Qərbi Azərbaycan İcmasının üzərinə düşən ən vacib məsələ mübarizənin sistemli, ardıcıl və nəticəyönümlü olmasına çalışmaqdır- MÜSAHİBƏ-ÖZƏL
13 Yanvar 2023 11:16 MüsahibəQərbi Azərbaycandakı soydaşlarımızın başlarına gətirilən fəlakətlərin miqyası və Vətənə qayıdış Konsepsiyası barəsində politoloq Anar Əliyev ilə həmsöhbət olduq:
- Azərbaycanlıların Qərbi Azərbaycan ərazilərindən deportasiya edilməsi çox uzun bir tarixi dövrü əhatə edir və bir neçə mərhələdə erməni terroristləri, eyni zamanda, onların havadarları vasitəsilə həyata keçirilib. Ümumilikdə götürdükdə, azərbaycanlıların Qərbi Azərbaycan ərazilərindən qovulması, onlara qarşı soyqırım, terror, qətliamların həyata keçirilməsi, yüzminlərlə azərbaycanlıların öldürülməsi ilə, eyni zamanda, yüzminlərlə insanlarımızın öz dədə-baba yurdlarını tərk etməsi ilə yekunlaşıb.
Azərbaycan ərazilərinə ermənilərin kütləvi köçü məhz 1828-ci il Türkmənçay müqaviləsi imzalandıqdan sonra Qacarlar dövlətindən və Osmanlı imperiyasından Cənubi Qafqaza bu köçün təşkili ilə başlayıb. Ermənilərin kütləvi şəkildə bu ərazilərə köçürülməsi azərbaycanlıların torpaqlarının, kəndlərinin, yaşayış məskənlərinin əllərindən alınması və onların öz dədə-baba yurdlarından qovulması ilə nəticələnib. Məhz Rusiya imperiyasının dəstəyi ilə bölgə əhalisinin tərkibinin dəyişdirilməsinə istiqamətləndirilmiş bu addım qısa müddət ərzində Qərbi Azərbaycan ərazisində etnik tərkibə ciddi şəkildə təsir göstərərək, erməni əhalisinin sayının artımına gətirib çıxarır.
Bir faktı xatırlatmaq istəyirəm. Türkmənçay müqaviləsi imzalandıqdan bir il sonra 1829-cu ildə Rusiya imperiyasının məmuru, tədqiqatçı İvan Şopen bölgəyə göndərilərək, İrəvan, Naxçıvan və Ordubad ərazilərində, indiki Zəngəzur, Göyçə vilayətlərində əhalinin etnik tərkibinin araşdırmasına başlanılıb. Məhz bu araşdırmalar nəticəsində İvan Şopen sonradan geniş bir təqdimat hazırlayıb. "İnzibati-siyahıyaalınma" adlanan bu təqdimatda yerli əhalinin təxminən 80%-ə yaxın hissəsinin türklər, azərbaycanlılar, müsəlmanlar təşkil etdiyini, təxminən 20%-dən artıq hissənin xristianların təşkil etdiyini bəyan edirdi. Hətta İvan Şopenin "İnzibati-siyahıyaalınma" sənədlər toplusunda belə "erməni azlığı" deyil, "xristianlar" qeyd olunsa belə, həmin təbəqə yerli əhalinin təxminən 20%-dən bir qədər artığını təşkil edirdi. Baxmayaraq ki, İvan Şopen xristianlar adı altında bütün etnikləri birləşdirməklə, erməni sayının azlığını gizlətməyə çalışırdı. Çünki bildiyimiz kimi, məhz həmin ərazilər Rusiya ordusu tərəfindən işğal olunduqdan sonra bölgəyə çar Rusiyasının mərkəzi vilayətlərində yaşayan digər xristian dininə mənsub millətlərin nümayəndələri köçürülmüşdür. Tatarların, rusların hesabına artıq bölgədə etnik tərkibdə ciddi dəyişikliklər baş vermişdir və məhz həmin millətin nümayəndələri də ermənilərlə birgə xristianlar adı altında birləşdirilərək təqdim olunurdu. Ermənilər isə həmin araşdırma dövründə orda yalnız bir neçə faizi təşkil edə bilərdi.
Bundan əlavə, 1877-1878-ci illərdə Rusiya-Osmanlı imperiyası arasında müharibənin nəticəsi olaraq imzalanan "Berlin" müqaviləsini qeyd etmək istəyirəm. Həmin müqaviləyə Fransa kimi böyük imperialist dövlətlərin iddiası, tələbi əsasında 61-ci maddə - erməni məsələsi əlavə olunub və həmin maddə ilə Qacarlar və Osmanlı imperiyasından Cənubi Qafqaza ermənilərin köçürülməsi və onların hüquqlarının qorunması, onlara geniş torpaqların verilməsi, yaşayış məskənlərinin salınması ilə bağlı bənd əlavə edilir. Bu siyasətin nəticəsi olaraq, qısa müddət ərzində Qərbi Azərbaycan ərazisində milli etnik tərkib ciddi şəkildə dəyişdirilir və erməni əhalisinin sayı sürətlə artırılır.
