Xalqın vəkili xalqın içərisində olmalıdır- Rüfət Quliyev "Deputat vaxtı"nda
7 Oktyabr 2022 10:08 MüsahibəRüfət Quliyev: "Qohumlarım, eyni zamanda bəzi dostlarım məndən narazıdırlar"
"Çünki istədikləri qədər onlara diqqət yetirə, yaxud köməklik göstərə bilmirəm"
"OLAYLAR"-ın xeyli müddətdir başladığı və kifayət qədər oxucu marağı qazandığı "Deputat vaxtı" rubrikası davam edir. Rubrikamızın budəfəki qonağı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Danimarka, Hindistan, İtaliya, Moldova, Peru parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, millət vəkili Rüfət Quliyevdir. Rüfət Quliyevlə müsahibə üçün bir neçə dəfə vaxt müəyyən etsək də, lakin sonradan ortaya çıxan digər məqamlar, eləcə də zaman azlığı buna əngəl olurdu. Nəhayət ki, deputat Rüfət Quliyevlə görüşüb söhbətləşməyə nail olduq. Elə ilk sualımız da məhz zaman, vaxtla bağlı oldu.
-Rüfət müəllim, vaxtla ayaqlaşa bilirsinizmi?
-Çalışıram. Əgər kimsə deyirsə ki, bütün işlərə vaxt tapa bilir, zaman çatdırır, mən buna şübhə edirəm. İstər-istəməz hər bir insanın iş fəaliyyəti, elmi-siyasi fəaliyyətini tamamlamaq, çatdırmaq üçün vaxt az olur. Qeyd etdiyim kimi, ancaq bütün halda çallşıram.
-Siz dördüncü çağırışdır ki, Milli Məclisin deputatısınız. Maraqlıdır, Rüfət Quliyevin şagird olarkən, yaxud gənclik illərində deputat olmaq ideyası xəyalən heç ağlından keçibmi?
-Xeyr. Açığı gənclik illərində deputat olmaq arzum olmayıb. Ancaq onu da deyim ki, ali təhsil aldığım illərdə çox fəal olmuşam. O vaxt Komsomol Komitəsinin üzvü, bir neçə tələbə inşaat dəstəsinin rəhbəri olmuşam. Həmin o aktivlik gətirib ona çıxardı ki, mən özümü daha çox deputatlıqda gördüm.
-Deputat mandatı Rüfət Quliyevə nəyi qazandırdı, yaxud nəyi itirdiniz?
-Mən deputat seçilənə qədər elmi sahədə özümü təqdim edə, tanıda bilmişdim. 2004-cü ildə doktorluq dissertasiyamı müdafiə etdim, 5 ildən sonra professor adı aldım. Siyasətdə olanda, ictimai bir simaya çevriləndə gərək çalışasan ki, hansısa səhv buraxmayasan. Hətta xarici görünüş, geyim, insanlarla ünsiyyətdə də özünə bir çox məhdudiyyətlər tətbiq edirsən. Tələbəlik illərindən insanların içərisində olmağa, onlarla ünsiyyət qurmağa üstünlük vermişəm. Azərbaycan Texniki Universitetində müəllim kimi çalışdığım illərdə və hazırda da kafedra müdiri kimi hər zaman çalışmışam ki, insanlara, tələbələrə, magistrlərə düzgün yol göstərim. Onlara çatdıra bilim ki, həyatın məğzi, mənası nədir. Mən bundan, bu fəaliyyətimdən həzz alıram.
Ümumiyyətlə, cəmiyyətdə, ictimaiyyət arasında nə qədər çox tanınsan, bir o qədər də gərək özünü gözləyəsən. Yəni indi gənclik illərində olduğu kimi insanlarla zarafat etməkdə, davranışda, ünsiyyətdə özümə bir qədər məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıram. Lazımdır ki, bir qədər özümü cilovlayam, hisslərimə hakim olam. Onu da deyim ki, mən çox zarafatcıl, ironik insanam. Həyatımın ən ağır vaxtında belə mən hadisələrə, bütün məsələlərə ironik, fəlsəfi nöqteyi nəzərdən baxmışam. Bəzən elə olur ki, seçicilərim mənimlə görüşə gələndə özünü ələ ala bilmir, nəyəsə, hansısa hadisəyə görə əsəbləşir, yüksək tonda danışır. Buna baxmayaraq onlarla sakit tonda söhbət edirəm. Onlarla zarafat edərək, xoş ünsiyyət yaradaraq gərginliyi aradan qaldırıram. Eyni zamanda belə situasiyalarda seçicilərimə ənənəvi olaraq işlətdiyim məşhur kəlamı xatırladıram ki, mən sehirbaz deyiləm və qaldırılan problemi həmin dəqiqə həll etmək mümkün deyil. Problemi öyrənib, onu dərindən təhlil edib, ondan sonra həmin problemin köklü həll yollarını axtarmaq lazımdır.
