılar etiketlə aldadılır. İstehsalçılar istehlakçıları aldadırlar. Malların üzərinə çağırışlı fikirlər yazırlar. Halbuki, qanunla qadağandır.
"Ekoloji təmiz", "filan xəstəliklərin dərmanı" kimi sözlər vətəndaşı aldadır. Məsələn, "İqlim" adlı ədviyyat istehsalçısı var. Darçının etiketində 13-ə qədər xəstəliyin dərmanı olduğunu qeyd ediblər. Bir sözlə, yerli istehsalatda əsas problemlərdən biri istehsalçının alıcının rəğbətini qazanmamasıdır. Eyni zamanda sular, limonadlar müasir texnologiya olmadan, primitiv üsullarla hazırlanır.
-Bu problemlərin həlli üçün məsuliyyət daşıyan qurumların öhdəsinə hansı vəzifələr düşür?
- Bu məsələlərin həlli üçün əsas məsuliyyət biznes qurumlarının üzərinə düşür. Lakin, biznes qurumları hökümətin onlar üçün yaratdığı vəziyyətdən sui-istifadə edir. Hökümətin istehlakçı siyasəti çox zəifdir. Demək olar ki, işləmir. 1995-ci ildə qəbul edilən İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun çoxdan köhnəlib. Dəfələrlə İqtisadiyyat Nazirliyində,Ombudsman aparatında, Milli Məclisdə görüşlər keçirmişəm, qanunu dəyişdirməyin zəruri olduğunu bildirmişəm. Qanuna nəzarət edən qurumlar işləmir. Hökümətin biznes qurumları üçün yaratdığı "toxunulmazlıq" onların işinə sərf edir. Qida Təhlükəsizliyi Agentliyi mümkün olanları edir. Ancaq, tam əhatə edə bilmir. AQTA-nın biznesnaməsinə baxsaq, orada qidanın sadəcə təhlükəsizliyi məsələsi qalıb. Qidanın keyfiyyəti məsələsi ilə bağlı heç bir iş görülmür.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzdində olan Standart İnsitutu keyfiyyətlə bağlı heç bir iş görmür və ya əl-qolu bağlıdır.
Məsuliyyət daşıyan qurumlar birtərəfli, istehlakçı hüquqlarını geridə qoyan siyasət yürüdür. Bu da biznes qurumlarının artıq istehlakçılara öz şərtlərini diqtə etməsinə gətirib çıxarır. Hər il qanunlar zəifləyir, fəaliyyətsizlik artır. Əlbəttə, dövlət yerli qida istehsalını gücləndirmək üçün azad bazar şəraiti, mühiti yaratmağa borcludur. Eləcə də fermer təsərrüfatlarının dəstəklənməsi üçün şərait yaradılmalıdır. Təəssüf ki, illərdir kooperasiya haqqında qəbul olunan qanun icra edilmir. İcra edilməsinə kəndlilərin meyli yoxdur. Ona görə də pərakəndə və az istehsal olunan bağçılıq təsərrüfatı malları böyük qurumların əlində cəmləşir.
-Un məmulatlarının təkrar emalı mümkündürmü?
-Un məmulatlarının təkrar emal edilməsi məsələsi mövcud idi. Lakin, son dörd ildə bu müşahidə olunmur. Çünki, bazarda nisbətən normal rəqabət şəraiti yaradılıb. Məsələ hazırda Azərbaycan üçün yox dərəcəsindədir.
-Gigiyena baxımından hansı məhsulları təmiz hesab etmək olmaz və bu baxımdan vətəndaş nələrə diqqət etməlidir?
