Qərbi Azərbaycana qayıdış həddindən artıq müqəddəs və nəhəng bir prosesdir- MÜSAHİBƏ

Qərbi Azərbaycandakı soydaşlarımızın başlarına gətirilən fəlakətlərin miqyası və Vətənə qayıdış Konsepsiyası barəsində Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü ilə həmsöhbət olduq:

- Qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunması, çox faciəli, dəhşətli hallarla, hadisələrlə müşahidə olunan bir proses olub. Təxminən yüz il ərzində müxtəlif vaxtlarda ermənilər azərbaycanlıların qədim torpağı olan, Qərbi Azərbaycan adlandırdığımız ərazidən köçürülməsi, qovulması üçün ən müxtəlif faciələrə, soyqırımlara, qırğınlara, zorakarlıqlara əl atıblar. Zaman-zaman burada onları himayə edən güclər vasitəsilə ermənilər tərəfindən törədilən hadisələr soydaşlarımızın tarixən yaşadıqları, onlara məxsus olan ərazilərdən qaçqın düşməsi, məcburən köçməsi ilə nəticələnib və 1980-ci illərin sonlarında ermənilər vaxtilə bizə məxsus olan, indiki Ermənistan adlanan ərazilərdəki şəhər və kəndlərdə yaşayan azərbaycanlılara qarşı çox amansız bir deportasiya siyasəti həyata keçiriblər. Bununla da XX əsrin 80-ci illərində baş verən hadisələr nəticəsində sonuncu soydaşlarımız da oradan deportasiya olunmuş, qaçqın düşmüş və onlara məxsus olan torpaqlar, mal-mülk, hər şey ermənilər tərəfindən qəsb edilmiş, misli bərabəri görülmüyən bir deportasiya siyasəti həyata keçirilmişdir. Bununla da Ermənistan monoetnik bir dövlətə çevirilmişdir və təəsüf ki, dünya ictimaiyyəti onların gözü qarşısında baş verən bu barbarlığa göz yummuşdur. Bununla da azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya edilməsinin, belə deyək, qaçqın salınmasının, qovulmasının son prosesi baş vermişdir.

- Sonradan hansı amillər onların dədə-baba yurdlarına qayıtmalarına əngəl oldu?

- Təbii ki, bu qədər böyük bir miqyaslı hadisəni, prosesi ermənilər, Ermənistan təkbaşına həyata keçirə bilməzdi. Yaranmış geosiyasi situasiyadan, beynəlxalq miqyasda onu himayə edən güclərin imkanlarından istifadə edərək, Ermənistan azərbaycanlılara qarşı belə bir addım atmışdı. Yenicə müstəqillik qazanması, siyasi, sosial, iqtisadi, hərbi və s. istiqamətlərdə gənc Azərbaycan Respublikasının yaşadığı problemlər, Ermənistan tərəfindən ədalətsiz Qarabağ müharibəsinə cəlb edilməsi, torpağlarımızın işğal edilməsi, qaçqınlarla yanaşı məcburi köçkünlərin də yaranması və s. bu kimi məsələlər təbii ki, bizim Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ata-baba yurdlarına qayıtmasına ən böyük əngəllərdən oldu. Bütün bunlarla yanaşı, Azərbaycan bu və ya digər  məqamda bu məsələləri gündəmə gətirməyə baxmayaraq, Ermənistan və onun havadarları prosesin həyata keçməsinə mane olurdular. Onlar bu ərazilərdə türklərin, ümumiyyətlə müsəlmanların yaşamasını istəmirdilər. Ermənistanda türksüz, müsəlmansız bir dövlətin qurulması, bu zolağın genişlənməsi, Türkiyənin türk dünyası ilə əlaqələrinin kəsilməsi və s. istiqamətlərdə nəhəng planlar cızılmışdı. Xüsusən, "Böyük Ermənistan", "Dənizdən-dənizə Ermənistan" planı erməni kilsəsinin, diasporasının və Daşnaksutyunun, onun ətrafındakı radikalların planı idi və bu planın icra olunması üçün dəstək verən güclər də bizim soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaqlarına əngəl olurdu. Ən böyük məsələ isə bizim Qarabağ problemi ilə qarşılaşmağımız, torpağlarımızın işğal olunmağı idi. Bu məsələ də bizim Qərbi Azərbaycan problemini, ordakı soydaşlarımıza qarşı edilən deportasiya, soyqırım, faciəvi hadisələri gündəmə gətirməyə və soydaşlarımızı qaytarmağa əngəl oldu.