Bu proseslərin davamı olaraq ermənilər tərəfindən və onların havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı kütləvi deportasiya və soyqırımlar həyata keçirilməyə başlanılır. Azərbaycanlılara qarşı həyata keçirilən bu deportasiya ümumiyyətlə 3 mərhələni əhatə edir. XX əsrdə 3 mərhələdən ibarət olmaqla yüzminlərlə azərbaycanlılar öz dədə-baba yurdlarından qovulub, qətlə yetirilib.
Birinci mərhələ, 1905-1920-ci illəri əhatə edir və həmin dövrdə Zəngəzurda, Göyçədə, Qarabağ ərazilərində, İrəvanda bəzi məlumatlara görə, 150-200 min arası azərbaycanlı, müsəlman qətlə yetirilib. Onminlərlə, yüzminlərlə insan ərazidən qovulub, deportasiya edilib.
Eyni zamanda, ikinci mərhələdə, 1948-1953-cü illərdə, məhz Stalinin göstərişi əsasında azərbaycanlıların Qərbi Azərbaycandan qovulması və həmin ərazilərdə xarici ölkələrdən gətirilən ermənilərin yerləşdirilməsi siyasəti həyata keçirilib. Həmin ikinci mərhələ dövründə də, yüzminlərlə insanlarımız öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıb, onlara qarşı soyqırımlar, qətliamlar həyata keçirilib.
Üçüncü və sonuncu mərhələ isə, azərbaycanlıların tam indiki Ermənistan ərazisindən qovulma prosesi 1988-ci ildə başlayır və 1991-1992-ci illərdə yekunlaşır. Bu siyasətin nəticəsi olaraq, Ermənistan bu gün dünyada gülünc bir damğaya çevrilən mono-dövlətə çevrilir və məhz Ermənistanın mono-etnik tərkibə sahib dövlət olması Ermənistana çox ciddi beynəlxalq ictimaiyyətdə təzyiqlər edilməsi ilə yekunlaşmalı idi. Çox təəsüf ki, mövcud beynəlxalq siyasət, mövcud beynəlxalq münasibətlər sistemi və Ermənistanın havadarları Ermənistanı belə təzyiqlərdən qoruyub, saxlayıb. Məhz Ermənistanın həyata keçirdiyi bu deportasiyalar və bu deportasiyalara beynəlxalq ictimaiyyətin, keçmiş Sovet imperiyası rəhbərliyinin biganə yanaşmasının nəticəsi olaraq Ermənistan hakimiyyəti özünü daha rahat, daha arxayın hiss edərək, hüquqi məsuliyyətdən yayınacaqlarını düşünərək, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə və işğalçılıq siyasəti həyata keçirməyə başladılar. Məhz bunun nəticəsi idi ki, Qərbi Azərbaycan ərazilərindən 200 mindən çox azərbaycanlı qovulmaqla yanaşı, həm də Azərbaycanın Qarabağ bölgəsində, tarixi torpaqlarımızda, beynəlxalq müstəvidə tanınan ərazilərimizdə işğal faktı həyata keçirildi. 20%-dən artıq torpaqlarımız işğal olundu, 800 minə yaxın insanlarımız dədə-baba yurdlarından qovularaq, qaçqın və məcburi köçkünə çevrildi. Məhz azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi bu siyasətin nəticəsi olaraq, Azərbaycan xalqı uzun illər bir milyondan artıq qaçqın və məcburi köçkünə qucaq açmaq, onların ehtiyaclarının ödənilməsi istiqamətində addımlar atmaq məcburiyyətində qaldı.
- Sizcə, sonradan hansı amillər onların dədə-baba yurdlarına qayıtmalarına əngəl oldu?
- Azərbaycanlılara qarşı həyata keçirilən üçmərhələli düşünülmüş, planlı deportasiya nəticəsində azərbaycanlıların Ermənistandan son nəfərə kimi qovulması ilə yekunlaşdı və çox təəsüf ki, Ermənistanın həyata keçirdiyi aqressiv siyasət, milli, dini, etnik ayrı-seçkilik, diskriminasiya siyasəti, törədilən qətliamlar, soyqırımlar, azərbaycanlıların sonradan geri qayıdışına birmənalı şəkildə imkan vermədi. Məhz işğalçılıq siyasəti nəticəsində Ermənistanla Azərbaycan arasında münasibətlər düşmənçilik səviyyəsinə qalxdı. Məhz Ermənistanın atdığı bu addımlar nəticəsində bölgəmiz uzun illər ərzində münaqişə bölgəsi kimi qəbul edildi. Bir çox layihələrin həyata keçirilməsinin ya qarşısı alındı, ya uzun müddətə təxirə salındı, daha gecikmələrlə reallaşmış oldu. Daha çox zərbəni isə təbii ki, tarixdi bütün nümunələrdə olduğu kimi işğalçı tərəf olan Ermənistan çəkmiş oldu, bütün iqtisadi proseslərdən kənarda qaldı. Bölgənin iqtisadi cəhətdən ən geri qalmış dövləti məhz Ermənistandır. Baxmayaraq ki, havadarları tərəfindən ona çox ciddi iqtisadi maliyyə dəstəyi nümayiş etdirilir. Buna baxmayaraq, Ermənistan öz aqressiv, işğalçı siyasətindən əl çəkmir, azərbaycanlılara qarşı bu məkrli, diskriminasiya siyasətini davam etdirdiyi üçün, insanlar öz torpaqlarına qayıda bilmədilər.