-İşlərinizin çoxluğu dostlarla görüşünüzə məhdudiyyətlər yaratmır? Bu səbəbdən sizdən küsən, inciyən dostlarınız olubmu?
-Desəm ki, dostlarımla tez-tez görüşə bilirəm, onda yalan danışmış olaram. Ancaq çalışıram ki, istər məktəb, istər tələbə, istərsə də digər dostlarımla bu və ya digər formada əlaqə saxlayam. Ancaq təbii ki, bu da zamandan, gündəlik vaxtdan asılı olur. Onu da qeyd edim ki, dostlarla görüşüb bir stəkan çay, kofe içəndə belə ondan həzz alıram, bir qədər dinclik tapıram. Dostlarımın arasında müxtəlif kateqoriyadan olan insanlar var. Onların arasında vaxtı ilə mənimlə bir yerdə təhsil alan, hazırda nazir işləyənlər, icra hakimiyyəti başçıları, alimlər, müxtəlif dövlət strukturlarında çalışan şəxslər, universitet rektorları, mühəndislər, eləcə də sadə peşə sahibləri, heç bir vəzifəsi olmayan insanlar da var. Dostlarımın hər biri mənim üçün əzizdir. Mən heç vaxt dostlar arasında tutduqları vəzifəyə görə fərq qoymuram. Onların hər biri ilə ünsiyyət, görüş gənclik illərinin xoş xatirələrini, həmin günlərin ab-havasını yenidən yaşadır, o günləri yadıma salır. Bundan da mən həzz alıram.
-Dost sarıdan əhatə dairənizin geniş olması seçici problemlərinin həllində öz müsbət rolunu oynayırmı?
-Təbii. İnsanlar deyə bilməz ki, mən gəlib Rüfət Quliyevlə görüşdüm, problemimi ona çatdırdım, ancaq qaldırdığı məsələ elə kağız üzərində də qaldı, yaxud onu hansısa müvafiq instansiyaya çatdırmadım. Ümumiyyətlə, hər bir seçicini dinləyir, onun problemi ilə maraqlanır, mənim həll edə biləcəyim məsələdirsə, qısa vaxtlnda onun həllinə nail oluram. Təbii ki, bütün halda bu kimi məsələlər qanun çərçivəsində həllini tapır və qanundankənar, qanunların pozulması ilə nəticələnən hər hansı bir problemin həllindən söhbət gedə bilməz. Yox, problemin həlli məndən asılı deyilsə, onun yolunu göstərir, yaxud müvafiq qurumlar qarşısında onun həlli barədə məsələ qaldırıram. Sualınıza gəlincə, bəli, ictimai işlərimi görmək üçün dostlarımın imkanlarından istifadə edirəm. Onlara zəng vurub müəyyən xahişlər edirəm. Onu da qeyd edim ki, təkcə deputat seçildiyim 73 saylı Lənkəran seçki dairəsindən olan seçicilər deyil, digər rayonlardan olan vətəndaşlar da öz problemləri ilə bağlı mənə müraciət edirlər. Yaxud bir qayda olaraq Elmlər Akademiyasının bağında gəzərkən, oturub təmiz hava alarkən mənə yaxınlaşan insanları da dinləyib onlara məsləhət, istiqamət verirəm.
-Bəs, qohum-əqrəbanın problemlərini də həll edə bilirsinizmi?
-Bu çox ağır məsələdir.(gülür) Əvvəla onu qeyd edim ki, qohumlarla münasibətlərin qurulmasında böyük mərhələlər keçib. Hələ sahibkar olarkən qohum-əqrəbaya daha çox işlə təminat məsələsində, maddi durumunun yaxşılaşdırılmasında köməklik edə bilirdim. Bu gün isə onlara olan köməkliyim tamamilə başqa istiqamətdədir. Çünki onlar mənim üçün qohum olmaqla yanaşı, həm də seçicidirlər və çalışıram ki, onlara da bir deputat kimi hansısa məsələlərin həllində köməklik edim. Təbii ki, onlar içərisində məndən razı qalan, yaxud onlara göstərdiyim diqqqətin yetərincə olmadığını düşünüb narazı qalanlar da var. Ümumiyyətlə, bu gün dünyada kimdənsə tam razı olan var? Məncə yox. İnsanların arzusundan arzu doğur, onların tələbatları artır. Qısacası deyə bilərəm ki, qohumlarım, eyni zamanda bəzi dostlarım məndən narazıdırlar. Çünki istədikləri qədər onlara diqqət yetirə, yaxud köməklik göstərə bilmirəm. Hesab edirəm ki, bu da normal bir prosesdir və bunu başa düşmək lazımdır.