- Sizcə, yeni dönüş yaxın gələcəkdə mümkündürmü?

- Bilirsiniz, əlbəttə bu geri dönüşün hansı zaman kəsiyində olacağını birmənalı şəkildə söyləmək çətindir. Amma əsas olan budur ki, bu geri dönüş olacaqdır, bizim soydaşlarımız ora qayıdacaqlar. Biz 30 il ərzində Qarabağ məsələsini də Azərbaycan olaraq gündəmə gətirib və deyirdik ki, qayıdacağıq, biz orada yenidən məskunlaşmanı həyata keçirəcəyik. Buna artıq bir sıra şəxslər xaricdə, daxildə inamlarımı itirməyə başlamışdılar. Amma görürsünüz, 44 gün ərzində biz bu problemi həll etmiş olduq. 44 günlük müharibəyə qədər də çoxsaylı işlər görüldü ki, o nəticəni əldə edə bildik. İndi də artıq Prezdenti İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsinin həll olduğunu nəzərə alaraq, potensiyalımızı və imkanlarımızı Qərbi Azərbaycandakı doğma torpaqlara qayıdışımızla bağlı fəaliyyətlərə, çalışmalara sərf edirik. O baxımdan, mən soydaşlarımızın mütləq öz doğma torpaqlarına qayıdacaqlarına, ev-eşiklərinə yenidən sahib olacaqlarına inanıram. Bunun yaxın gələcəkdə, ya da prespektivdə baş verəcəyini birmənalı şəkildə söyləmək çətindir. Amma bütün gedən proseslər, dövlət tərəfindən keçirilən kompleks tədbirlər, yüksək səviyyəli siyasi proseslər, paralel olaraq mədəni, elmi, ictimai, təbliğati və s. istiqamətlərdə həyata keçirilən hazırlıqlar söyləməyə əsas verir ki, bu prosesin gerçəkləşməsi, soydaşlarımızın qayıtması mümkün olacaqdır. Biz əlbəttə, müharibə və ya silah yoluyla ora qayıtmağı nəzərdə tutmuruq. Hərgah, Azərbaycan dövlətinin hərbi imkanları bunu da mümkün edir ki, vaxtilə bizə məxsus olan torpaqları silah gücünə ermənilərdən alaq. Amma biz nəzərə alırıq ki, artıq həmin ərazilər beynalxalq hüquqda başqa bir dövlətin ərazisi sayılır və bizim heç bir dövlətə qarşı, öz tarixi torpaqlarımız da olsa, müharibə etmək, ərazilərinə hücum etmək niyyətimiz yoxdur. Biz beynəlxalq hüququn imkan verdiyi situasiylardan, mədəni, ictimai, sosial, siyasi, iqtisadi, təbliğati və s. imkanlardan yararlanaraq, o ərazilərə qayıtmağı nəzərdə tutmuşuq və bunun da baş verəcəyinə inanırıq.

- Sizcə, soydaşlarımız hansı yolu izləməlidir?

- Bilirsiniz, biz bu çalışmalarda yumruq kimi birləşməliyik. Güc birlikdədir! Əgər biz ortaya güc qoymasaq, birlik olmasaq - söhbət xalqın, millətin, cəmiyyətin birliyindən gedir, biz bu istiqamətdə çalışmaları koordinasiyalı formatda həyata keçirməsək, o zaman müəyyən çətinliklər yarana bilər. Əvvəllər belə idi ki, bu istiqamətdə cəmiyyətin müxtəlif qrupları çalışmalar həyata keçirirdilər, azdan-az, çoxdan-çox müəyyən fəaliyyətlər olurdu. İndi dövlətin də bu işə əl qoyduğunu və dövlət başçısının da birbaşa diqqətində olan bir məsələyə çevrildiyini nəzərə alsaq, o zaman mən hesab edirəm ki, dövlət və cəmiyyətin birliyi ilə biz bu problemin həlli istiqamətində çalışmalıyıq.

Bir məqamı da qeyd edim ki, bu məsələ tək Qərbi Azərbaycandan olan soydaşlarımızın məsələsi kimi təqdim olunmamalıdır. Bu bütün azərbaycanlıların məsələsidir. Yəni, bu mövzuda təbii ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın daha çox fəallıq etməsi lazımdır və başa düşüləndir. Amma digər ərazilərdən olan azərbaycanlıların da bu məsələdə aktiv olması çox yaxşı olardı və biz bunu da müşahidə edirik. Necə ki, Qarabağ məsələsinin həll olunması üçün istər siyasi, istər iqtisadi, istər diplomatik, istər hərbi sahədə mübarizədə tək qarabağlılar deyil, bütün azərbaycanlılar bir yumruq kimi birləşdilər və 44 gün ərzində də nəticəni əldə elədik. Bu məsələdə də mən hesab edirəm ki, Azərbaycan Respublikasının vətəndaşları, dünyadakı soydaşlarımız bir yumruq kimi birləşib, Ermənistanın qarşısına tələb qoymalıdırlar və nəticəyə də nail olunmalıdır.