- Necə düşünürsünüz, yeni dönüş yaxın gələcəkdə mümkündürmü?
- Azərbaycan xalqının, dövlətinin 2020-ci ilin sonlarında Vətən Müharibəsi ilə yaratdığı yeni reallıqların şərtlərinə uyğun olaraq, artıq Ermənistan işğalçılıq siyasətindən əl çəkmək və Cənubi Qafqaz ailəsinin bərabərhüquqlu üzvünə çevrilmək istiqamətində addımlar atmaq məcburiyyətindədir. Hesab edirəm ki, Ermənistanın tarixin səhnəsindən bir dövlət olaraq silinməsinin yeganə yolu məhz budur, Azərbaycanla, qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasından keçir və Ermənistan mövcudluğunu qoruyub saxlamaq istəyirsə, bu istiqamətdə addımlar atmalıdır.
Mən hesab edirəm ki, Ermənistan cəmiyyəti, hakimiyyəti bunu dərk edəcəksə, qısa müddət ərzində Azərbaycanla münasibətlər bərpa olunacaqsa, sülh müqaviləsi imzalanacaqsa, nəhayət, bölgəyə davamlı sülh gələcəksə, dədə-baba yurdlarından qovulmuş azərbaycanlıların da geri qayıtmaq imkanları yaranacaq və bu proses daha sürətli şəkildə həyata keçə biləcək. Amma Ermənistan yenə də indiki aqressiv siyasətini davam etdirəcəksə, hesab edirəm , Azərbaycan qərbi azərbaycanlıların hüquqlarının qorunması istiqamətində beynəlxalq müstəvidə mübarizəsini davam etdirməli və 10 Noyabr bəyanatının tələbinə uyğun olaraq, bölgəyə, yəni, yalnız Qarabağa deyil, həm də hazırkı Ermənistan ərazisindən qovulmuş qaçqınların geri qayıdışının təmin olunması istiqamətində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblər irəli sürəcək və buna nail olunması istiqamətində mübarizə davam edəcəkdir.
İlkin olaraq mən hesab edirəm ki, bu prosesin nəticəsi olaraq öz dədə-baba yurdlarından qovulmuş qərbi azərbaycanlılar geri qayıda biləcək, orada ləyaqətli həyatlarını davam etdirə biləcək və onların da hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində Ermənistan dövləti üzərinə götürdüyü öhdəliklərlə yanaşı, həm də Azərbaycan qanad rolunda çıxış edəcəkdir.
- Siz bu haqda soydaşlarımıza hansı yolu izləməyi məsləhət görürsünüz?
- Mən hesab edirəm ki, burada vacib məqam qərbi azərbaycanlıların daha ciddi şəkildə təşkilatlanması, beynəlxalq müstəvidə hüquqlarının təmin olunması ilə bağlı mübarizənin davamlı xarakter alması, eyni zamanda, tarixi faktların araşdırılaraq, həmin torpaqların Azərbaycan əraziləri olması ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması və dünyanın, dünya ictimaiyyətinin fakt qarşısında qoyulması, bundan sonra həmin faktlar əsasında azərbaycanlılara qar törədilən qətliamlar, soyqırımlar, deportasiya siyasətinin nəticəsi olaraq azərbaycanlıların oradan qovulması ilə bağlı məsələlər dünya ictimaiyyəti qarşısında qaldırıldıqdan sonra bu faktın, ədalətsizliyin, tarixdə analoqu olmayan bu deportasiya, milli etnik diskriminasiya faktının aradan qaldırılması istiqamətində addımların atılması tələb olunmalıdır və hesab edirəm ki, soydaşlarımızın bu mübarizəsi Azərbaycan dövlətinin böyük dəstəyi ilə və Prezident cənab İlham Əliyevin ortaya qoyduğu iradə ilə qısa müddət ərzində reallaşaraq, özünün müsbət nəticə ilə yekunlaşmasına gətirib çıxaracaq.
Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının üzərinə düşən ən vacib məsələ mübarizənin sistemli, ardıcıl və nəticəyönümlü olmasına çalışmaqdır.
Röyalə Xəyal