-Əgər biz hadisələrə diqqət yetirsək, görərik ki, iyirmi ildən çoxdur ki, ölkəmizdə "murdar" olmuş heyvanın, at, eşşək ətinin satılması baş verir. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar sadəcə cərimə etmir, ekspertiza aparır, həbs edir. Vaxtaşırı belə məsələlər gündəmə gəlir. DİN dəfələrlə ölkənin əmtəə bazarında spirtli içki istehsalının nə vəziyyətdə olduğunu işıqlandırıb. Lakin, digər dövlət orqanlarının fəaliyyəti ürəkaçan deyil. Onlar sadəcə cərimə yazmaqla məşğuldur. Həmin şəxslər yenidən bu işlərlə məşğul olur. Bir sözlə, murdar olmuş heyvan əti varsa, gigiyenadan söhbət gedə bilməz. Bu kimi məhsulların satış şəbəkələri dönərxalar, restoranlardır. Tələb varsa, təhrif də ortaya çıxır. Ölkədə illərdir dönərxanaların problemi həll edilmir. Dönərxanalarda ən zərərli ətlər, məhsullar satılır. Dəfələrlə məsələni qaldırsam da, rasional tədbirlər görülməyib. Dönərxanalara getsək, asılan çoxsaylı sertifikatlar, sənədlər görəcəyik. Heç kim sübut edə bilməz ki, bişən dönərə həmin sənəd aiddir yoxsa yox. Hələ 10 il bundan öncə ölkədə iki istehsal müəssisəsi müəyyən edildi. Onlar, təzə ətdən dönər hazırlayıb,-40 dərəcə şok dondurmadan keçirib dönərxanalara verir. Hansı ki, -40 dərəcədə heyvanlarla bağlı bütün mikroblar ölür. Lakin dönərxanaların heç 1 faizi bu müəssisələrdən məhsul almır. Əti təsadüfi, əmin olmadıqları yerlərdən alırlar. Şübhəsiz ki, bunlar gigiyenik şəraitdə istehsal edilməyən xammal olur. Bu, problem təkcə dönərxanalarda yox, ən prestijli restoranlarda da ola bilər. Bir neçə il öncə telelayihə çərçivəsində şəhərin mərkəzində olan ən bahalı restoranda monitorinq keçirdik. Nəticədə mətbəxin heç də zala uyğun olmadığı ortaya çıxdı. Mətbəxdə köhnə yeməklər isidilib, müştərilərə verilirdi.
Gigiyena baxımdından təmiz hesab olunmayan məhsulların əksəriyyəti rəngli sərinləşdirici içkilər, bəzi süd məhsullarıdır.
Vətəndaşlar yerli, yoxsa idxal məhsullara daha çox üstünlük verir? Səbəbləri nələrdir?
-İllər öncə Azad İstehlakçılar Birliyi sorğu keçirmişdi. Təəssüflər olsun ki, əhalinin xarici məhsullara üstünlük verdiyi məlum olmuşdur. Bunlar əhalinin yaxşı maarifləndirilməməsinin nəticəsidir. Əhali bilməlidir ki, yerli məhsullar bütün hallarda az kimyalaşmış məhsullar olur. Xaricdən gələn mallar etiketi, dadı, görkəmi ilə istehlakçıları cəlb etsə də, onlar bilməlidir ki,uzun yol gələn, hər cür hava şəraitinə dözümlü olan mallar kimyalaşıb. Yerli mallar bütün hallarda xarici mallardan üstündür. Rusiyadan gələn ət və ət məhsullarının tərkibində ətin faizi çox azdır. Lakin, onlar cəlbedicidir. Yerli mallarda bu cür komponentlər az istifadə olunur. Ilk öncə maya dəyərinə təsir edir, baha başa gəlir. Əlçatanlıq isə azdır. Ona görə də xaricdən bu cür komponentlər gətirilmir. Yerli ət və ət məhsullarını istehsal edən müəssisələr var. Hətta, "halal" brendi adı altında istehsal edilən məhsulların çoxları həqiqətən, halaldır. Və nisbətən keoloji təmiz mallardır.
-Endirimdə olan məhsulları alarkən vətəndaşlar nəyə diqqət yetirməlidir?
-Endirimdə olan malları alarkən istehlakçılar diqqətli olmalıdır. Adətən, etiketi dəyişdirilən mallar endirimə tabe edilir. Həqiqi endirimlər də var. Alıcını bəzən aldadırlar. Malın üzərində endirimli qiymət olur. Sonra isə daha baha qiyməti olduğu ortaya çıxır. İstehlakçının hüququ var ki, son nəticədə malın üzərində olan qiyməti ödəsin. Səhvlik olub kimi sözlərə aldanmasınlar. Dərhal rəhbərlikdə biri ilə əlaqə saxlayıb, qiymətin dəyişdirilməsinə nail olsunlar. Alınmasa 195 qaynar xəttinə zəng vurub, iradlarını bildirsinlər. Bütün hallarda istehlakçı haqlıdır.
Əfsanə Səlimi