- Sizcə, bu mövzuda Qərbi Azərbaycan İcmasının üzərinə hansı vəzifələr düşür?

- Qərbi Azərbaycan İcmasının ümumiyyətlə yaradılması və prosesin həyata keçirilməsində dövlət başçısının da onların qarşısına tələblər qoyması, çox müsbətdir. Burada bizim kifayət qədər sanballı ziyalılarımız təmsil olunurlar. Həm ictimai, həm təhsil, həm elm, həm siyasi sferada olan millət vəkillərimiz, məsələn, mən Hikmət Babaoğlunun adını qeyd etmək istərdim və digər bizim tanınmış, hörmət göstərdiyimiz potensiallı insanlar cəmləşiblər və artıq qayıdış konsepsiyasıyla bağlı çalışmalar həyata keçirilir. Bunlar çox müsbətdir və mən düşünürəm ki, Azərbaycan Prezidentinin icma qarşısında qoyduğu vəzifələri onlar yerinə yetirə biləcəklər. Sadəcə olaraq, mən eyni zamanda düşünürəm ki, bu prosesinin həyata keçirilməsini təkcə Qərbi Azərbaycan İcmasından gözləməməliyik. Biz ancaq Qərbi Azərbaycan icmasının bu işi həyata keçirməli olduğu düşüncəsi ilə yanaşmamalıyıq. Bizim hər birimiz bu istiqamətdə istər Qeyri Hökümət Təşkilatları, istər media qurumlarımız, istər dövlət qurumlarımız, xaricdəki diaspora təşkilatlarımız və s. bütün hər bir kəs bu istiqamətdə çalışmalar həyata keçirməlidir. Yalnız  Qərbi Azərbaycan İcmasının üzərinə bu yükü qoymamalıyıq. Bu həddindən artıq böyük bir məsələdir. Bu həddindən artıq müqəddəs və nəhəng bir prosesdir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin, xaricdəki azərbaycanlıların, imkanı, gücü yetən hər bir fərdi, təşkilatı bu vəzifələrin icrası üçün çalışmalar həyata keçirməlidir.

- İndiyə qədər bu barədə verilən siyasi mesajların əhəmiyyəti nədən ibarətdir?

- Bu məsələdə ən önəmli mesajları biz təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dilindən eşitdik. Bundan əvvəl də prezident bu və ya digər şəkildə bu məsələ ilə bağlı öz fikirlərini, konseptual çıxışlarını təqdim edirdi və orada olan fikirləri cəmiyyətimiz üçün ciddi tezislər sayılan çıxışlar hesab edirəm. Amma bir neçə həftə bundan əvvəl Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə prezident bu məsələ ilə bağlı bir daha və daha ətraflı, geniş, hərtərəfli, bütün suallara cavab veriləcək şəkildə bir çıxış etdi. O çıxışda da verilən siyasi mesajların hesab edirəm ki, bizlər üçün problemin həlli istiqamətində çox böyük əhəmiyyəti olacaq.

Bundan sonra artıq bu problemlə elmi, ictimai, ideoloji, siyasi, təşkilati, iqtisadi, sosial və s. mədəni çalışmalar həyata keçirən şəxslərin də səsləndirdikləri mesajlar önəmlidir və ümumiyyətlə Qərbi Azərbaycan probleminin həlli, soydaşlarımızın ora qayıtması üçün  çox ciddi rol oynaya biləcəkdir. Bu sahədə olan siyasi mesajların, araşdırmaların, sanballı fikirlərin, önəmli strateji planların və s. cəmiyyətə davamlı şəkildə təqdim edilməsi lazımdır. Biz bu istiqamətdə siyasi mesajları həm daxili auditoriyamıza təqdim etməliyik, daxili auditoriyanı bu ətrafda tam formalaşdırıb təşkilatdırmaqdan ötrü, həm də beynəlxalq aləmə bu mesajları təqdim etməliyik. Bu mesajların əhəmiyyəti, problemin həlli məsələsində özünü bariz şəkildə göstərə biləcək.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31