-Maraqlıdır, Rüfət Quliyevin gənclik illəri necə keçib? Kifayət qədər sakit biri olmuşunuz, yoxsa davakar?
-Bir daha təkrar edirəm ki, mən gənclik illərində aktivliyimlə xüsusi fərqlənmişəm. Təsəvvür edin ki, 4 tələbə inşaat dəstəsinin rəhbəri olmuşam. Komsomol kimi bütün tədbirlərdə fəallıq göstərib çıxışlar etmişəm. Eyni zamanda asudə vaxtlarımı da çox aktiv keçirmişəm. Bizim tələbə olduğumuz illərdə həftənin cümə, şənbə və bazar günləri gənclər üçün diskoteykalar təşkil edilirdi. Etiraf edim ki, orada da çox aktiv olmuşam. Bundan başqa Komsomolun nəzdində operativ nəzarət dəstəsi deyilən bir qurum vardı ki, onun da 4 il rəhbəri olmuşam. Hesab edirəm ki, valideynlərim mənə düzgün tərbiyə verdikləri üçün bu mövqeləri tutmuşam. Hər zaman çalışmışam ki, aktiv şəkildə insanların arasında olam. Sualınızın əsas istiqamətinə gəlincə, gənclik illərində hər zaman çalışmışam ki, kiminləsə münasibətlərimiz gərginləşəndə onu sülh yolu ilə həll edim. Yəni, heç vaxt dava-dalaş yolunun tərəfdarı olmamışam. İstənilən problemin sülhməramlı yolla həlli mənim daha çox xoşuma gəlir. Həyatda bir qayda olaraq hər zaman düzgün olmağa çalışmışam.
-Rüfət müəllim, sizin hərbi xidmət dövrünüz keçmiş ittifaq zamanına təsadüf edib. Bir qayda olaraq həmin illərdə hərbi xidmətdən gələn gənclər, əmi, dayı, yaxud qonşu iddia edirdi ki, hərbi xidmətdə generalın qızı ona aşiq olmuşdu, general ona orada qalmağı təklif etdi və s. Maraqlıdır, Rüfət Quliyevə də hərbi xidmət zamanı general qızı aşiq olubmu?
-Yox. Əvvəla onu qeyd edim ki, biz birbaşa zabit kimi qulluq etmişik və 3 aylıq xüsusi kurslar olub. Hazırda da ehtiyatda olan zabitəm. Hərbi xidmətdə motaatıcı taborun komandri olmuşam. Sualınızın məğzinə gəlincə, xeyr, hərbi xidmətdə olarkən nə general, nə də polkovnik qızı görmüşəm.
-Bəs, hərbi xidmət zamanı ittifaq ölkələrindən olan digər hərbi xidmət qulluqçuları ilə hansısa insidentlər, dava-dalaş olubmu?
-Biz elə bir universitetin məzunu idik ki, orada 60-dan artıq ölkədən tələbə təhsil alırdı. Ona görə də beynəlmiləlçilik bizim qanımızda idi. Ali təhsil alarkən Lomonosov küçəsində yerləşən yataqxanada qalırdım və təkcə elə bizim yataqxanada 20-25 ölkədən tələbə qalırdı. Ona görə də beynəlmiləlçilik bir növ bizim genetik qanımızda idi. Bu baxımdan bizdə sizin qeyd etdiyiniz problemlər yaşanmırdı.
-Bayaqdan müşahidə edirəm, deyəsən çox siqaret çəkirsiniz. Bu vərdiş sizdə "European Tobacco-Baku" ASC-yə rəhbərlik etdiyiniz vaxtdan qalıb?
-Xeyr. Mən 43 ildir ki, siqaret çəkirəm. İlk dəfə 1980-cı ildə siqaret çəkmişəm. Həmin il mən Moskvada ali məktəbə imtahan verirdim və həyəcandan bir dənə siqaret çəkdim. Beləliklə, 17 yaşımdan siqaret çəkməyə başladım.
-Siz təxminən 300-dən çox elmi əsərlər, bir neçə kitablar müəllifisiniz. Adətən hansı ortamda, sakit, yoxsa səsli-küylü yazmağa yazmağa üstünlük verirsiniz?
-Əvvəla onu qeyd edim ki, bəzən mənim bu qədər gərgin işlərimin qarşılığında elmi əsər, kitab yaza bilməyimə şübhə ilə yanaşan olurdu. Onların mənə olan şübhələri və hansısa mövqedə olmalarına cavab olaraq bildirmək istəyirəm ki, 1986-cı ildən elmlə məşğulam. 36 il kifayət qədər zamandır ki, alim kimi formalaşa, elmi əsərlər, kitablar yaza bilim. Ona görə də fəxr edirəm ki, elmdə öz sözümü deyən adamam. Düzdür, son 2-3 il ərzində yazmağa vaxt çatdıra bilmirəm. Əgər mən universitetdə kafedra müdiriyəmsə, hesab edirəm ki, artıq öz məktəbim var. Bu gün yenidən elmlə aktiv şəkildə məşğul olsam, o halda seçicilərimə, media nümayəndələrinə, digər ictimai işlərə vaxt çatdıra bilməyəcəm. Bütün bunlara baxmayaraq yenə də il ərzində bir neçə dənə çıxışlarım, elmi məqaələlərim olur.
-Gərgin, yaxud əsəbi olan vaxtlarınızda özünüzü necə sakitləşdirirsiniz?
-Zarafat, ironiya, sarkazmla. Kefimin pis vaxtı olanda dostlarıma zəng vurub onlarla zarafatla danışmağa başlayıram. Bir neçə dəfə görüşəndən sonra siz də görəcəksiniz ki, mən çox zarafatcıl adamam. Eləcə də toylarda, el şənliklərində bir qayda olaraq həm sözümü deyir, həm də orada iştirak edən yaxınlar, dostlarla zarafatımla qalmıram, aktiv oluram. Mənim həyat mövqeyim budur.
-Bəs seçicilərinizdən də sizi övladının toy məclisinə dəvət edəni olur?
-Bəli, dəvət edənlər olur. Vaxtım olanda həmin məclislərə gedirəm, vaxtım olmayanda isə hədiyyəmi göndərirəm. Ümumiyyətlə, hesab edirəm ki, xalqın vəkili xalqın içərisində olmalıdır. İnsanlarla təmas qurmalı, onlarla söhbət etməli, dost olmalıdır. Çalışmalıdır ki, hamıya yaxın olsun. Son 2-3 il ərzində isə rayona gedəndə daha çox şəhid ailələri, Qarabağ qaziləri, müharibə iştirakçıları ilə görüşməyə üstünlük verir, onların problemləri, qayğılarını dinləyirəm. Onu da deyim ki, dövlət də öz növbəsində kifayət qədər bu təbəqədən olan insanlara diqqət ayırır.
-Geyim məsələsində deyəsən bir qədər sərbəstliyi sevirsiniz. Daha doğrusu rəsmi geyim deyəsən bezdirir sizi...
-Etiraf edim ki, çox bezdirir. İstər müəllim, istərsə də deputat kimi daha çox idman stilində geyimlərə üstünlük verirəm. Çünki həmin geyimlərdə özümü daha rahat hiss edirəm. Kostyumda olanda istər-istəməz adam sıxıntı keçirir, özünü bir qədər tənzimləməli olur. Düzdür, sovet vaxtı da bəlli bir standart vardı. Kostyum, qalstuk. Ancaq indi bir qədər rəsmilikdən çıxıb sərbəst formada da geyinə bilirsən. Bəzən televiziya verilişlərinə də bir qədər sərbəst geyimdə çıxmağa üstünlük verirəm. Məlumat üçün qeyd edim ki, mənim CBC kanalında "Sahibkar saatı", eləcə də "Dünya iqtisadiyyatı və Azərbaycan" adlı iki verilişim var. Yay aylarında həmin verilişlərdə bəzi hallarda ağ, yaxud mavi rənglərdə kostyumla çıxmışam. O zaman görürəm ki, həmin geyim formaları insanların xoşuna gəlmir. Düşünürlər ki, rəsmi adamsansa, gərək qara kostyum, ağ köynək, qara qalstuk geyinəsən. Bizdə adamlar var elə bil ki, kostyumda doğulub və ömrünün sonuna qədər də kostyumda yaşayırlar.
-Özünüz hansısa bir məsələyə diqqət ayırmaq istərdinizmi ki, həmin məsələ barədə sizə sual vermədik?
-Sadəcə sonda fürsətdən istifadə edib rubrikanııza məni də qonaq kimi dəvət etdiyinizdən dolayı təşəkkür edirəm. Eyni zamanda gənc jurnalistlərə müraciət etmək istərdim ki, aktiv olsunlar, cəmiyyəti, insanları narahat edən problemlərdən yazsınlar. Onlara izah etsinlər ki, hər hansı bir problemin kökündə nə dayanır və onun həlli nədir.
Süleyman İsmayılbəyli